BBC navigation

Prezidentin BP-ni təndiq etməsi "qeyri-adi haldır"

Son yeniləmə: 11 oktyabr, 2012 - 08:24 GMT

Prezidentin iclasda hansısa xarici şirkəti tənqid etməsi ilk və qeyri-adi haldır, enerji məsələləri üzrə ekspert deyir.

"Başqa ölkələrdə bu cür məsələlər haqqında prezidentin iqtisadi və ya neft üzrə sözçüləri məlumat verir", İlham Şaban BBC Azərbaycancaya bildirib.

Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Nazirlər Kabinetinin iclasında BP şirkətini Azərbaycanda neft istehsalının aşağı düşməsində və verdiyi proqnozları doğrultmamaqda günahlandırıb və şirkətə qarşı "ciddi tədbirlər" görüləcəyini deyib.

BP şirkəti proqnozların doğrulmamasının səbəblərini açıqlamayıb, amma "BP-nin Azərbaycana sadiq olduğunu" deyib.

"Yeni faktlar"

Cənab Əliyev “Azəri”və “Çıraq” yataqlarında neft hasilatının “kəskin şəkildə aşağı düşməyə başladığını” bildirib, - prezidentin rəsmi saytında yazılıb.

Onun sözlərinə görə, “gözlənilməyən tənəzzül” yataqlar üzrə fəaliyyət göstərən konsorsiuma rəhbərlik edən BP şirkətinin “kobud səhvləri” nəticəsində mümkün olub.

Azəri-Çıraq-Günəşli yatağımda hasilat ilin birinci yarısında əvvəlki ilə nisbətən 12 faiz düşüb., BP-nin saytında deyilir.

Ekspert Şaban deyir ki, Prezident çıxışında "illərlə alınması mümkün olmayan yeni faktları" açıqlayıb:

"BP audit olunmuş hesabatlarında heç vaxt dövlət qarşısında planı olduğunu və neft hasilatının mövcüd planın neçə faizini yerinə yetirməsi bildirilməyib".

Onun fikrincə, bu iradlar BP-ni sıxışdırmaq və ya digər cəhdlər üçün edilmir, çünki "Azərbaycan iqtisadiyyatı neftdən nə qədər asılıdırsa, neft hasilatı da BP-dən o qədər asılıdır":

"Ötən il neft hasilatından büdcəyə gələn 86 faiz gəlirin 84 faizi BP-nın payına düşüb".

Prezident bəyan edib ki, BP-dən ona vəziyyəti düzəltmək vədi verilsə də, yerinə yetirilməyib:

“Mənə verilən vədlər ondan ibarət idi ki, qısa müddət ərzində çox ciddi dəyişikliklər ediləcək, işçi proqrama düzəlişlər olunacaq, hasilatı sabit səviyyədə saxlamaq üçün əməli tədbirlər görüləcək və ən önəmlisi, bu kobud səhvləri buraxan insanlar dəyişdiriləcək”, - Əliyev “BP şirkətinin ona bir ay öncə rəsmi qaydada verdiyi vədləri xatırladıb”.

Əliyev “Dövlət Neft Şirkətinə bu məsələləri rəsmi qaydada araşdırmaq və lazımi tədbirlər görülməsi üçün tapşırıq verildiyini” deyib.

BP-Azərbaycan şirkəti BBC Azərbaycancanın "prezidentin iradlarını qəbul edib-etməməsi və istehsal proqnozlarının özünü doğrultmama səbəbləri" barədə suallarına bildirib ki, şirkət “Azərbaycana tam sadiqdir":

“Azəri-Çıraq-Günəşli” hasilatı ilə bağlı məsələləri mümkün qədər tez bir zamanda həll etmək üçün Azərbaycan Dövlət Neft Şirkəti ilə işləyirik”, - deyən şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı proqnozların doğrulmama səbəblərini açıqlamayıb.

Prezidentin çıxışından: "2009-cu ildə “Azəri”, “Çıraq” yataqlarında bizə verilən hasilat proqnozu 46,8 milyon ton idi. Faktiki isə 40,3 milyon ton səviyyəsində neft hasil edilib. 2010-cu ildə proqnoz 42,1 milyon ton idi, fakt 40,6 milyon ton olub. 2011-ci ildə proqnoz 40,2 milyon idi, real hasilat isə 36 milyon. 2012-ci ildə verilmiş proqnoz 35,6 milyon tondur. İndiki hasilatı nəzərə alaraq belə təxmin etmək olar ki, ilin sonuna qədər bp “Azəri”, “Çıraq” yataqlarından 33 milyon tondan artıq neft hasil edə bilməyəcək".

"Narahatlıq"

İlham Şaban deyir ki, çıxışdan BP ilə Neft Şirkəti arasında hasilatla bağlı "fikir ayrılığı" olduğu bəlli olsa da, gözləmək lazımdır:

"Bizdə kifayət qədər məlumat olmadığından gümanlarla danışmalı və BP-nin "hasilat problemlərini tez bir zamanda həll etmək üçün çalışaçağı" tezisinin doğrulmasını gözləməliyik".

Prezidentin sözlərini BBC Azərbaycancaya şərh edən iqtisadçı Zöhrab İsmayıl deyir ki, prezident neft hasilatının azalmasından narahatdır və BP-ni hasilatın artırılmasına "yetərincə çalışmamaqda" günahlandırır:

"Azərbaycan höküməti anlamalıdır ki, neft bir gün fontan vurduğu kimi, bir gün də duracaq. Hökümət düşünməməlidir ki, neft bu gün çox çıxdı, ya sabah", - İsmayıl bildirir.

Onun sözlərinə görə, neft hasilatı hazırda pik dövrünü yaşasa da, 2013-14-cü illərdən "azalmağa doğru gedəcək".

Prezident İlham Əliyev çərşənbə günü Nazirlər Kabinetinin 2012-ci ilin doqquz aylıq sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasını keçirib.

Mövzuya aid

Mövzular

BBC © 2014 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.