Kanadada Heydər Əliyev və Mehriban Əliyevanın büstünü niyə qaldırdılar?

Heydər Əliyev və Mehriban Əliyeva Fotonun müəllifi .mehribanaliyeva.org

Kanadanın Niagara-on-the-Lake şəhərinin icra hakimiyyəti Heydər Əliyevin və Mehriban Əliyevanın büstlərini dağıtmayıb, onlar nümayişə qoyulduğu yerdən götürülüb, bu sözləri BBC Azərbaycancaya şəhər Meriyasının mətbuat xidmətindən Dawn Mcnnis bildirib.

"Biz onları Azərbaycan mədəniyyət təşkilatından nümayiş üçün borc almışdıq, sonra qaytardıq" -sözçü deyib. "Hazırda büstlər şəhərimizdə nümayiş olunmur", - o əlavə edib.

İnternetdə yayılan məlumatlara görə, Niagara-on-the-Lake şəhərinin hakimiyyəti Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin və onun gəlini, birinci ledi Mehriban Əliyevanın büstlərini Azərbaycan müxalifətinin Kanadadakı nümayəndəsinin müraciətindən sonra dağıdıb.

İctimai Palatanın Kanadadakı təmsilçisi Həsən Səftərov BBC Azərbaycancaya deyib ki, hazırkı Mer Dave Eke ona yazdığı məktubunda Heydər Əliyevin büstünün qaldırıldığını bildirib.

"Keçmiş Prezident Əliyevin nümayiş olunan büstü və onun məkanı barədə müzakirələr Kanada hökuməti və Azərbaycan Respublikası arasında aparılır" - cənab Səftərova Merin ünvanladığı və onun BBC Azərbaycancaya təqdim etdiyi məktubda deyilir.

Şəhər hakimiyyətinin sözçüsü deyib ki, keçmiş Merin hakimiyyəti dövründə icra hakimiyyətinin Azərbaycan mədəniyyət qrupu ilə yaxşı münasibətləri vardı, hazırkı Merlə isə "belə münasibətlər" yoxdur. "Bu, simvolik münasibətlər idi" - xanım Mcnnis vurğulayıb.

Fotonun müəllifi heydaraliyevfoundation.org
Image caption Mehriban Əliyevanın Niagara-on-the-Lake şəhərindəki büstü

Həsən Səftərovun müraciətində büstlər "diktatorların heykəli" kimi təsvir olunub. Sözçü isə deyib ki, heykəllərin götürülməsinin "diktatorluqla" əlaqəsi yoxdur. "Sadəcə yerli azərbaycanlıların qrupu ilə münasibətlərimiz vardı".

O, bu münasibətlərin "keçmiş Merin dövründə" qaldığını və hazırkı Merin hakimiyyəti zamanı belə münasibətlərin olmadığını xüsusi vurğulayıb.

"Bəs yeni Merin gəlişilə nə dəyişdi" sualına cavabında sözçü deyib ki, yeni Mer "həmin formada" mədəni münasibətləri davam etdirmək istəməyib.

O, heykəllərin götürülməsinin Azərbaycan müxalifətinin apardığı kampaniya ilə bağlı olmadığını, ancaq bir neçə ay öncə onlardan məktub aldığını deyib.

Həsən Səftərov isə Merlə "8 ay yazışdığını" və heykəllərin götürülməsinin onun davamlı müraciətlərinin nəticəsi olduğuna inandığını bildirib.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Əlaqəli mövzular

Bu barədə daha geniş