REAL Hərəkatı Quba hadisələrini "xalqın qələbəsi" adlandırır

İlqar Məmmədov

“Respublikaçı Alternativ” REAL Hərəkatının həmsədri İlqar Məmmədov Quba Rayon icra başçısının istefaya göndərilməsini “öz etirazlarını bildirmiş vətəndaşların qələbəsi” kimi qiymətləndirir:

“Bu yalnız və yalnız onların uğurudur”

Məmmədov deyir ki, icra başçısının istefasını “prezidentin müdrik addımı” kimi qiymətləndirilməməlidir:

“Burada dəyişiklik etmiş tərəf tələbkar və əzmli xalqdır”.

Onun fikrincə, bu hadisələrin yaranması yerli idarəetmə sistemindəki “böhranlı” vəziyyətlə bağlıdır.

“2012-ci ildə Azərbaycanda bələdiyyə idarəetmə sisteminin təməl olaraq qanunvericilikdə dəyişiklik edilməli və bələdiyyələrin səlahiyyətləri genişləndirilməlidir”,

Məmmədov BBC Azərbaycancaya aksiyadan çıxartdığı nəticəni izah edir.

Həmsədr dəyişiklikdən sonra “2013-cü ilin oktyabrında prezident seçkiləri ilə eyni zamanda bələdiyyə seçkilərinin keçirilməsini” zəruri sayır.

Politoloq qanunvericilikdə yenilik olmazsa, bu “hadisənin başqa rayonlara da təsir etməsi” ehtimalını düşünür:

“Bu cür keyfiyyətsiz məmurlar başqa rayonlarda da var.

Onlar təyin edildiyindən xalq qarşısında məsuliyyət hiss etmir”

"Siyasi mədəniyyət"

Məmmədov deyir ki, bu məsələ, həm də Azərbaycanda siyasi mədəniyyət baxımından da qiymət verilməlidir.

“Prezidentin yerdəki təmsilçisi xalqı tənqid edibsə, buna görə Ziya Məmmədov deyil, prezident özü üzr istəməlidir” deyən politoloq Azərbaycana bu mədəniyyətin gətirilməsinin “vacib olduğunu” vurğulayır.

Cümə axşamı REAL Hərəkatının həmsədri İlqar Məmmədov və üzvləri vəziyyəti öyrənmək üçün Qubaya səfər edib.

Onlar sakinlərlə rayondakı problemlər və onların tələbləri barədə danışıb.

Tarixcə

Martın 1-də Qubada minlərlə sakin sabiq icra başçısı Rauf Həbibovun “üzr istəməsi və istefaya göndərilməsi” tələbi ilə aksiya keçirib.

Qubada İcra hakiminin qubalılar haqda "nankorlar" ifadəsi işlətdiyi toplantı görüntülərinin yayılmasından sonra yerli əhali etiraz nümayişinə çıxıb.

Görüntülər ötən ilin noyabrın 22-də Qubada sosial problemlərlə bağlı tədbirdə çəkilib.

Həbibov videoda “Qubanı qubalıların satdığını, kimlərəsə qoşulduğunu və bütün bunları 30-40 manatlıq bazarlıq üçün etdiyini” iddia edib.

Etirazçılar BBC Azərbaycancaya eks-icra başçısının dövründə “süründürməçilik” və “Quba üçün heç nə etməməsi” kimi fikirlər bildirib.

Cümə günü prezident İlham Əliyev Həbibovun istefası barədə sərəncam imzalayıb.

Bu barədə daha geniş