Murad Həsənli Leyboristlər partiyasında rəsmi vəzifəyə seçilib

Murad Həsənli Britaniya parlamentində keçirilən tədbirdə
Image caption Murad Həsənli (sağdan birinci) britaniyalı siyasətşi olaraq Azərbaycanla bağlı məsələlər də qaldıracağını deyir.

Azərbaycanlı Murad Həsənli bazar ertəsi Britaniya Leyboristlər partiyasının Londondakı Pimlico and Knightsbridge bölməsinin sədri və partiyanın London şöbəsinin İcra Komitəsinin üzvü seçilib.

32 yaşlı Murad Həsənli BBC Azərbaycancaya müsahibəsində Britaniyada siyasətə daxil olmasının səbəbləri və öz ambisiyaları haqda danışıb.

- Mən Britaniya siyasətində yerli səviyyədə beş ildən artıqdır ki, fəallıq göstərirəm və bu mənim Leyboristlər partiyasında ilk rəsmi vəzifəmdir. 2014-cü ildə bələdiyyə seçkilərində iştirak etməyə ümid bəsləyirəm. Mən partiyanın yerli bölməsinin inkişafı, üzvlərin sayının artırılması və bu ilki mer seçkiləri üçün kampaniya aparmaqla məşğul olacağam.

- Britaniyada siyasi fəaliyyətiniz zamanı Azərbaycanla bağlı məsələlər qaldıracaqsınız, yoxsa yalnız Britaniya işlərinə diqqət ayıracaqsınız?

- Əlbəttə ki, Azərbaycanla bağlı məsələlər üzərində işləyəcəyəm - Britaniya Azərbaycanda ən böyük sərmayəçidir və iki ölkə arasında münasibətlər mənim üçün çox əhəmiyyətlidir. Qarabağ problemi və Azərbaycan ərazilərinin davam edən işğalı ilə bağlı, eləcə də doğulduğum ölkədə insan haqları və demokratiya uğrunda kampaniya aparacağam. Mən həmçinin Azərbaycan Demokratik Assosiasiyasının direktoru və Avropada Azərbaycan Vətəndaşları Forumunun (FACE) idarə heyətinin üzvüyəm. Ona görə də, Azərbaycan hər zaman mənim fəaliyyətimin mərkəzində olacaq.

Ancaq əlbəttə ki, eyni zamanda daxili məsələlər - Britaniyada Mühafizəkarlar partiyasının rəhbərlik etdiyi koalisiya hökumətininin insanlar üçün yaratdığı çətinliklər və ictimai sektorda aşırı büdcə kəsirlərinin vurduğu ziyanlar mənim üçün prioritet məsələlər olacaq.

Leyboritslər partiyası üçün seçicilərin etimadını yenidən qazanmaq və hökumətə onun dağıdıcı siyasətinə görə etiraz etmək mühümdür. Mən Pimlico və Londonda insanlara xidmət göstərə biləcəyimə ümid edirəm.

- Azərbaycanda doğulmuş biri üçün Londonda Leybroistlər partiyasının rəsmi vəzifəsinə seçilmək necə bir hissdir?

- Mən bu vəzifəyə seçilməyimdən qürur duyuram - həm britaniyalı, həm də azərbaycanlı olaraq. Britaniyalı kimi hesab edirəm ki, qələbəm Britaniya cəmiyyətinin nə qədər proqressiv və tolerant olduğunu göstərir.

Azərbaycanlı kimi isə xalqımızın müsbət imicini irəli çəkməyimlə və Britaniyadakı icmamıza və eləcə də Azərbaycan cəmiyyətinə azərbaycanlıların real demokratiyada uğur qazanmasının mümkün olduğunu göstərə bilməyimlə fəxr edirəm.

Ümid edirəm ki, qələbəm korrupsiya və avtoritarlığın Azərbaycan cəmiyyəti və siyasətinin təbii vəziyyəti olmasına dair mifi alt-üst edəcək. Bizim Azərbaycanda fəxr edə biləcəyimiz demokratiya tariximiz var. Müsəlman dünyasında ilk sosial-demokratik partiya Himmət Bakıda Məmməd Əmin Rəsulzadə və Nəriman Nərimanov tərəfindən yaradılmışdı. Bu, 1904-cü ildə - Britaniya Leyboristlər partiyası dünyaya gəlməzdən çox-çox əvvəl baş vermişdi.

Ümid edirəm ki, Britaniyada uğurum Azərbaycan demokratik irsi və gələcəyi kontekstində görülür.