Zaqatala və Balakəndə zəlzələ baş verib

Balakəndə zəlzələ
Image caption Balakəndə evlərin divarları çatlayıb. Foto: Kəmalə Xəlilova

Bazar ertəsi Zaqatalada və Qaxda 7 bal gücündə zəlzələ baş verib.

İcra Hakimiyyəti başçısının birinci müavini Elman Ramazanov APA-ya bildirib ki, zəlzələ nəticəsində bir sıra kəndlərdə və şəhər mərkəzindəki bəzi tikililərdə dağıntılar qeydə alınıb və hazırda dağılmış evlər siyahıya alınır.

Zaqatala rayon Aşağı Tala kənd sakinlərinin APA-nın yerli bürosuna verdiyi xəbərə görə, kənddə fəaliyyət göstərən 3 saylı orta məktəbdə çatlar əmələ gəlib. Həmçinin orta məktəb binasının şüşələri qırılıb. Nəticədə bir neçə şagird xəsarət alıb.

Bəzi məlumatlara görə, məktəbdə elektrik xətti partlayıb, şagirdlərdən biri qorxudan huşunu itirib.

Respublika Seysmoloji Xidmət Mərkəzi Şəki, Oğuz ,Qazax Tovuz və digər rayonlarda 2-5 bal arasında yeraltı təkanlar baş verdiyini deyib.

Balakəndə zəlzələ

Zəlzələ Balakən rayonunda da hiss olunub və şahidlərin dediyinə görə, bəzi evlərin divarlarında çatlar əmələ gəlib.

Rayon sakini Kəmalə Xəlilova BBC Azərbaycancaya zəlzələnin baş verdiyi anı təsvir edib: "Evdə idim, birdən çilçırağın, tavanın və döşəmənin yelləndiyini gördüm".

Onun dediyinə görə, iki və daha artıq mərtəbəli binalardakı mənzillərə daha çox zərər dəyib, "həyət evlərində" isə çatlar iz buraxıb. "Bəzi evlərdə mebellərə ziyan dəyib və qablar qırılıb".

“Hazırda mən Zaqatala rayonundayam. Rayon mərkəzinə baxış keçirdikdən sonra indi kəndlərə gedirik. Rayonda zəlzələ nəticəsində insan itkisi olmayıb, ağır xəsarət alan da yoxdur” - bunu APA-ya açıqlamasında Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib.

Nazirin sözlərinə görə, bir neçə kənddə köhnə tikintilərə zərər dəyib, bəzi evlərdə çatlar əmələ gəlib: “İstər rayon mərkəzində, istərsə də kəndlərdə xüsusi dağıntılar, kütləvi şəkildə evlərin uçması kimi hadisələr baş verməyib. Hazırda zərər çəkmiş tikililərin qeydiyyatı aparılır. Bu cür tikililərin sayı və dəymiş ziyan müəyyənləşdirildikdən sonra bu barədə ətraflı məlumat veriləcək”.

Bu barədə daha geniş