Qarabağ: suriyalı erməni qaçqınlarını qəbul etməyə hazırıq

David Babayan

Suriya münaqişəsinin başlanmasından bu yana heç bir qaçqının qəbul olunmadığını bildirən Tanınmamış DQR prezidentinin mətbuat xidmətinin rəhbəri suriyalı ermənilərə sığınacaq verməyə hazır olduğunu bildirib.

BBC Azərbaycancaya müsahibəsində David Babayan suriyalı qaçqınları qəbul etmək çağırışına etiraz edən Bakının mövqeyini humanitar qaydalara "zidd" kimi dəyərləndirib.

"Bakı məsələni siyasiləşdirir"

“Bu sırf humanitar aksiyasıdır. Biz faciədən can qurtarmağa çalışan soydaşlarımıza kömək etməyə çalışırıq. Azərbaycanın etirazı beynəlxalq humanitar qaydalar və dəyərlərlə uzlaşmır. Bu adamlar təhlükəsiz məskən tapmağa çalışır və bunu əngəlləmək səyləri həmin adamları öldürmək cəhdinə bərabərdir. Buna görə biz məsələnin siyasiləşdirilməsini bir növ beynəlxalq humanitar qaydalrın pozulması hesab edirik”.

David Babayan etnik mənsubiyyətindən asılı olmayaraq bütün qaçqınları qəbul etməyə hazır olduğunu bildirib.

Hərçənd ki, azərbaycanlı qaçqınlara həmin qaydaların şamil olunmadığının səbəbləri barədə sualı cavablandıran rəsmi bu məsələnin siyasi tənzimləmə ilə bağlı olduğunu deyib.

Azərbaycanlı qaçqınlar tənzimləmədən sonra qəbul ediləcək

“Biz onları (azərbaycanlı qaçqınları) qəbul etməyə hazırıq. Lakin bu məsələ öz həllini yalnız siyasi tənzimləmədən sonra tapa bilər. Bu qaçqınların gəldiyindən sonra problem təzələnərsə, həmin adamlar iki və yaxud da üç qat qaçqın ola bilər. Biz bunun baş verməsini istəmirik”.

David Babayan demoqrafik vəziyyətə təsir göstərmək məqsədində olmadığını deyərək Azərbaycana "mesxeti türkləri" iradını tutub.

“Dağlıq Qarabağ münaqişəsi başlayanda Azərbaycan tərəfi buraya Mərkəzi Asiyadan qaçqın düşən mesxeti türklərini gətirdi. Həmin qaçqınlar Qarabağda məskunlaşdırıldı. Münaqişənin hərbi mərhələyə daxil olmasından sonra bu adamlar yenidən qaçqına çevrilərək Dağlıq Qarabağı tərk etməli oldular. Beləliklə qaçqınları siyasi məqsədləri üçün istifadə edən Azərbaycan bizə bu məsələləri izah edə bilməz”.

Ötən bazar günü tanınmamış Dağlıq Qarabağ hökumətinin başçısı suriyalı qaçqınlarının qəbul edilməsinə hazır olduğunu bildirib.

Qaçqınlar statistikası

Ermənistan Suriyadan qaçqın axını barədə mediadakı bəzi xəbərləri təkzib edib. Mediamax agentliyi hökumətə istinadən yaydığı məlumatda münaqişənin başlanmasından bəri Ermənistana 2.500 suriyalı erməninin üz tutduğunu bildirib.

Diaspora məsələləri üzrə nazirlik bu rəqəmin artacağını gözləyir. Hərçənd ki, rəsmilər Suriyadan gələn adamların əksəriyyətinin Ermənistanda daimi qalmaq fikrində olmadığını vurğulayıb.

“Gələnlərdən yalnız 50-60 ailə qalmaq istəyir. Bu adamlar Diaspora məsələləri üzrə nazirliyə qaçqın statusu üçün müraciət ediblər”, - Mediamax agentliyində Diaspora məsələləri üzrə nazirliyin aparat başçısı Firdus Zakaryanın sözlərindən iqtibas gətirilir.

İndiyədək Ermənistanda qaçqın statusu 30 suriyalı erməni ailəsinə verilib, rəsmilər deyir.

Bu barədə daha geniş