Azərbaycanlı güləşçi Xetaq Qazyumovun vəziyyəti "yaxşıdır"

Xetaq Qazyumov
Image caption Xetaq Qazyumovun səhhəti bazar günü pisləşmişdi.

Azərbaycanlı güləşçi Xetaq Qazyumova həkimlər tez-tez baş çəkir və indi onun təzyiqi normaldır - bu barədə BBC Azərbaycancaya London 2012 Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Mədətov bildirib.

29 yaşlı güləşçi XXX Yay Olimpiya Oyunlarının güləş üzrə dörddə bir mərhələsində yarışarkən ürəyi sürətlə döyünməyə başlamış və xəstəxanaya götürülmüşdü.

Onun ürəyi bir dəqiqədə 260 dəfə döyünmüşdü. Normal halda döyünmə 60-100 arasındadır.

Bazar günü o, yenidən Oyunlara qayıdıb və mübarizəsiz bürünc medal alıb. Belə ki, iranlı dünya çempionu Reza Məhəmməd Yəzdani zədə aldığı üçün yarışa bilməyib və bürünc medal defolt olaraq, azərbaycanlı güləşçi Xetaq Qazyumova nəsib olub.

"Azərbaycan nümayəndə heyəti Olimpiya kəndini tərk etməyə hazırlaşır" - Azərbaycan rəsmisi İlham Mədəyov deyib.

O, hazırda Olimpiya kəndində təhvil-təslim işlərinin davam etdiyini, maşın və otaqların qaytarılmaq mərhələsində olduğunu və atletlərin artıq istirahət etdiyini və Londonun görməli yerlərinə baxmağa çıxdıqlarını deyib.