BBC navigation

Azərbaycanda niyə gənc liderlər yoxdur?

Son yeniləmə: 22 avqust, 2012 - 07:20 GMT

Azərbaycanda gənclərin mart mitinqi

“Azərbaycan kimi demokratiyadan uzaq düşmüş ölkələrdə etibarlı idarəçilik sisteminə nail olmağın yolu siyasi elitanın gəncləşməsindən keçir” - Vaşinqtonda mənzillənən Demokratiyaya Yardım Fondunun Avropa və Avrasiya ölkələri üzrə baş direktoru Nadia Diuk bu fikirdədir.

Bu yaxınlarda çapdan çıxmış “Rusiya, Ukrayna və Azərbaycanda növbəti nəsil” kitabının müəllifi hər üç ölkədə gənclik hərəkatları və onların siyasi proseslərə təsir imkanlarına nəzər salıb.

“Təəssüf ki, Azərbaycanda vətəndaş cəmiyyətinin gənc fəalları və yeni nəsil aktivistlər təqiblərə məruz qalır; gənc müxalifətçilərin çoxu bir qayda olaraq, narkotik maddə saxlamaq, xuliqanlıq kimi uydurma ittihamlarla həbs olunurlar”, deyib xanım Diuk kitabını təqdim edərkən..

70 illik Sovet müstəmləkəsinin dərhal ardından müstəqilliyini tapmış ölkənin yeni nəsil vətəndaşları gələn il ilk dəfə prezident seçkilərində səs verəcəklər.

Hərçənd, 20 ildən sonra belə azərbaycanlılar gələcək liderlərini harada axtarmaq sualına cavab tapmaqda çətinlik çəkirlər.

“Heç şübhəsiz, ölkənin gələcək lideri hazırda həyatdadır və haradasa yaşayıb-işləyir. Bəs onu necə axtarmaq lazımdır? Yeni nəslin simasında onu xarakterizə etmək olarmı? Ən əsası, gələcək nəsil liderləri mövcud hakimiyyət mexanizmini dəyişə biləcəklərmi, yoxsa system özü onları dəyişəcək?” sual edir Nadia Diuk.

Qocalmış elita…

"... gənc müxalifətçilərin çoxu bir qayda olaraq, narkotik maddə saxlamaq, xuliqanlıq kimi uydurma ittihamlarla həbs olunurlar"

Nadia Diuk, Demokratiyaya Yardım Fondunun Avropa və Avrasiya ölkələri üzrə baş direktoru

Əslində, 2003-cü ildə hakimiyyəti atasından təhvil almış hazırkı prezident İlham Əliyev sələfləri ilə müqyisədə yaşca gəncdir.

Hərçənd, hakim komanda üzvlərinin əksəriyyəti ilə ata Əliyev dönəmindən qalma yaşlılardır.

Bu isə, xanım Diukun təbirincə, siyasi ideologiyanın formalaşmasına və hakim düşüncə tərzinə birbaşa təsir edən amillərdəndir.

“Məsələn, Heydər Əliyevin vəfatından artıq 9 il ötsə də, ölkəyə səfər edən xarici elə bilər ki, ata prezident hələ də yaşayır. Yeni nəsil siyasətçilər üçün bu düşüncə tərzi nə qədər anlaşılmaz görünsə də...”

Hakimiyyət kimi, müxaifətdə də “gəncləşmə” demək olar getmir.

Eyni zamanda, burada hakim sistemin “xidmətini” də unutmaq olmaz, belə ki, son illərin müşahidələri hətta siyasətə yeni qoşulmuş gənc “iqtidarçıların” köhnə nəslin düşüncəsi ilə, öz həmyaşıdlarını hədəf aldığını ortaya qoyur.

“İşsiz, amma maşınlı” gənclər...

Xanım Diuk kitabında Rusiya və Ukrayna ilə müqayisədə Azərbaycan gənclərinin inkişaf dinamikası və həyat tərzinə dair ötən il keçirilmiş maraqlı sorğu nəticələrinə yer ayırıb.

Belə ki, araşdırmalar zamanı ölkədə gənclərin 45 faizinin, ümumiyyətlə, gəlirsiz olduğu ortaya çıxıb.

48,4 faiz gənc evli olduğu halda, sorğuya qatılanların 69,2 faizi valideyinləri ilə birgə yaşadığını bildirib.

Gənc xanımların təxminən 20 faizi özlərini “evdar qadın” sayırlar.

Və bu rəqəm məsələn 7 il əvvəllə müqayisədə 8 faiz artıb.

“Ukraynada məsələn bu rəqəm 7 il əvvəl 14,5 faiz idisə, indi 9,6 faizə enib” deyir müəllif.

Sorğu həmçinin Azərbaycanda gənclərin yalnız 78 faizinin mobil telefona sahib olduğunu ortaya çıxarıb.

Rusiyada bu rəqəm 89,5, Ukraynada isə 96,4-dür.

Gənc rusların 59 faizi şəxsi komputerə malik olduğu halda, Ukraynada 38,4, Azərbaycanda isə 25,6 faizi bu imkana sahibdir.

Eyni zamanda, 2004-cü illə müqayisədə Azərbaycanda şıxsi avtomobilə sahib gənclərin sayı 6,6 faizdən 14,4-ə qalxıb.

Rusiyada bu rəqəm cüzi artsa da, Ukraynada əksinə, azalıb.

İşsiz Azərbaycan gəncləri özlərinə qapılaraq, növbəti iki ilə ümidsizlik ifadə etdikləri halda, ukraynalılar iş tapmaq üçün “dəridən-qabıqdan çıxır, öz bizneslərini qururlar”.

Hərçənd, sorğuya əsasən, Ukraynadan fərqli olaraq, Azərbaycan və Rusiyada gənclər prezidentə rəğbət ifadə etməyi xoşlayırlar.

Eyni zamanda, Ukraynada televizora baxan gənclərin sayı son 7 ildə artsa da, Azərbaycanda bu rəqəm 6 faiz azalıb.

Ölkəboyu radio dinləyən gənclər isə 7 il əvvəlki 38,8 faizdən 13,6 –ya düşüblər.

Qəzet oxuyanların sayı da eyni dövrdə 25,6 faizdən 11,6 faizə enib.

“2003-də 33,4 faiz azərbaycanlı gənc kitab oxuyurdusa, 2010-da bu qədər artıq 17 fazə enmişdi”, yazır Nadia Diuk.

Siyasət “qurbanları”

"“Azərbaycanda gənc fəallar daha ciddi durumdadır, çünki çox zaman hökumət onları həbsxanaya salmayana qədər başa düşmürlər ki, onlar “fəaldır”"

Sara Kendzior, ekspert

Sara Kendzior Qafqaz və Mərkəzi Asiyada gənclik hərəkatları və yeni nəsil texnologiyalarını yaxından tədqiq edən ekspertdir.

Vaşinqtonda BBC-Azərbaycancaya müsahibəsində o, avtoritar ölkələrdə gənc fəalların mübarizə imkanlarına nəzər salıb.

“Bəzən deyirlər ki, məsələn Ərəb inqilabları əsasən gənclərdən ibarət internet fəallarının qələbəsidir. Bu, texnologiyanın ani inqilaba gətirib çıxarması barədə yanlış təsəvvür yaradır. Əslində isə hətta texnologiya yalnız alətdir – bundan istifadə edən adamların olması vacibdir”, deyib Sara.

Avtoritar dövlətlərin əksəriyyəti kimi, Azərbaycanda da gənc aktivistlər əsasən ölkə xaricində üzə çıxırlar, və onlar internetdə olduqca fəaldırlar; ölkə daxilində olan fəallar kimi o qədər də çətin durumda deyil və məlumatların yayılmasında mühüm rol oynayırlar.

Əslində, əlavə edir Sara, “Azərbaycanda gənc fəallar daha ciddi durumdadır, çünki çox zaman hökumət onları həbsxanaya salmayana qədər başa düşmürlər ki, onlar “fəaldır”.

Hakimiyyət sosial KİV və mənəviyyatsızlıq arasında əlaqə tapmağa çalışır ki, gəncləri hətta sosial şəbəkələrdə iştirakdan çəkindirsin.

“Mən hətta bu cür şəraitdə ölkə barədə həqiqətləri deyib yazmaqda davam edən gənc azərbaycanlılara hörmət edirəm”, deyə o, vurğulayıb.

Vaşinqtonda mənzillənən “Registan.net” saytının redaktoru Joshua Foust da hesab edir ki, əslində Azərbaycan kimi ölkələrdə siyasi problemlərin kökündə duran səbəblər islahatlara meylli olmayan və demokratikləşmə tələblərinə repressiyalarla cavab verən siyasi elitanın “köhnəlməsi” ola bilər.

“Məncə yeni cücərməkdə olan gənclik hərəkatları vəziyyəti dəyişə bilərlər, amma onlar əhalinin digər təbəqələrindən dəstək alsalar, belə bir şans var”, deyib cənab Foust BBC-Azərbaycancaya.

Hərçənd, yeni nəsil, demokratiyaya meylli amma barmaqla sayılacaq sələflərindən fərqli olaraq, ümidi yalnız “kənarda” axtarmamalıdır.

“Əlbəttə xarici aləm üçün Azərbaycanda demokratiya yaxşı məqsəddir, amma bəzən başqa məsələlər də olur, məsələn, təhlükəsizlik”, deyə cənab Foust vurğulayıb..

Qərb təhsillilər...

Nyu Yorkdakı Columbia Universitetinin Harriman İnstitutunun əməkdaşı, “Keçmiş Sovet İttifaqı ölkələrində rəngli inqilablar” kitabının müəllifi Dr. Lincoln Mitchel isə Azərbaycan reallığında gənc liderlərin imkanları barədə nikbin bəyanatlara skeptik yanaşır.

Onun fikrincə, bir qayda olaraq, xaricdə təhsil almış yeni nəsil gənclərin ölkə problemlərinin kökü barədə dərin bilgiyə malik olması və elitanı təmsil etməsi şübhə doğurur.

“Gənc hərəkatlarından problemlərin həllini gözləmək düzgün olmaz. Məncə onlar üçün ən vacibi indiki məqamda özlərinə olan dəstəyi genişləndirməkdir”, deyin cənab Mitchel BBC-Azərbaycancaya.

Vaşinqtondakı “Eurasia Group”un rəhbəri Ian Bremer isə əksinə, Azərbaycanda siyasi və iqtisadi müxtəlifləşmə və liberallaşma kimi məsələlərində real dəyişikliklər üçün, nəsil dəyişimini zəruri sayır.

“Bu dəyişikliklər bir çox elita nümayəndələrinin dəyişməsini tələb edir, lakin onlar bütün bu dəyişikliklərdə maraqlı deyillər”, deyib təhlilçi BBC-Azərbaycancaya

Mövcud gənc fəallara gəlincə, “Qərbdə yüksək səviyyədə təhsil alan gənc dəqiq və etibarlı rəhbərlik ətrafında birləşməlidirlər, ənənəvi müxalifət sıralarında isə təəssüf ki, hələlik beləsi yoxdur”, Bremer belə hesab edir.

Mövzuya aid

Mövzular

BBC © 2014 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.