Bakıda gənclərin mitinqi sona çatıb

Etiraz

Bayılovda keçən gənclər mitinqinin sonundakı konsertdə reper Camal Əlinin mahnısı ilə bağlı mübahisə ardınca o və bir neçə adam polis tərəfindən saxlanılıb.

Aksiya təşkilatçıları təxribata uymayaraq mitinqin ahəngli şəkildə sona çatdırmağa səsləyiblər.

“Gənclərin Hüquqlarının Müdafiə Komitəsinin İdarə Heyəti olaraq qabaqcadan nəzərdə tutulmamış xoşagəlməz hallara görə mitinq iştirakçılarından üzr istəyir və polisin mitinq iştirakçılarının təhlükəsizliyini təmin etməməsini pisləyirik", - deyilir mitinqdən sonra təşkilatçıların adından yayımlanan bəyanatda. - Baş vermiş hallara baxmayaraq mitinq tərəfimizdən uğurlu baş tutmuş hesab edilir”.

Hadisə yerində olan BBC müxbiri nümayişin keçdiyi ərazidə 4 polis avtobusunun gətirildiyini xəbər verir.

Mitinqin əvvəlindən ətrafda olan hüquq-mühafizəçiləri hadisələri kənardan izləyiblər.

Yerli vaxtla saat 3-də başlayan gənclər qurumlarının təhsil sistemindəki durum və hökumətin siyasəti ilə bağlı mitinqi meriyanın icazəsi ilə keçirilib.

Nümayişin təşkilatçıları tədbirin başqa iştirakçılar üçün də açıq olduğunu elan ediblər.

20-ci sahədəki sürücülük məktəbinin həyətində keçən aksiya iştirakçıları Azərbaycan bayraqlarını dalğalandırıblar.

Tələblərini dilə gətirən etirazçılar, “Bizə Eurovision yox, Qarabağ lazımdır!” və “Siyasi məhbuslara azadlıq” şüarlarını nümayiş etdiriblər.

Mitinqin sonunda qəbul olunmuş qətnamədə siyasi məhbusların azad olunması, korrupsiyanın qarşısının alınması və azad toplaşma haqqının təmin olunmasına çağırılır.

Contact.az saytı tədbirə 1500-2000 min adamın qatıldığını bildirir.

Mitinqi təşkil edən Gənclərin Hüquqlarını Müdafiə Komitəsi tədbirdə iki minə yaxın adamın iştirak etdiyini bildirib.

Prezident administrasiyasının nümayəndəsi mitinqə 250-300 adamın gəldiyini bildirərək Azərbaycanda etiraz elektoratının olmadığını deyib.

“İnternetdə və sosial şəbəkələrdə elan edilməsinə baxmayaraq, müxalifət təşkilatlarının aksiyasına 250-300 nəfərdən çox adam gəlmədi. Bu, bir daha sübut edir ki, müasir Azərbaycan gəncləri müxalifət partiyalarını hazırkı hakimiyyətə alternativ görmür", - Trend agentliyində Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun şərhindən iqtibas gətirilir.

Bu barədə daha geniş