BBC navigation

Azərbaycanda seksual tərbiyə dərsi "keçilməyə bilər"

Son yeniləmə: 15 noyabr, 2012 - 15:03 GMT

Millət vəkili Hadı Rəcəbli Azərbaycanda orta məktəblərdə cinsi tərbiyə üzrə dərslərin keçirilməsinin qanuna salındığını inkar edir.

"Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında" yeni qanunun hazırlanmasında iştirak edən deputat, Milli Məclisin Sosial-siyasət komitəsinin sədri Rəcəbli BBC Azərbaycancaya bildirir ki, bu dərsin keçirilməsi “qanunda öz əksini tapmayıb”.

Bir müddət əvvəl yerli media orta məktəblərin yuxarı siniflərində cinsi tərbiyə və ailə planlamasını birləşdirən dərsin keçirilməsinin gözlənildiyini və bunun yeni qanuna salındığı barədə informasiya verilib.

Trend agentliyi Milli Məclisin Sosial-siyasət komitəsinin üzvü, deputat Elmira Axundovanın sözlərinə istinadən yazıb ki, “Azərbaycanda yetkinlik yaşına çatmayanların mütləq şəkildə cinsi tərbiyəsi aparılmalıdır”.

"İnsanları yeniyetmə yaşından gələcəkdə ailə qurmaq vəziyyətinə hazırlamaq lazımdır. Hazırda Azərbaycanda bir çox gənclər ailə qurarkən ailə həyatına tam hazırlıqsız olurlar. Bu da xüsusən özünü rayon, kənd yerlərində büruzə verir", agentlik Axundovadan sitat gətirib.

"Etiraz"

Cinsi tərbiyə dərsləri barədə məlumat ictimaiyyətdə birmənalı qarşılanmayıb, əleyhinə və lehinə danışanlar olub.

Qanuna seksual tərbiyə fənninin salınmasına “mütləq etiraz” Milli Fikir Mərkəzindən (MFM) gəlib.

Mərkəzin sədri Şəhriyar Məcidzadə cinsi tərbiyə dərsinin gələcəkdə “ciddi fəsadlar” törədəcəyinə inanır.

O, bu dərsin tədrisindən öncə, cəmiyyətdə sosioloji və psixoloji araşdırmalar aparılmasını istəyir.

"Seksual münasibətlərin necə qurulacağı barədə dərs danışılan auditoriyada ciddilik qalar, təhsil qalar?” "

Şəhriyar Məcidzadə, Milli Fikir Məclisinin sədri

“ABŞ-da bu tip qərar verməzdən əvvəl yeniyetmələri araşdıran, büdcəsi 1,5 milyard dollar olan mərkəzlər yarandı. İngiltərə kimi Qərb ölkələri isə bundan artıq imtina edib”, deyən Məcidzadə cinsi tərbiyə dərslərinin xarici ölkələrdə “QİÇS xəstəliyi və cinsi zorakılığın artmasına səbəb olduğunu” qeyd edir.

Məcidzadə bu dərslərin Azərbaycanda “dindarları ayağa qaldıracağını” və “bölgələrdə qızların məktəbə buraxılmayacağı” kimi nəticələri olacağını da düşünür:

“1979-cu ildə əhalisinin cəmi iyirmi faizinin dindar olduğu İranda xalqın sürətlə liberallaşdırılması İslam inqilabla nəticələndi” deyən Məcidzadə “Azərbaycanı da eyni yolun gözləyəcəyini” istisna etmir.

"Din qarşı deyil, əgər..."

Dini radikallığı ilə seçilən Nardaran Ağsaqqalları Şurasının rəhbəri Məşədi Natiq dindarların cinsi tərbiyə dərslərinə “qarşı olmadığını” deyir, amma:

“Əsas məsələ fənnin necə təqdim edilməsidir, əxlaqi terminlərdən istifadə etməklə, azərbaycanlı əxlaqı ilə və qızlar və oğlanlar üçün ayrı auditoriyalarda təqdim edilərsə, heç kim qarşı olmaz”, Məşədi Natiq BBC Azərbaycancaya deyir.

O deyir ki, dini mərkəzlərdəki əxlaq dərslərində də “hər şeydən danışırlar, amma qızlar və oğlanlara ayrı-ayrı otaqlarda”.

MFM sədri Məcidzadə “dindarların etiraz etmə ehtimalından” başqa, qanun qəbul olunarsa, təhsil sisteminə “ziyan gələ biləcəyini” deyir:

“Seksual münasibətlərin necə qurulacağı barədə dərs danışılan auditoriyada ciddilik qalar, təhsil qalar?” deyə Məcidzadə sual edir.

"“Əsas məsələ fənnin necə təqdim edilməsidir, əxlaqi terminlərdən istifadə etməklə, azərbaycanlı əxlaqı ilə və qızlar və oğlanlar üçün ayrı auditoriyalarda təqdim edilərsə, heç kim qarşı olmaz”"

Məşədi Natiq, Nardaran Ağsaqqallar Şurası

Mərkəzin 8 noyabrda yaydığı bəyanatda yazılır ki, “təklif Azərbaycanın mənəvi dəyərlərini aşağılanması kimi qiymətləndilir və onun dərhal gündəmdən çıxarılması tələb edilir”.

Yeni qanun layihəsini əldə edə bilməyən Mərkəz, bu məsələnin gündəmdən qalxması üçün “hərəkətə keçəcəyini və tədbirlər və dinc aksiyalar keçirəcəyini” də bildirib.

Məcidzadə deyir ki, "Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında" qanunun nüsxəsini dəfələrlə əldə etməyə çalışsa da, mümkün olmayıb.

Yerli media yazır ki, yeni qanunda “yetkinlik yaşına çatmayanların reproduktiv sağlamlıqlarının qorunması və ailə həyatına hazırlıq məqsədilə cinsi tərbiyə və təhsili ailədə, habelə müvafiq təhsil proqramlarına əsasən təhsil müəssisələrində xüsusi hazırlıq keçmiş şəxslər tərəfindən həyata keçirilməlidir”.

Layihəni təqdim edən Hadı Rəcəbli BBC Azərbaycancaya yeni qanunda reproduktiv sağlamlığın qorunmasının dövlət tərəfindən tənzimlənməsi, selektiv abortların qadağası, qoruyucu vasitələrin pulsuz paylanması və digərin nəzərdə tutulduğunu bildirir.

Yaxın günlərdə Milli Məclisin “ən azı komitə səviyyəsində” müzakirəsi gözlənilən yeni qanun, bundan əvvəl bir dəfə geri qaytarılıb.

Mövzuya aid

BBC © 2014 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.