Azərbaycanlı idmançıların Olimpiya arzuları

2012-ci il London Olimpiadasında Azərbaycanı təmsil edəcək bəzi favorit idmançılarla bağlı maraqlı faktlar, həmçinin şəxsi məşqçilərinin fikirlərini təqdim edirik.

Fotonun müəllifi mys
Image caption Rövşən Bayramov

Rövşən Bayramov - Güləş

  • Təvəllüdü: 07.05.1987
  • Çəkisi: 55 kq
  • Təmsil etdiyi cəmiyyət: “Neftçi” İSM
  • Məşqçisi: Azərbaycanın əməkdar məşqçisi, olimpiya kateqoriyalı hakim Hicran Şərifov
  • Nailiyyətləri: Yunan-Roma güləşi üzrə beynəlxalq dərəcəli və əməkdar idman ustasıdır (2009). Dəfələrlə respublika və beynəlxalq yarışların qalibi olub. Avropa birinciliklərində III yer (yeniyetmələr, 2002, 2003), dünya birinciliyində I yer (gənclər, 2003), III yer (gənclər, 2005), Avropa çempionatında III yer (Moskva, 2006), “Qızıl Qran-Pri” yarışında I yeri tutub (Bakı, 2006). İkiqat Avropa çempionudur (Bolqarıstan - 2007, Finlandiya - 2008).

XXIV Yay Olimpiya Oyunlarının gümüş medalçısıdır (2008, Pekin) və Azərbaycanın "Tərəqqi" medalı ilə təltif edilib.

Beynəlxalq Güləş Federasiyası (FİLA) yunan-Roma güləşi üzrə Azərbaycan pəhləvanı Rövşən Bayramovu 2008-ci ilin ən güclü idmançısı elan edib. “Qızıl Qran-pri” turnirinin bürünc mükafatçısıdır (2009, Bakı). Dünya çempionatında 2-ci (2006, Çin, Quançjou) və 3-cü (2009, Danimarka, Herninq) olub.

2011-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilən dünya çempionatının qalibidir. Rövşən ilin idmançısı, H.Şərifov isə ən yaxşı məşqçi seçilib.

  • Maraqlı faktlar: Rövşən Bayramovun idman karyerası maraqlı məqamlarla zəngindir. 2002-ci ildə Moskvadakı yarışda 42 çəki dərəcəsində birinci olan pəhləvan, bir həftə sonra 46 kq-da Odessada Avropa birinciliyində üçüncü yeri tutub.

Yeniyetmə olmasına baxmayaraq, 2003-cü ildə İstanbulda gənclərin dünya birinciliyində Rövşən (50 kq) çempion olub. Yaşı az olduğu üçün güləşçi əvvəlcə problemlə üzləşib. Daha sonra məşqçi və valideynlər, həmçinin milli federasiya, idman nazirliyi tərəfindən FİLA-ya müraciət müsbət nəticə verib.

Rövşən Bayramov azərbaycanlılar üçün həm də erməni rəqibi Roman Amoyan üzərində qələbəsilə yadda qalıb. O, titullu idmançını 4 dəfə məğlub edib.

  • Şərh: Dünya çempionu Rövşən Bayramov London Olimpiadasının favoritidir. Pekində son anda rusiyalı Nazır Mankiyevə minimal hesabla (5-6) məğlub olan idmançımız qızıl medalı əldən vermişdi. Səhvlərindən nəticə çıxaracağını deyən Bayramov, bu dəfə Londonda çempionluğu bayram etmək niyyətindədir.

“Rövşən Pekində finalda rusiyalı idmançı ilə qarşılaşmada hakim səhvinin qurbanı oldu. O, hesabda irəli olduğu halda rəqibini sinəsi üzərinə qaldıran zaman Mankiyev ayağını Bayramovun dizinə dirədi. Hansı ki, bu hərəkət qəti qadağandır. Bunu heç bir hakim görmədi. Məhz bu səbəbdən rus idmançıya xəbərdarlıq edilməli və Rövşənə 2 xal verilməli idi. Pəhləvanımız öndə olduğundan həm idmançımız, həm də məşqçilərimiz buna əhəmiyyət vermədilər. Ancaq son saniyələrdə kiçik səhv - ayağını döşəkdən kənara qoyması Rövşənin məğlubiyyəti ilə nəticələndi.

İnanıram ki, o, Londonda olimpiya çempionu olacaq. İndiyə qədər dövlət tərəfindən əməyimiz yüksək qiymətləndirilib, müxtəlif hədiyyələr və pul mükafatı təqdim olunub. İnşallah, bu dəfə olimpiya çempionluğu sevincini yaşamaqla “Şöhrət” ordeni ilə təltif olunmaq istəyirik” - deyə, titullu güləşçinin şəxsi məşqçisi Hicran Şərifov bildirib.

Image caption Elnur Məmmədli

Elnur - Məmmədli - Cüdo

  • Təvəllüdü: 29.06.1988
  • Təmsil etdiyi cəmiyyət: “Neftçi” İSM
  • Çəkisi: 81 kq
  • Məşqçisi: Əməkdar məşqçi Yaşar Allahverdi
  • Nailiyyətləri: Cüdo üzrə beynəlxalq dərəcəli idman ustasıdır. Yeniyetmələr arasında qitə birinciliyinin qalibidir (2004). 2009-cu ildən əməkdar idman ustasıdır.
  • Dəfələrlə respublika və beynəlxalq turnirlərin qalibi olub, dünya çempionatında II yer (Brazilya, Rio de Janeyro, 2007), Avropa çempionatında (Finlandiya, Tampere, 2007) və Dünya Kubokunda birinci yeri tutub (2007, İtaliya, Roma).
  • Super Dünya Kubokunun qalibidir (Almaniya, 2008).
  • 73 kq çəkidə XXIX Yay Olimpiya Oyunlarının qalibidir (2008, Pekin, Çin). 2008-ci ildə Azərbaycan prezidentinin sərəncamına əsasən “Şöhrət” ordeni ilə təltif edilib. Həmin ildə Avropanın ən güclü cüdoçusu, Azərbaycanın ən yaxşı idmançısı adına layiq görülüb. Ölkə prezdidentinin xüsusi Olimpiya təqaüdçüsüdür (2008).
  • Yeni çəki, 81 kq-da Avropa çempionu olub (2011, Türkiyə), “World Masters”in qalibidir (2011, Azərbaycan, 2012, Qazaxıstan).
  • 2011-ci ildə Almaniyada “Qran-Pri”də, həmçinin Braziliyada “Qran Şlem” turnirində üçüncü olub.
  • Maraqlı faktlar: Elnur, Çin Olimpiadasında keçirdiyi 5 qarşılaşmanın hamısında tam üstünlüklə qələbə qazanaraq qalib olmuşdu. O, dünya çempionatında qızıl medalı əldən versə də, onu Azərbaycan idmanı tarixinə yeni sətirlər yazmaqdan məhrum edən asiyalı tatami ustası koreyalı Ki Çun Vanqa isə Pekində final görüşündə cəmi 13 saniyəyə “ippon dərsi” keçmişdi. Beş görüşün hamısında tam üstünlüklə qələbə qazanmaqla o, bu baxımdan olimpiadada tarix yazdı. Cüdo ustası “İppon Elnur” kimi tanınır.

Çəkisini 73-dən 81 kq-a dəyişən idmançı adını itirməyib. Həmçinin dizindən cərrahi əməliyyat olunsa da, o, yeni çəkidə Avropa çempionu, “World Masters”in qalibi olub, hazırda dünya reytinqində üçüncüdür.

  • Şərh: Elnur bu dəfə ikiqat olimpiya çempionluğu sevinci yaşamaq istəyir.

“Cüdo elə bir idman növüdür ki, orada nə baş verdiyini heç kəs bilmir. Ancaq yenə qızıl medal qazanmaq üçün gedəcəyəm. Dəfələrlə olub ki, Avropa, dünya, hətta olimpiya çempionu olimpiadaya gedib və özündən zəif idmançıya uduzub. Bu, normaldır. Mənim əsas hədəfim yenidən çempion olmaqdır” - deyə, Pekin Olimpiadasının qalibi bildirib.

“Elnur əjdaha kimi hazırlaşır” deyən cüdoçunun şəxsi məşqçisi Yaşar Allahverdi bu dəfə də uğur olacağına əmindir:

“Allahın köməyilə Elnur yüksək səviyyədə hazırlaşır. O, olimpiadada əjdaha kimi güləşəcək. Elnur Pekində adını idman tariximizə böyük hərflərlə yazdırıb. İnşallah, bu dəfə qızılla yazılar. Bunun üçün isə çalışmaq, çalışmaq, yalnız çalışmaq lazımdır”.

Image caption Elmar Qasımov

Elmar Qasımov -cüdo

  • Təvəllüdü: 02.11.1990
  • Təmsil etdiyi cəmiyyət: “Neftçi” İSM
  • Çəkisi: 100 kq
  • Məşqçisi: Əməkdar məşqçi Əli Dərvişov
  • Nailiyyətləri: Gənclər arasında Avropa çempionudur (2009, Ermənistan). İki dəfə böyüklər arasında Dünya Kubokunda üçüncü olub (2011 - Özbəkistan, Braziliya). Avropa çempionatının bürünc mükafatçısıdır (2012, Rusiya).
  • Maraqlı faktlar: Elmar idmançı ailəsində böyüyüb. Əvvəllər bir çox idman növü - üzgüçülük, akrobatika, basketbolla məşğul olub. Qardaşı Eldar da cüdoçudur.

Elmar 2009-cu ildə Yerevanda keçirilən Avropa çempionatında Azərbaycan himninin səsləndirilməsi və bayrağının zirvəyə qaldırılmasına nail olub. O, bu uğuru bütün qələbələrindən üstün tutur. Yerevanda qızıl medal qazanarkən Elmar Qasımov 50 min manatla mükafatlandırılıb.

Maraqlıdır ki, Qasımov bir çox yarışlarda uğursuz çıxış edərkən bəzi idman rəsmiləri onu turnirlərə aparmamağı məsləhət görüblər. Ancaq Elmar London Olimpiadasına vəsiqə qazanmaqla bu fikri alt-üst edib.

Daha bir məqam Rusiyanın Çelyabinsk şəhərində baş tutan Avropa çempionatında 100 kq-da bürünc medal qazanan E.Qasımovun Azərbaycanın cüdo tarixinə düşməsi ilə bağlıdır. Yığma komanda üzvləri arasında indiyədək eyni yarışda bu çəkidə mükafata layiq yer tutan idmançımız olmayıb.

  • Şərh: “Açığı, cüdoçularımızın 8 lisenziya qazanacağını gözləmirdim. Elmar gənc olsa da, özünü doğrultdu. O, Olimpiadada Avropa çempionatındakı kimi ağıllı və təmkinli güləşsə uğur əldə edə bilər. Ümumiyyətlə, London Olimpiadası ilə bağlı proqnoz vermək çətindir. Allah Kərimdir. Xaricdən mütəxəssis gətirilməsinin tərəfdarı deyiləm. Bəzi idman növlərində əcnəbi məşqçi gətirmişdilər. Gəldilər, nə etdilər ki? İki olimpiya çempionu yetişdirmişik. Bundan sonra da ən yaxşısını etməyə çalışacağıq” - deyə, milli komandanın baş məşqçisi Ağayar Axundzadə vurğulayıb.
Fotonun müəllifi BBC World Service
Image caption İradə Aşumova

İradə Aşumova, güllə atıcılığı

  • Təvəllüdü: 25.02.1958
  • Məşqçisi: həyat yoldaşı və əməkdar məşqçi Vladimir Lunyov
  • Təmsil etdiyi cəmiyyət: “Neftçi” İSM
  • Nailiyyətləri: 1982-ci ildən güllə atıcılığı üzrə beynəlxalq dərəcəli idman ustası, 2004-cü ildən əməkdar idman ustasıdır. 1985-ci ildə Avropa çempionatında I yeri (komanda, Bolqarıstan ) tutub. Avropa və dünya rekordçusu (1985, Bolqarıstan), dünya cempionatında I yer (komanda), şəxsi II yer (1985, Mexiko), Atlanta-96 Olimpiya Oyunlarının iştirakçısı (X yer), dünya çempionatında II yer (şəxsi, 1998, İspaniya ), 2000-ci ildə Sidney Olimpiadasının iştirakçısı, dünya çempionatının gümüş medalçısı olub (şəxsi, 2002, Finlandiya).
  • 2004-cü ildə Afinada keçirilən Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır.
  • Azərbaycan prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.
  • 2000-ci ildə XX əsrin ən yaxşı idmançısı seçilib.
  • Almaniyada beynəlxalq turnirdə birinci olub (2012).
  • Maraqlı faktlar: Azərbaycandan ən çox - 4-cü dəfə olimpiadada iştirak edəcək yeganə idmançı İradə Aşumovadır. O, həm ən yaşlı, həm də ən təcrübəli təmsilçimizdir. Həmçinin rekordçumuz güllə atıcılığı üzrə milli komandanın baş məşqçisidir.
  • Şərh: İradə Aşumova bu dəfə Olimpiadada daha yaxşı nəticə göstərməyə çalışacaq. Titullu atıcının Londonda nəyə qadir olacağı onun hazırlığı və olimpiadaya yanaşmasından asılı olacaq. Yaş əvvəlki olmasa da, təcrübə Dumanlı Albionda da öz sözünü deyə bilər.
Image caption Məhəmmədrəsul Məcidov

Məhəmmədrəsul Məcidov, boks

  • Тəvəllüdü: 27.09.1986
  • Təmsil etdiyi klub: “Baku Fires”
  • Çəkisi: +91 kq
  • Məşqçisi: Hacımurad Qaziyev
  • Nailiyyətləri: Məhəmmədrəsul Məcidov 2011-ci ilin oktyabrında Bakıda dünya çempionu olmaqla yanaşı, London Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Həmçinin AİBA tərəfindən dünyanın ən yaxşı boksçusu seçilib.
  • Maraqlı faktlar: Ağası Məmmədovun uğurundan 8 il sonra Məhəmmədrəsul Məcidov Azərbaycana dünya çempionatında ikinci qızıl medalı qazandırıb.

Dünya çempionu olduğu üçün dağıstanlı boksçuya ölkə prezidenti İlham Əliyev mənzil, federasiya rəhbəri Kəmaləddin Heydərov tərəfindən 50 min dollar və avtomobil verilib. Doğulduğu Akuşinskiy rayonunun rəhbəri Məhəmməd İsmayılov isə “Lada Priora” markalı maşın hədiyyə edib.

  • Şərh: Azərbaycan boks tarixində olimpiya çempionu yoxdur. Məhəmmədrəsul Məcidov bu səddi aşmağa çalışacaq. London Olimpiadasında favorit sayılan boksçunun əsas rəqibi Bakıdakı dünya çempionatının finalında cüzi üstünlüklə məğlub etdiyi ingilis Entoni Coşuadır. M.Məcidov daha yaxşı hazırlaşdığını, olimpiya çempionu olacağına əminliyini ifadə edir.
Image caption Teymur Məmmədov

Teymur Məmmədov, boksçu

  • Təvəllüdü: 11.01.1993
  • Çəkisi: 91 kq
  • Тəmsil etdiyi klub: “Rabitə”
  • Məşqçisi: İlham Əlimzanov
  • Nailiyyətləri: Dünya çempionatının gümüş mükafatçısı, Avropa çempionu (2011). Lisenziyanı 2011-ci ilin oktyabrı dünya çempionatında qazanıb.
  • Maraqlı faktlar: Teymur Məmmədovu digər boksçulardan bir cəhəti ilə seçilir. Məsələ burasındadır ki, tanınmış boksçu 91 kq çəkili idmançılarla döyüşsə də, öz çəkisi 84-85 kq olur. Həkimlər illərdir onu kökəltmək üçün baş sındırsalar da, bütün cəhdləri boşa çıxıb. Buna baxmayaraq Teymur həm Avropa, həm də dünya çempionatlarında sözünü deyib. Məmmədov hesab edir ki, hazırki çəkidə döyüşmək rahatdır, çünki bu vəziyyətdə o, daha cəld hərəkət etmək qabiliyyətinə malik olur.
  • Şərh: Teymur təcrübəli və titullu boksçu olduğundan ona böyük ümidlər bəslənilir. O da yalnız olimpiya çempionluğu haqda düşünür.

“Əlbəttə ki, Londonda yalnız qızıla can atacağam. Ancaq gümüş və ya bürünc medal qazansam da Allaha minnətdar olaram” - deyə, T.Məmmədov bildirib.