BBC navigation

"Azəri-Çıraq-Günəşli bundan artıq neft hasil etməyə qadir deyil"

Son yeniləmə: 15 oktyabr, 2012 - 17:16 GMT
Tom Bergin

Tom Bergin deyir ki, Prezidentin BP-ni tənqidinə səbəb onun ötən ay dərc etdirdiyi araşdırmadır.

Neft sənayesi və diplomatlarla Azərbaycan hökumətinin Azəri-Çıraq-Günəşli yatağının istehsal gücü ilə bağlı fikirləri üst-üstə düşmür, britaniyalı jurnalist belə hesab edir.

Tom Bergin deyir ki, Azərbaycan hökuməti yüksək hasilat səviyyəsini saxlamaq istəsə də, neft sənayesi rəhbərləri onunla söhbətində AÇG yatağının geologiyasının buna qabil olmadığını deyib.

BP şirkətində son kadr dəyişikliyi prezidentin iradı ilə bağlıdır, Reuters müxbiri, "Spills & Spin: The Inside Story of BP" kitabının müəllifi Tom Bergin BBC Azərbaycancaya müsahibəsində deyir.

O, BP haqda bəyanatların onun Azərbaycan hökumətilə müqaviləsinə xitam veriləcək qədər güclü olmaması fikrindədir.

Azəri-Çıraq-Günəşli

"Vəziyyət budur ki, müəyyən müddət ərzində bu yataqdan gündə 1 milyon bareldən artıq neft istehsal olunmalı idi, amma heç zaman istehsal buna yaxın olmadı" - Azərbaycanda neft hasilatı məsələləri haqda araşdırma aparan jurnalist Bergin deyir.

O, bir neçə həftə öncə yazdığı araşdırma Klikləyin yazısında bildirmişdi ki, Azəri-Çıraq-Günəşli yatağında hasilat aşağı düşür və neft sənayesi rəhbərləri buna səbəb kimi yatağın geologiyasını göstərirlər.

"Hökumət deyirdi neftin çıxarılmasını qəsdən yavaşladır ki, istehsal müddətini uzatsın və gələcək nəsillər də bu yataqdakı neftdən fayda götürsün".

Ancaq Tom Bergin Bakıda neft şirkətlərinin rəhbərlərilə, diplomatlarla danışanda başqa mesajlar aldığını deyir: "Dedilər ki, yatağın geologiyası ümid edildiyi qədər yaxşı deyilmiş və yataqda istehsal kəskin şəkildə aşağı düşəcək".

"BP etiraf edib ki, yataq şirkətin əvvəlcə düşündüyü qədər yaxşı deyil və bu yatağın təbii istehsal profili elədir ki, onda kəskin eniş ola bilər".

BP həmçinin deyib ki, yataqda əməliyyat işlərilə bağlı müqavilənin müddəti uzadılsa, yatağa sərmayə yatırar və bununla da, istehsalda enimi yavaşlada bilər.

Gərginlik

Tom Bergin BP və Azərbaycan hökuməti arasında gərginliyi "xeyli ciddi məsələ" hesab edir.

"Azərbaycanda neft istehsalı digər neft-qaz istehsalçısı olan ölkələrdə olduğu kimi xeyli siyasi məsələdir. Ölkə büdcə gəlirlərı və iş yerlərinə görə neft istehsalından asılıdır" - Tom Bergin deyir.

AÇG-də neft hasilatı 2010-cu ildə gündə 823 min barel pik səviyyəsinə çatandan sonra hasilat kəskin şəkildə aşağı düşür, ekspertlər deyir.

Tom Bergin Prezidentin BP-ni tənqidinə özünün müəllifi olduğu araşdırmanın səbəb olduğunu düşünür.

“Yazı yazıb deyiriksə ki, neft gözlənildiyindən daha tez qurtaracaq, hökumət bu məsələyə münasibət bildirməli idi” - o, deyir.

“Hökumət ona görə də, münasibət bildirmək qərarına gəldi. Onlar neft istehsalında sürətli enimə görə BP-ni günahlandırırlar. Ancaq neft sənayesi rəhbərlərindən aldığımız şərhlərə görə, səbəb sadəcə geologiyadır və yataqda rezervuar təzyiqi yoxdur” - cənab Bergin əlavə edir.

"Hökumət aydın deyib ki, yüksək istehsal səviyyəsini saxlamaq istəyir. Hazırkı hasilat sistemi isə buna qabil deyil. Əgər konsorsium və hökumət istehsalda enim səviyyəsini azaltmaq istəyirsə, yatağa çoxlu pul xərcləməlidir. Biz Bakıdakı mənbələrdən bunu eşitdik" - jurnalist xatırlayır.

BP-də kadr dəyişikliyi

İlham Əliyev

İlham Əliyev ötən həftə BP-ni tənqid edib.

BP-Azərbaycan şirkətinin terminal və quruda ixrac-boru kəmərləri üzrə vitse-prezidenti Kemp Copeland ötən həftə sonu təqaüdə çıxıb. Onu vəzifədə Craig Wiggs əvəzləyəcək.

"Cənab Əliyev dedi ki, kiminsə məsuliyyəti boynuna almasını istəyir. Əgər o bunu deyibsə, bu, olmalıdır. Neft şirkətləri bilir ki, neft istehsal etdiyi ölkənin hökumətinin razı qalmasını təmin etməlidir" - cənab Bergin deyir.

Prezident İlham Əliyev ötən həftə BP şirkətini Azərbaycanda neft istehsalının aşağı düşməsində və verdiyi proqnozları doğrultmamaqda günahlandırıb və şirkətə qarşı "ciddi tədbirlər" görüləcəyini deyib.

“Mənə verilən vədlər ondan ibarət idi ki, ... hasilatı sabit səviyyədə saxlamaq üçün əməli tədbirlər görüləcək və ən önəmlisi, bu kobud səhvləri buraxan insanlar dəyişdiriləcək”, - cənab Əliyev deyib.

"Əgər prezident deyirsə ki, əməliyyatda dəyişilik etməldir, BP üçün bunu etməmək çətin olardı. Neft şirkətinin prezidentdən belə birbaşa əmri yerinə yetirmədiyini görmək təəccüblü olardı" - Tom Bergin belə hesab edir.

BP BBC Azərbaycancanın sorğusuna cavabında bildirib ki, cənab Copelandın vəzifədən getməsinin səbəbi Prezidentin tənqidilə bağlı deyil və "çoxdan planlaşdırılırdı".

Başqa şirkət

Hökumət BP ilə işləməkdən imtina etmək istəsə, onu başqa şirkət əvəzləyə bilərmi? Tom Bergin hesab edir ki, BP-nin yataqda əməliyyatlara rəhbərliyi itirmək təhlükəsi ciddi deyil və başqa şirkətlər "BP-nin bədbəxtliyindən yararlanmaq" istəməz.

"AÇG yatağı artıq bir neçə ildir ki, neft hasil edir və böyük enim yaşayır. Beynəlxalq şirkətlər hasilatı enməkdə olan yataqlara maraq göstərmirlər. Onlar adətən yeni yataqlarda, inkişafda olan və ya yeni kəşf edilən yataqlarda maraqlı olurlar" - o deyir.

Ekspert hesab edir ki, AÇG yatağı Exxon və ya Shell kimi şirkətlərin investisiya profilinə uyğun gəlmir.

O həmçinin deyir ki, şirkətlər adətən mübahisəli məsələlərə baş qoşmaq istəmirlər. "Əgər BP oradan çıxarılsa, digər şirkətlər həmin yatağa gəlməyə rahatsız ola bilərlər. Əvvəla ona görə ki, hökumət əvvəlki operatordan razı deyildi. Bu isə o deməkdir ki, hər kim o yataqda əməliyyat başına gəlsə, gözlədiyindən daha çox nəzarət altında olacaq".

Jurnalist hesab edir ki, şirkətlər başqa birinin bədbəxtliyindən faydalanmaq istəməzələr. "Məsələn Exxon istəməz ki, BP-nin uğursuzluğundan yararlanan şirkət kimi görünsün".

Onun fikrincə, BP-nin operatorluğu itirməsi təhlükəsi "bəzi şərhlərdə göründüyü qədər güclü deyil".

"Biz Azərbaycana tam sadiqik. Biz Azəri-Çıraq-Günəşli yatağında hasilat məsələlərinə tez bir zamanda baxmaq üçün Dövlət Neft Şirkətilə işləyirik", - BP-nin Londondakı ofisinin mətbuat xidməti BBC Azərbaycancaya deyib.

Mövzuya aid

BBC © 2014 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.