Seth Cropsey: Ağ Ev İranla “müharibə istəmir”

Cropsey

“Əgər Obama administrasiyası Azərbaycanın öz aerodromlarını İrana qarşı istifadə məqsədilə İsrailin üzünə açması barədə mümkün razılaşmadan agah olsaydı, bunu çox güman ictimailəşdirərdi. Çünki, administrasiya İranla müharibə istəmir”.

Bunu Vaşinqtonda mənzillənən Hudson İnstitutunun baş əməkdaşı, Prezident Ronald Reagan və George H. Bush Administrasiyalarında Hərbi Dəniz Qüvvələri komandanının köməkçisi vəzifəsində çalışmış Seth Cropsey BBC-Azərbaycancaya müsahibəsində deyib.

Hərçənd, cənab Cropseyə görə, “son bir həftədə bu mövzuda gedən müzakirələr yalnız spekulyasiyadır”, reallıqda Bakı ilə Təl-Əviv arasında anlaşma olub-olmadığı aydın deyil.

İsrailə xəbərdarlıq, yoxsa “ağıllı hazırlanmış mülahizə”?

“Bu kimi vəziyyətlərdə ölkələrin nə düşündükləri ətrafında spekulyasiya etmək çətin olardı. Mümkündür ki, Azərbaycanla İsrail öz aralarında işlə bağlı məxfi razılaşmaya gəliblər, lakin artıq bu məxfilikdən əsər-əlamət qalmır”, deyib cənab Cropsey.

Onun təbirincə, İranla ciddi problemlər yaşayan Azərbaycanda son illər islamçıların baş qaldırma ehtimalı xüsusi narahatlıq doğurur. Öz növbəsində, Tehranda İran azərbaycanlılarının artan nüfuzu qəbul edilmir və bir qayda olaraq bunda Bakı günahlandırılır.

“İranla səhnəarxası yaşadığı gərginliklər Azərbaycanı İsrailə yönəlməyə vadar edə bilər və belədə iki ölkənin birgə maraqları uğrunda razılaşmaya gəlmələri də inandırıcı görünür”, deyib təhlilçi.

“Öz növbəsində, okeanın bu hissəsində prezident seçkiləri ilində rəsmilərin İsrailin İrana qarşı güc işlədə biləcəyindən ciddi narahatlıqlar var və Administasiya hər vəchlə müttəfiqini bundan çəkindirməyə çalışır. Bütün bu amillər göstərir ki, Foreigh Policy məcmuəsində Bakı ilə Təl-Əviv arasında mümkün anlaşma barədə yazılanlar həqiqət deyilsə, sadəcə ağıllı hazırlanmış mülahizədir”, əlavə edib cənab Cropsey.

Strateji planlaşdırılma olmalıdır

Ancaq Vaşinqtonda İrana qarşı hücumun əleyhdarlarını başqa bir sual ciddi düşündürür. Alternativ nədir?

“Davakar davranışlı Tehranın nüvə silahına yiyələnməsi təkcə ABŞ-ın regional maraqlarına deyil, Yaxın Şərqdə və Mərkəzi Asiyada sabitliyə hədədir. Qorxu yalnız birbaşa nüvə hücumunda yox, İranın nə dərəcədə bu silahdan istifadə etmək və bütövlükdə regiona özünü diktə etmək arzusunda olmasındadır”, deyib cənab Cropsey.

Onun təbirincə, bu, böyük strateji təhlükədir və bütövlükdə dünya birliyinə təsir göstərəcək. Bu səbəbdən də İran nüvə silahına malik olmamalıdır.

“Müharibəni, qan axıdılmasını heç kəs istəmir və istəməli də deyil. Ancaq İranın güclənməsinə qarşı Mərkəzi Asiya və Yaxın Şərq ölkələri ilə birlikdə, və yaxud bu ölkələr öz aralarında buna qarşı əməkdaşlıq etməlidir.

Orada ümumi maraqların ciddi strateji planlaşması olmalıdır”, deyib təhlilçi.

İsrail silahı ilə Qarabağ döyüşü?

Bəs İsrail texnologiyalarına yiyələnən Azərbaycanda rəsmilər silahlarını Dağlıq Qarabağda sınaqdan keçirmək fikrinə düşsələr, onda necə?

Cənab Cropseyə görə, bu sualın cavabı son dövrlərdə Bakıya satıldığı iddia edilən silahların növündən çox asılıdır, belə ki, texnika qeyri-döyüş məqsədli də ola bilər.

“Dövlətlərarası silah satışı və müdafiə xarakterli anlaşmalar bir çox hallarda adi tankların təmiri üçün istifadə olunan alətləri, məsələn, mərmi, hərbi-tibbi ləvazimatları ehtiva edir.

Konkret olaraq bu vəziyyətdə biz Azərbaycana nə satıldığından xəbərsizik”, deyib təhlilçi.