BBC navigation

Dağlıq Qarabağ münaqişəsində sülhyaratma fəalları “çarəsiz” qalıb?

Son yeniləmə: 6 sentyabr, 2012 - 13:21 GMT

Ramil Səfərovun ekstradisiya və əfv edilməsi regionda siyasi vəziyyətin “gərginləşməsi” səbəbi kimi qiymətləndirilir.

Bir çox beynəlxalq ekspertlərə görə, “gərginləşmiş vəziyyət” ən çox iki ölkə arasında sülhyaratma ilə məşğul olan fəalların işinə təsir edə bilər.

İllərlə sülh yaratma prosesində iştirak edən azərbaycanlı və ermənilərin bəziləri BBC Azərbaycancaya müsahibələrində ekspertlərin bu fikirlərini həm inkar edib, həm də təsdiqləyib.

Təxminən üç ildir ki, Azərbaycan, Ermənistan və Gürcüstan gənclərinin birgə tədbirlərində iştirak edən Ülvi Həsənli, Ramil Səfərov ekstradisiya edilən günü Tekalidə bu cür sülhyatarma məqsədli film festivallarının birində iştirak edib.

Gürcüstanın Tekali kəndində ikən İnternetə çıxışın məhdud olduğunu deyən Həsənli bildirir ki, “festivalın ortasında xəbər verilib ki, bəs Ramil Səfərov ekstradisiya olunub, sonra da əfv edilib”:

"Adi bir qərar"

“Bu xəbəri eşidəndə hər kəs bir anlıq susqunluq içində qaldı, şoka düşmüşdük”.

"...hadisələri belə gərginləşdirmək olmazdı, sülh prosesinə inam, ümid azalır."

Ülvi Həsənli

Festivalda iştirak edənlərin hamısının “Qafqazda sülh istəyən insanlar” olduğunu deyən Həsənli, bu hadisənin “sülh prosesinə pis təsir edəcəyi” barədə ümumi rəyə gəldiklərini qeyd edir.

Onun sözlərinə görə, “hadisələri belə gərginləşdirmək olmazdı, sülh prosesinə inam, ümid azalır”:

“20 ilə yaxın davam edən danışıqlar prosesini adi bir qərar məhv elədi”, fəal bildirir.

Həsənli, bundan sonra baş verəcəkləri də “pozitiv” qiymətləndirmir:

“Cəmiyyətləri yenidən o prosesə, sülhə hazırlamaq çox çətin olacaq. İki tərəfin də emosiyaları pik həddədir indi. Hətta ağlı başında olan insanlar da bu hadisədən sonra müharibədən, qəhrəmanlıqdan danışır”.

Həsənli ilə eyni tədbirdə iştirak edən və iştirakçıların “çaşqın” halda olduqlarını təsdiqləyən Zamira Abbasova isə fərqli düşünür:

Gürcüstanın Tekali kəndində Azərbaycan, Ermənistan və Gürcüstandan olan iştirakçılar film festivalında iştirak edir.

“Ora yığışan insanlar sülhə inamlı olduğundan bir-birini günahlandırmadılar. Qərarın siyasi olduğunu bilirdilər”.

"Yeni stimul?"

Abbasovanın sözlərinə görə, qərar sülh yaratma ilə məşğul olanların işini artırsa da, “stimul” da verib:

“Festivalda qərara alındı ki, tədbir hər il təşkil olunsun, tezliklə də müzakirələr həyata keçirilsin”.

Festivalın Ermənistan tərəfdən təşkilatçısı və sülh yaratma prosesində müxtəlif layihələrlə çıxış edən Georgi Vanyan “Ramil Səfərov və Qurgen Marqaryanı təbliğat müharibəsinin epik personajları” adlandırır.

Onun sözlərinə görə, təbliğatın fonunda növbəti “gərginlik” yaşansa da, indidən onun hansı nəticələrinin olacağını demək “çətindir”.

Vanyan hazırki vəziyyəti Ermənistan və Azərbaycan icmaları üçün “insanlıq və sağlam düşüncə”yə dair “imtahan anı”nın yaxınlaşması hesab edir:

“Bəlkə də, Ramil Səfərovun əfvi ərtafında yaranan qarışıqlıq hər iki xalqın zombiləşmiş münaqişəyə müqavimətinin yaranmasının səbəbi ola bilər”.

"Bəlkə də, Ramil Səfərovun əfvi ərtafında yaranan qarışıqlıq hər iki xalqın zombiləşmiş münaqişəyə müqavimətinin yaranmasının səbəbi ola bilər."

Georgi Vanyan, sülhyaratma fəalı

Vanyan deyir ki, sülhyaratma “insanları qorxularından azad etmək prosesindən keçir”, bu isə, ilk baxışdan göründüyü kimi, hökümətlərin hərəkətlərindən asılı olmaya da bilər.

Vanyanın sülhyaratma prosesində həmkarı, Qarabağ hadisələri barədə media layihələri ilə çıxış edən fotojurnalist Onnik Krikoryan bildirir ki, əfv xəbəri çıxan günü İstanbulda azərbaycanlı və ermənilərdən ibarət qrupa təlim keçirmiş:

“Həyəcanlandım ki, təlim qrupları arasında problem yarana bilər, hamı şok yaşamasına baxmayaraq, heç bir təsir hiss etmədim”.

Krikoryan da digər müsahiblər kimi düşünür ki, “sülh prosesi inamın yaranmasından başlayır”.

O təklif edir ki, indi “milli problemləri kənara qoyaraq, insani hislərdən çıxış etmək lazımdır”.

Başqa bir sülhyaratma fəalı, 1994-cü ildən bu proseslərə qoşulan Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov isə hadisənin yaratdığı vəziyyəti izah edir:

“Ramilin əfv edilməsi gələcəkdə Dağlıq Qarabağın Azərbaycanın tərkibində olması, azərbaycanlılarla ermənilərin birgə yaşaması baxımından “qarayaxmalara” əsas verdi”

"Səfərovun “ekstradisiyası, əfv olunması və qəhrəmanlaşdırılması fərqli məsələlər olduğundan Bakıya gətirilməsi qanunvericiliyə görə dövlətin borcu idi."

Əvəz Həsənov, Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri

“Ramil ordu zabiti kimi bayrağı təhqir edən şəxsi öldürüb, o şəxs erməni yox, başqa birisi olsa da özünə haqq qazandıra bilər, amma bu hərəkət sülh yaratma prosesini artıq gərginləşdirib”, deyən Həsənov onun ekstradisiyanın düzgün addım olduğunu bildirir:

Onun fikrincə, Səfərovun “ekstradisiyası, əfv olunması və qəhrəmanlaşdırılması fərqli məsələlər olduğundan Bakıya gətirilməsi qanunvericiliyə görə dövlətin borcu idi”.

"Soyuqluq" təkrarlana bilər

Lakin o, Səfərovun ən yaxşı halda bir müddət həbsxanada saxlandıqdan sonra azad edilə bilmə ehtimalını düşünür:

“İndiki halda isə dünya cinayət törətmiş insanın azad olunması ilə Azərbaycanda cəzasızlıq və cinayətkarların himayə olunması mühitinin olmasını gördü, Həsənov deyir.

Onun sözlərinə görə, başqa bir tərəfdən hökümət başqa şansı da olmayıb:

“Qəhrəman kimi qəbul edilən Səfərovun həbsda saxlanması millətçi və müxalif qüvvələr tərəfindən “qorxaqlıq” kimi qiymətləndirilə bilərdi”

Həsənov deyir ki, indi “2004-cü ildəki hadisə zamanı münasibətlərdə yaranmış soyuqluğun təkrarlanması” ehtimalı var.

Ramil Səfərovun məhkəməsi

Dağlıq Qarabağ mövzusunda müxtəlif araşdırmalar etmiş beynəlxalq ekspertlər də Həsənov kimi proqnozlar verir.

“Bu olanlardan sonra onların çalışmalarının nəticəsiz qaldığını demək olar. Bu situasiyadan hər iki ölkənin radikal elementləri qalib çıxdılar”, münaqişə mövzusunda məşhur “Qara Bağ” kitabının müəllifi Tom De Wall son yazısında bildirib.

Beynəlxalq Böhran Qrupunun nümayəndəsi Sabine Freizer də bildirib ki, “bu olay azərbaycanlılarla ermənilər arasında etimadın artırılması üzrə mümkün olacaq hər-hansı prosesi sual altına alır”.

Hadisə

Ramil Səfərov 2004-cü ildə Müdafiə Nazirliyinin sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən üç aylıq ingilis dili kurslarına qatılıb və fevralın 19-da, kursun bitməsinə 20 gün qalmış kurs yoldaşı əslən erməni olan Qurqen Marqaryanı Azərbaycan bayrağını təhqir etdiyi üçün qətlə yetirib.

İşğal olunmuş Cəbrayıl rayonunda doğulan 35 yaşlı Səfərov törətdiyi cinayətə görə, 2006-ci il, aprelin 13-dən bəri Budapeşt Şəhər Məhkəməsinin qərarı ilə ömürlük azadlıqdan məhrum edilib.

2012-ci il avqustun 31-də Ramil Səfərov Bakıya ekstradisiya edilərək Azərbaycan prezidenti İlham Əliyev tərəfindən əfv edilib, ona mayor rütbəsi və 8 illik zabit maaşı verilib.

Mövzuya aid

BBC © 2014 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.