Qış Parkı ətrafında söküntülər davam edir

Bazar ertəsi təxminən saat 4-dən Mirzağa Əliyev 193 ünvanında 150 kvadrat metrlik 3 mərtəbə obyekt özlərini Bakı Şəhər İcra Hakimiyyətinin işçiləri kimi təqdim edən fəhlələr tərəfindən sökülməyə başlanılıb.

Binanın sahibi Yasəmən Kərimova BBC Azərbaycancaya, obyektinin sənədləri olduğunu və ona ödənilən qiymətə satmaq istəmədiyini bildirib:

“İş məhkəmədir, qərar hələ verilməyib, İcra Hakimiyyətinin adamları isə hazırda lom və bel ilə qapını və pəncərələri sökürlər”.

Kərimova fəhlələr tərəfindən bir neçə dəfə “vurulduğunu” da deyir.

Kərimovaya köməyə gələn sakin Əli Rza Muxtar da “döyüldüyünü və telefonunun sındırıldığını” deyir.

“Polisə xəbər etdim, lakin 21 saylı Polis Şöbəsinin əməkdaşları gəlib maşından düşmədi və bizi bölməyə aparmaq istədi. Onlardan evi sökməyə icazə verməməyi istədik, onlar da gülüb getdi”,

Rza Muxtar BBC Azərbaycancaya “köməksiz qaldıqlarını” bildirir.

Bu ərazi 2013-cü ildə tikilib bitəcək “Qış Parkı”na birbaşa aidiyyatı olmasa da, onun ətrafındadır.

Sakinlər BŞİH-dən bu ərazidə otel və əyləncə mərkəzlərinin tikiləcəyini bildirir.

Ərazilərin boşaldılması üçün sakinlərə kvadrat metr üçün 1500 manat ödənilir.

Bu ərazidə yaşayanlar deyir ki, mərkəzdə yaşadıqlarından bu ərazinin bir kvadrat metrinə 3500-4000 manat verilməlidir.

Bu barədə daha geniş