İranda azərbaycanlı şairlərin məhkəməsi olacaq

Fotonun müəllifi IRFS

Çərşənbə günü İranda saxlanılan Azərbaycanlı şairlərin məhkəməsi keçiriləcək.

Məhkəməyə bir gün qalmış Bakıda onlara azadlıq tələbilə etiraz aksiyası keçirilib.

Aksiyanı təşkil edən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri BBC Azərbaycancaya deyir ki, məqsəd İran hökümətinin qıcıqlandırmamaq şərtilə “yerli və beynəlxalq diqqəti məhkəmədən öncə şairlərin məsələsinə yönəltmək olub”.

“Biz İran və Azərbaycan cəmiyyətinə bildirmək istədik ki, Fərid Hüseyn və Şəhriyar Hacızadə və Azərbaycanda həbs olunmuş İran KİV-nin müxbirləri Bakı və Tehran arasında soyuq müharibənin qurbanlarına çevrilib”, Hüseynov deyir.

Onun sözlərinə görə, aksiya qismən baş tutmuş hesab olunsa da, polis İran İslam Respublikasının Səfirliyi binasına yaxınlaşmağa icazə verməyib.

O, polisin aksiya şüar və plakatlarını çırdığını deyir.

“Polisə qarşı müqavimət göstərmədik, aksiyamız dinc xarakterli idi”

Obyektiv TV xəbər verir ki, aksiyada onlarla jurnalist iştirak edib.

Aksiya öncəsi RATİ aksiya keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etsə də, cavab mənfi olub.

İştirakçılar aksiyaya qətnaməni oxuyaraq son verib.

"Biz İran hakimiyyətini söz azadlığına hörmətlə yanaşmağa və sərhəddin keçilməsi qaydalarının pozulması kimi uydurma ittihamla saxlanılan azərbaycanlı ədibləri azad etməyə çağırırıq", qətnamədə yazılıb.

Tarixcə

Aprelin 29-da ədəbiyyat festivalına qatılmaq məqsədilə İrana gedən Fərid Hüseyn və Şəhriyar Hacızadə mayın 2-də Təbriz şəhərində həbs olunub.

İran mediası “şairlərin casusluqda ittiham olunduğunu” bildirib və şairlərin İrana Azərbaycan xüsusi xidmətinin göstərişi ilə göndərildiyini yazıb.

Rəsmi Bakı indiyə qədər beş dəfə İran Xarici İşlər Nazirliyinə nota göndərib.

Bir həftə öncə, İran, Azərbaycanın Təbrizdəki konsulluğunun nümayəndələrini və şairlərin valideynlərini gənclərlə görüşməsinə icazə verib.

Azərbaycanda müxtəlif qurumlar-Yazıçılar Birliyi, PEN-klub, Bakı Slavyan Universiteti və digərləri onların azadlığa buraxılması ilə bağlı bəyanatlar verib.

Bu barədə daha geniş