BBC navigation

"Hicab aksiyası"nda saxlanılanlar "rəftar və şəraitdən şikayətçi deyil"

Son yeniləmə: 9 oktyabr, 2012 - 11:14 GMT

Ombudsmanın Milli Preventiv Mexanizm qrupu təhsil müəssisələrində hicab qadağasına qarşı aksiyada həbs edilənlərin “rəftar, saxlanılma şəraiti və saxlanılmanın qanuniliyini təsdiq edən sənədləri ilə tanış olmaq” üçün saxlanılma məntəqələrini ziyarət edib.

APA yazır ki, paytaxtın Nəsimi və Nərimanov rayonlarının Polis İdarələrinin müvəqqəti saxlanılma təcridxanalarına və Bakı Şəhər Baş Polis İdarəsinin İnzibati həbs olunanların saxlanma məntəqələrinə başçəkən qrup üzvləri saxlanılanların “müəssisələrdə rəftar və şəraitdən şikayət etmədiyini” bildirib:

“Ehtiyacı olan şəxslərə ilkin tibbi yardım göstərilib, həmin şəxslər dövlət və ya öz hesabına vəkillə təmin edilib”, qurumdan agentliyə deyilib.

Bazar ertəsi Baş Prokurorluğun mətbuat xidməti bildirib ki, saxlanılan 74 nəfərdən 32-si barədə həbs qətimkan tədbiri seçilib, 14 nəfər inzibati həbs, 28 nəfərə isə xəbərdarlıq şəklində inzibati cəza verilib.

BBC Azərbaycanca Klikləyin aksiyanın təşkilatçıları barədə məlumatları yeniləmək üçün Baş Prokurorluqla əlaqə saxlamağa çalışsa da, mümkün olmayıb.

Oktyabrın 5-də Təhsil Nazirliyinin qarşısında təxminən iki yüzə qədər dindar hicaba qadağa qoyulmasının aradan qaldırılması tələbi ilə razılaşdırılmamış etiraz aksiyası keçirib.

Rəsmi məlumata görə, 20 polisin xəsarət aldığı aksiya iştirakçılarına qarşı "hakimiyyət nümayəndəsinə müqavimət və zor tətbiq etmək" və "ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə" maddələri üzrə cinayət işi açılıb.

Təhsil müəssisələrində hicaba qadağa 2010-cu ilin dekabrında qoyulub.

2011-ci ilin mayında da Təhsil Nazirliyinin qarşısında eyni tipli etiraz aksiyası keçirilib.

Mövzuya aid

Mövzular

BBC © 2014 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.