Azərbaycanda xarici teleseriallar niyə "qadağan" edilir?

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Azərbaycanda televiziya izləyiciləri çərşənbə günündən etibarən xarici teleserialları yalnız “kabel, çanaq antena və internet” üzərindən izləyə bilər.

Səbəb, Milli Televiziya və Radio Şurasının (MTRŞ) milli teleyayımçılarına xarici serialları yayımlamaq hüququna qadağa qoymasıdır.

MTRŞ yeni qaydanın məqsədini “gənc nəslin mili şüurunun, tərbiyəsinin yüksəldilməsi” ilə izah edib.

Bu barədə şura sədri Nuşirəvan Məhərrəmli təxminən bir ay əvvəl yerli mediaya bildirib:

"Bizim gənc nəsil xarici seriallar ruhunda tərbiyə olunmamalıdır”.

"Mənəvi zərər"

Xəzər Televiziyasının baş məsləhətçisi Qulu Məhərrəmli deyir ki, onlar “heç bir maliyyə itkisi ilə üzləşməyib”.

“Xəzər TV filmləri həftəlik tərcümə edirdi və qadağa xəbəri bir ay öncədən məlum olduğundan müəyyən addımlar atılıb”, Məhərrəmli BBC Azərbaycancaya bildirir.

Lakin o televiziyanın “mənəvi zərərə məruz qala biləcəyini” ehtimal edir.

“Xəzər də digər müstəqil TV-lər kimi tamaşaçı marağını lazımi şəkildə qoruya bilmədi. Bu baxımdan serialların dayandırılması tamaşaçıların müəyyən qisminin itirilməsinə səbəb ola bilər”

"Senzuradır"

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Media Hüququ İnstitutun rəhbəri Rəşid Hacılı xarici serialların yayımına qadağanı “senzura” hesab edir.

Hacılı BBC Azərbaycancaya bildirib ki, “Hansısa verilişi birmənalı olaraq heç bir bəraət olmadan qadağan etmək nəticə etibarilə senzuradır”

O, həm də yeni qaydanın “televiziyaların dublyaja xərclədiyi vəsaitinin itirilməsi” olduğunu düşünür.

Hər kanala beş milyon ayrılıb

Ötən ilin sentyabrında milli televiziya filmlərinin çəkilişinə dəstək məqsədilə prezident İlham Əliyev beş milyon manat ayırıb.

Şura bildirib ki, bu məbləğdən yeddi telekanalın hər birinə 300 min manat verilib.

Yerli serial istehsalı

50 seriyalı təxminən 25 dəqiqəlik “Cavanlıq” teleserialı bu ilin martından hər həftənin şənbə günləri yayımlanır.

Hələlik 8 seriyası təqdim edilən serialı PİK Production (prodakşn) hazırlayır.

Prodakşnın direktoru Emin Abdullayev deyir ki, yeni tətbiq edilən qayda yerli istehsalçılarına serial sahəsində inkişaf etdirməyə imkan verəcək.

“Biz elə filmlər hazırlamağa çalışırıq ki, tamaşaçılar onları xarici kanallara dəyişməsinlər”.

Serialın quruluşçu rejissoru Türkiyəli Osman Albayrak BBC Azərbaycancaya serial barədə danışır:

“Gənclərin hekayəsini- məhəbbət, dərs, mübahisələrini, vəziyyətlərini çəkirik”

Onun fikrincə, Azərbaycan “film sahəsində gözəl işlər görsə də, seriallarda yenidir, lakin bu sahədə sıçrayış görünür.”

"Cavanlıq" serialında həm aktyor, həm də rejissor köməkçisi kimi çalışan Orxan A.TA Azərbaycanı “istedadlar baxımından fərdlər ölkəsi” hesab edir:

“Azərbaycanda istedadlı rejissor, ssenarist, səs rejissorları var”, lakin “təcrübə əskikliyi” mövcuddur.

Onun fikrincə, bu “istedadların” təcrübə toplaması üçün “ən yaxşı variant xarici mütəxəssisləri dəvət etmək və birgə işləməkdir”

Yerli seriallara "yol"

Rəşid Hacılı əlavə olaraq bildirir ki, yeni qaydanın tətbiqində əsas məqsəd yeni çəkiləcək seriallara yol açmaqdır.

Onun fikrincə, bütün kanallar eyni səviyyədə teleserial hazırlaya bilməyəcək:

“Bu da, TV məhsullarının keyfiyyəti ilə bağlı çoxsaylı problemlər doğuracaq”, Hacılı qeyd edib.

Yeni qaydanı tətbiqi üzrə monitorinq aparacağını bildirən MTRŞ isə bu qərarın serial sektorunu inkişaf etdirəcəyini deyib.

Aprelin 30-a qədər yerli televiziyalarda iyirmi teleserial (13 türk, 7 hind və latın) yayımlanıb.

Bu barədə daha geniş