FH: Ermənistanda media azad deyil

Freedom House Fotonun müəllifi BBC World Service

Bu barədə ABŞ-da mənzillənən Freedom House qeyri-hökumət təşkilatının son hesabatında bildirilir.

Hesabat 2011-ci il hadisələrinə əsaslanır və 2010-cu illə müqayisədə “Medianın azadlığı” göstəricisinin dəyişmədiyi qeyd olunur.

Hesabata əsasən, Ermənistanda media azadlığı səviyyəsi 65 balla qiymətləndirilib.

Bu göstərici ilə Ermənistan dünya ölkələrində media azadlığı səviyyəsini əks etdirən siyahıda Anqola ilə Pakistan arasında 149-cu yeri tutur.

Ermənistan medianın qeyri-azad olduğu ölkə kimi 2002-ci ildə müstəqil “A1+” televiziya şirkəti yayım hüququndan məhrum edildikdən sonra təsnif edilir.

Bundan qabaq Ermənistan qismən azad mediası olan ölkələr sırasına daxil edilirdi.

Freedom House təşkilatı “Dünyada medianın azadlığı” hesabatını mayın 1-də açıqlayıb.

Media azadlığı göstəricisi üzrə, Freedom House təşkilatın hesabatına əsasən, 197 ölkə arasında 66 - azad, 72 – qismən azad və 59 – qeyri-azad hesab edilir.

Bu göstərici üzrə dünyanın ən qeyri-azad ölkəsi 97 balla Şimalı Koreya hesab edilir.

Cənubi Qafqaz ölkələrindən yalnız Gürcüstanda media sahəsində müsbət əlamətlər görünür. Son il ərzində bu ölkə öz göstəricisini 3 ball artırıb və 55 balla qismən azad ölkələr sırasındadır.

Azərbaycan hesabatda 172-174-cü yerləri bölüşür.