Azərbaycanda cinsi azlıqlar "heç vaxt nigah istəməyib"

Fotonun müəllifi AFP

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə “həmcins insanların birgə yaşamasının təlqin edilməsini” tənqid edib.

“Biz bu cür məsələləri necə qəbul edək? Bu, bizim üçün vicdan azadlığının məhdudlaşdırılmasıdır. Mən həmişə xarici ölkə rəsmləri və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşdə onlara bunu anlatmağa çalışıram”, APA yazır ki, Paşazadə məsələni “qəbuledilməz” adlandırıb.

O, din və vicdan azadlığının “sərhəddi” olduğunu və “sərhədi keçdikdə isə digərlərinin hüquqları pozulduğunu” qeyd edib.

Cinsi azlıqların hüquqlarını qoruyan təşkilatlar Şeyxülislamın eynicinsli insanların birgə yaşaması ilə bağlı sözlərinə “təəccüblənib”.

BBC Azərbaycancaya danışan “Azad LGBT (Lezbi-Gey-Biseksual-Transseksual)" qeyri-hökümət təşkilatının sədri Vüqar yerli azlıqların “heç vaxt qanuni evlilik istəmədiyini” deyir:

“Bizim LGBT özləri barədə cəmiyyətə açıq deyə bilmir, o ki qala qanuni evlənmək tələbi!”

Paşazadənin sözlərini dəyərləndirən Vüqar “iki insanın sevgi ilə birgə yaşamasında pis heç nə olmadığını və insanların evində nə baş verdiyinin onların şəxsi məsələsi olduğunu” deyir.

"Onlar da vergi verir..."

Azad LGBT rəhbəri Azərbaycanda on iki ildən çox birgə yaşayan cütlüklərin olduğunu, onların hamı kimi vergi verdiyini və kommunal xərcləri ödədiyini misal gətirir.

Onun sözlərinə görə, “eynicinsli nigahlar haqqında” qanundan öncə adi qanunlar azlıqların hüquqlarını qorunmalıdır:

“Azərbaycan qanunvericiliyində nifrət cinayəti ilə bağlı maddə yoxdur. Xarici qanunlarda nifrət cinayətinə görə normadan artıq cəza verilir”.

Azərbaycan qanunvericiliyində həmcins nigahların tənzimlənməsi barədə məlumat yoxdur, qanunlarda “eynicinsli” və ya “həmcins” sözləri də keçmir.

Lakin LGBT nigahları barəsinda qanunun qəbulu Avropa Şurasının üzvü kimi Azərbaycana verdiyi məsləhətlərə daxildir.

“Müxtəlif illərdə iki dəfə Milli Məclisdə belə qanun layihələri müzakirə edilib, amma yetərsiz sayılıb”, Vüqar qeyd edir.

Nigah məsələləri barədə olan Konstitusiyanın 34-cü maddəsi və Ailə Məcəlləsində “hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ olduğu” deyilir.

Həmçinin “yetkinlik yaşına çatmış kişilərin və qadınların hər biri, irqi, milli və dini əlamətlərə görə heç bir məhdudiyyət qoyulmadan nigaha daxil ola bilərlər. Nigaha daxil olmaq haqqında ərizəyə isə bir ay müddətində baxıldığı yazılır.

Yerli media yazır ki, Azərbaycanda indiyə qədər eynicinsli nigahlar üçün ərizə verilməyib.

Cinsi azlıqların nigahı ilə bağlı müzakirələr çərşənbə günü Bakıda keçirilən “Dini və etiqad azadlığı: Hüquqi, siyasi və ictimai aspektlər” mövzusunda keçirilən Respublika konfransında edilib.

Bu barədə daha geniş