Azərbaycan üçün “neft lənəti”

Maykl L.Ross Fotonun müəllifi ucla.edu

“Neft gəlirlərinə taleyini bağlamış Azərbaycan hakimiyyətinin pulları vətəndaşlarından gizlətməsi ölkədə siyasi sabitlsiziyə aparan ən böyük hədədir”. Bunu məşhur Amerika yazıçısı və iqtisadçı, California Universitetinin Cənub-Şərqi Asiya Araşdırmaları Mərkəzinin direktoru Maykl L.Ross deyir.

Bu yaxınlarda işıq üzü görmüş “Neft lənəti: Neft sərvəti millətlərin inkişafını necə formalaşdırır” kitabı ilə (The Oil Curse: How Petroleum Wealth Shapes the Development of Nations) müəllif neftlə zəngin ölkələrin əksəriyyətində qeyri-sabitliyin səbəblərinə dair yeni müzakirələrə yol açıb.

Onun təbirincə, bir çox hallarda hökumətlər neft gəlrilərinin gizlədilməsində “kommersiya sirlərini” - beynəlxalq şirkətlərlə aralarında gedən danışıq və əməliyyatları bəhanə göstərirlər. Bu halda gizliliyin gəlirlərin qeyri-effektiv istifadəsinin qarşısını ala biləcək alternativ nəzarət imkanlarını da ortadan qaldırdığı “unudulur”.

Müəllif neftlə zəngin postsovet respublikaları və Yaxın Şərq ölkələrinin, bir qayda olaraq, qeyri-demokratik olması, qeyri-sabit iqtisadiyyatı və vətəndaş müharibələri ilə fərqləndiyinə diqqət çəkib.

Neft “lənəti”

Son 40 ildə dünyada neft istehsalçısı olan ölkələrlə qeyri-neft ölkələrinin adambaşına düşən ümumi daxili məhsulu arasında fərq o qədər də böyük olmayıb - cəmi 0,09%.

Bununla belə, cənab Ross yenidən Ərəb inqilablarının timsalında birincilərin üzləşdiyi “neft lənəti”ni yada salır.

“Əslində söhbət neft ölkələrində ən azı külli miqdarda gəlirlərin daha yaxşı iqtisadi göstəricilər əldə etmək üçün verdiyi imkanın uzun müddət əldən çıxarılmasından gedir”, deyir təhlilçi. “Bu barıt bir gün partlamalıdır axı…”

Azərbaycan “unikal”dır

“Neft lənəti” kitabında Azərbaycandan da bəhs olunur.

Müəllif yazır ki, hakimiyyət əhalini neft gəlirləri barədə məhdud məlumatlandırmağın unikal yolunu “tapıb”. Belə ki, hər il parlamentdə “büdcə” müzakirəyə çıxarılır, əslində isə real gəlirlərin ən azı yarısı büdcədə əks olunmayıb, “ARDNŞ vasitəsilə mənimsənilir”.

BBC-Azərbaycancaya müsahibəsində məüəllif qeyd edib ki, əslində Azərbaycanda şəffaflığa münasibət də “unikaldır” – gəlirlərinin toplanmasında həddən artıq şəffaflıq qorunduğu halda, onların xərclənməsində buna əhəmiyyət belə verilmir.

Nüfuzlu “Açıq Cəmiyyət İndeksi”nə əsasən, Azərbaycan hakimiyyəti büdcədə yalnız məhdud məlumatlara çıxışı açıq saxlayıb və bu göstəriciləri ilə ölkəmi “hətta Afrika və Yaxın Şərqin bir sıra dövlətləridən də geri salıb”.

“Dövlət büdcəsinin böyük bir hissəsi elə dövlətin neft şirkəti tərəfindən israf olunur və bu, vəsaitlərin xərclənməsində daha artıq qeyri-şəffaflığa yol açır. Hərçənd, onu da vurğulamalıyam ki, hökumət məlumatların açıqlılığı baxımından məsələn 2006-cı ildə mən Bakıya səfər etdiyim vaxtdan bu yana bir sıra addımlar atıb”, əlavə edib təhlilçi.

İnvestorlar qaçır

Fotonun müəllifi ucla.edu

Bununla yanaşı, cənab Rossun təbirincə, azərbaycanlılar korrupsiyanın və qeyri-şəffaflığın xarici interstorlar üçün təhdidedici olduğunu, ölkə üçün isə iqtisadi pozğunluğa yol açdığını unutmamalıdırlar.

“Korrupsiya riski ucbatından əksər xarici şirkətlər burada iş qurmağa tərəddüd edirlər”, təhlilçi deyir və dərhal ələvə edir ki, bu, Azərbaycan kimi iqtisadi imkanları olan gözəl ölkə üçün əslində “biyabırçılıqdır”.

Risklərə baxmayaraq, Qərbin bir sıra nüfuzlu şirkətləri son iki onillik ərzində burada neft əməliyyatlarına qoşulublar. “Məsələ ondadır ki, Qərb neft məsələsində qeyri-sabit dövlətlərdən asılı olaraq qalır”, izah edir təhlilçi.

Neft quyuları dindən də “müqəddəs” imiş

Rossun fikrincə, Yaxın Şərqdə kəskin dəyişikliklərin arxasında nə İslam, nə Ərəb amilləri durur, belə ki, oradakı rejimlərin “üslubu” onlar üçün neft quyularının dindən “daha müqəddəs” olduğunu göstərir.

“Hətta inqilablardan əvvəl Yaxın Şərq avtoriratizmdən xali deyildi. Artıq heç kəsə sirr deyil ki, region ölkələri sadəcə neft çıxarıb satdıqlarına görə daha az azadlıqlara malikdirlər”, deyir təhlilçi.

Bununla belə müəllif neft ticarətinin şəriətlə pərdələnmiş “qanunlarına” da nəzər salır, məsələn, bu sahədə çalışanlar arasında bir qayda olaraq kişilər qadınlardan daha üstünlük təşkil edir. Hərçənd, dinlə nəinki ayaqlaşan, hətta daban-dabana zidd “qanunlar” da mövcuddur. Məsələn, neft zənginlərlə kasıblar arasında məsafəni daha da genişləndirir, daha artıq ədalətsizliyə yol açır.

Nə etməli?

Bəs vəziyyəti necə dəyişmək olar? Neft “lənəti” barədə hakimiyyətləri və xalqları duyuq salmaq üçün nə etmək lazımdır?

Ən əsası, “xarici mesajlara” uzun müddət əhəmiyyət verilmədikdə, mümkün faciənin miqyasını necə azaltmaq olar?

Qlobal müstəvidə Professor Ross iki əsas amili qeyd edir: Qərb öz neft mənbələrini müxtəlifləşdirməli və nəhəng investorlarını milyonlarla dollar dəyərində neft müqavilələri bağladıqları rejimlərdən xərclər və gəlirlər haqqında məlumatların açıq olmasını təmin etməlidir.

Azərbaycana gəldikdə, burada “neft lənəti”ndən qurtulmağın resepti “tamamilə şəffaf büdcə, xüsusilə də ARDNŞ-nin əməliyyatlarının ictimaiyyətə açıqlanması önəmlidir”, deyir təhlilçi.

Hökumətin maliyyələşdirdiyi layihələr etibarlı beynəlxalq şirkətlər tərəfindən audit olunmalı, və bu əməliyyatlar açıq keçirilməlir.

“Öz növbəsində, insanlar gördüklərindən qane olmadıqda, hakimiyyəti dəyişikliyə və inkişafa vadar etməlidirlər”, deyib cənab Ross.

Bu barədə daha geniş