Morningstar necə səfir olacaq?

Richard Morningstar Fotonun müəllifi BBC World Service

Son illərdə Azərbaycan siyasi səhnəsinin ən fəal oyunçularından biri kimi tarixdə qalacaq Amerika səfiri Matthew Bryzanı - başqa bir tarixi diplomat əvəz edəcək.

Ona görə tarixi deyirik ki, Richard Morningstar Bakıya nominasiya edilənə qədər Birləşmiş Ştatların Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi kimi yüksək vəzifə daşıyırdı.

Vaşinqtondakı Carnegie Fondunun Qafqaz üzrə tanınmış analitiki Tomas de Waal hesab edir ki, belə yüksək vəzifəli şəxsin Bakıya təyinatını görünür, Azərbaycan tərəfi istəyib.

Amerika tərəfi, onun fikrincə,”öz növbəsində, Morningstarın namizədliyi ilə son illər özündən narazı saldığı Bakının könlünü almağa çalışır”.

İqtisadiyyat, Qarabağ, indi də enerji?

Təkcə Morningstar deyil, ümumilikdə son 6 ildə ABŞ-ın Azərbaycanda təmsil etmiş səfirlər rəsmən ali rütbəli xarici əlaqələr xidmətinin peşəkar diplomatı sayılırlar.

Vaşinqtonda çoxları diqqəti belə bir məqama çəkirlər ki, cənab Bryzadan öncə Bakıda çalışmış səfir Ann Derse karyerası boyunca ilk növbədə iqtisadi problemlərlə məşğul idi və onun təyinatı dövründə Azərbaycana münasibətdə Vaşinqtonun başlıca qayğısı da iqtisadi məsələlər - bpyük neft gəlirlərinin xərclənməsinə nəzarət mexanizmi yaratmaq idi.

Uzun illər Misnk Qrupunda çalışmış səfir Matthew Bryza isə Qarabağ və regional münaqişələrə daha çox diqqət ayırırdı və Prezident Barak Obama onun nominasiyasını 2010-cu ilin mayında - Ermənistan-Türkiyə-Azərbaycan münaqişələrinin həllinə Vaşinqtonun daha yaxından vaxt ayırdığı dövrdə irəli sürmüşdü.

Lakin əvvəlcə erməni icmasının Bryzanın namizədliyini əngəlləməsi, sonradan isə erməni-türk protokollarının əhəmiyyətini itirməsi, eləcə də Qarabağ dialoqlarında ardı-ardına bir neçə həlledici görüşlərin boşa çıxması ilə administrasiyanın Bryanın səfirliyi də dəstək azaldı və demokrat prezident Obama öz namizədini demokrat senatorlara keçirə bilmədi.

Səfir Mornigstarın karyerası isə daha çox enerji ilə bağlıdır və Ağ Ev onun nominasiyasını indi - Xəzərin enerji yataqlarının Avropaya nəqli uğrunda regional mübarizənin aktivləşdiyi məqamda irəli sürüb.

Bryza nə düşünür?

Lakin burası da var ki, cənab Morningstar öz karyerası ərzində sadəcə enerji yox, ekstremal şəraitdə iqtisadi problemlərin çözümü ilə də məşğul olub. Vaşinqton səfir Morningstarın istedadından daha çox fövqəladə məsələlərin həllində istifadə etməyə çalışıb. Onun ötən il Mərkəzi Asiya, Türkiyə və Azərbaycana ezamiyyətləri məhz enerjidən daha çox, regional problemlər ilə bağlı idi.

Səfir Mornigstarın karyerasının əvvəllərində Amerikanın Avropa İttifaqındakı nümayəndəliyinin başçısı olması isə ondan xəbər verir ki, Vaşinqton siyasi baxımdan Avropaya daha çox bağlı olan Qafqaz bölgəsinin iqtisadiyyatca ən güclü ölkəsində məsələləri transatlantik miqyaslarda analizinə qadir olan bir diplomat görmək istəyir.

“Koordinator vəzifəsində Morningstar Amerika-Azərbaycan münasibətlərinə və ABŞ-ın bütün region dövlətlərində maraqlarına yaxından cəlb olunmuşdu. Bu, ona Azərbaycanda çox müsbət rol oynamaq imkanı verir”, bunu səfir Bryza prezidentin yeni nominantı barədə deyib.

“Morningstar ən yaxşı seçimdir”, əlavə edib sabiq diplomat BBC-Azərbaycancaya müsahibəsində.

“Mən əminəm ki, yeni səfir bizim Bakıda başlayıb davam etdirdiimiz bir çox işlərin sona çatdırılmasına nail olacaq. Onun qarşısında Minsk qrupunun fəaliyyəti, Xəzərdə təhlükəsizlik, Enerji, Əfqanıstanın təchizatı vəzifələri durur”, cənab Bryza əlavə edib.

Morningstarın “sələfləri”

Fotonun müəllifi AP

Cənab Bryzanın nikbinliyini illər öncə Bakıda çlışmış digər ABŞ elçiləri – səfir Ross Wilson və Robert Finn də bölüşürlər.

“Morningstar Azəbaycan əlaqələri yüksək səviyyədə bərpa edəcək, bu da ikitərəfli münasibətlərin dəstəklənməsi üçün Amerika diplomatiyasını daha yaxşı təşkil etməyə imkan verəcək. Əminəm ki, o, bütün bu problemləri məsuliyyətlə həll edəcək”, deyib hazırda Vaşinqtondakı Atlantika Şurasında çalışan səfir Wilson BBC-Azərbaycaya müsahibəsində.

“Morningstar Bakıda yalnız energetikanın inkişafı ilə deyil, həm də regional siyasət, Dağlıq Qarabağ, demokratiya və insan hüquqları məsələləri ilə məşğul olacaq. Ümid edirəm ki, təcrübəli diplomat Morninqstar Senatda təsdiqlənərkən çətinliklərlə üzləşməyəcək”, -bunu isə ABŞ-ın Bakıdakı diplomatik missiyasının ilk rəhbəri olmuş Robert Finn BBC-Azərbaycancaya deyib.

Obama seçilməsə

Bəs təyinat prosesi necə olacaq? Senat ABŞ-da president seçkiləri ilində Morninsgstarın təsdiqinə vaxt tapacaqmı? Əgər tapmasa onda necə? Prezident Obama seçkini məğlub olsa, nə olacaq?

Bu suallara sabiq səfirlərin cavabı birmənalı deyil.

Wilsona görə, düzdür, Senatda təsdiq prosesi həmişə çox vaxt alır ancaq Morningstarın vəziyyətində bəzi istisnalar ola bilər, belə ki,” onu həm respublikaçılar, həm də demokratlar dəstəkləyir. Senatın bu namizədlik üzrə tez hərəkət edəcəyinə çox ümid edirəm”.

Cənab Finn isə hesab edir ki, əgər prezident Obama yenidən seçilməsə, qanuna görə, yeni prezident gələn il Bakıya başqa səfirin təyin olunması barədə qərar qəbul edə bilər.

Senat Komitəsi hazırlaşır

Öz növbəsində, Senatın Xarici Əlaqələr Komitəsindən BBC-Azərbaycana bildirilib ki, hazırda səfir Morningstarın nominasıyası üzrə komitə dinləmələrinin tarixi dəqiqləşdirilir: “Dinləmə böyük ehtimalla, önümüzdəki həftələrdə baş tutacaq”.

Bu həftə Komitə Obama administrasiyasının üst-üstə 6 ölkədə səfir görmək istədiyi namizədlərinin taleyini həll edəcək.

Lakin Morningstarın qovluğu senatorların masasına yetməmiş, Vaşinqtondakı Azərbaycan və erməni icmaları Senata təcili müraciət kampaniyasına start veriblər.

Azərbaycan icması səfirin tezliklə təsdiqlənməsinə çağırdığı halda, erməni diasporu Senatı vaxt amilinə təmkin göstərməyə və diplomatın yeni missiyaya hazırlığına əmin olmağa səsləyir.