İslam partiyasının sədr müavini həbsxanada vəfat edib

Fotonun müəllifi islaminsesi.az

İslam partiyasının həbsdə olan sədr müavini Vaqif Abdullayev "ürək tutmasından" vəfat edib.

APA Nizami Rayon Prokurorluğunun məlumatına əsasən xəbər verir ki, Abdullayev Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müalicə müəssisəsində müalicə alırmış.

Partiyanın sədr müavini Rövşən Əhmədli Abdullayevin xəstəliyinin diaqnozunun "əsassız həbs" olduğunu deyir:

"İstənilən adamı günahsız yerə tutub 11 il iş verəndə "Nə idi təqsirim?" fikrindən istənilən xəstəliyi tapmaq olar", Əhmədli BBC Azərbaycancaya bildirir.

Sədr müavinin oğlu Elvin Abdullayev ötən həftə MediaForum saytına bildirib ki, atası "12 saylı Cəzaçəkmə Müəssisəsində xəstələnib":

“Həmin müəssisə açıq sahədə yerləşir. Güclü külək, toz-torpaq atamın astma xəstəliyini gücləndirib. Onun belə havalara qarşı allergiyası var. Bunun da nəticəsində onda boğulmalar başlayıb. Ürəyi də ağrıyır. Həbs olunduğu ilk aylarda infarkt keçirmişdi. Astma tutmaları, yəni boğulmalar onda ürək ağrılarının yenidən baş qaldırmasına səbəb olub. Vəziyyəti ağır olduğuna görə onu müalicə müəssisəsinə köçürüblər”

61 yaşlı sədr müavini ötən ilin yanvarın 7-də yol polisi tərəfindən saxlanılıb və 15 günlük həbs edilib.

Abdullayev sonradan cinayətkar birlik tərəfindən cinayətə hazırlıq, odlu silahdan istifadə etməklə cinayətə hazırlıq, qanunsuz silah əldə etmə və hakimiyyəti zorla ələ keçirmə maddələri ilə ittiham edilib.

Onun barəsində əvvəlcə üç aylıq həbs-qətimkan tədbiri seçilib. Bakı Ağır Cinayətlər Məhkəməsi ona 11 il həbs cəzası kəsib.

Bu barədə daha geniş