Muhteşem Yüzyıl Erdoğanı niyə qəzəbləndirdi?

Muhteşem Yüzyıl Fotonun müəllifi startv.com.tr
Image caption Rəqibləri Erdoğanın teleserialın şöhrətinə paxıllıq etdiyini deyir.

Vaxtilə onu "Böyük şəhərdə seks - Osmanlı üslubunda" adlandırırdılar. Hər çərşənbə günü Türkiyənin televiziya tamaşaçılarının üçdə biri Muhteşem Yüzyıl serialına baxır.

Dünyada 150 milyon tamaşaçı 16-cı əsrdə, ən böyük Osmanlı sultanlardan biri olan Sultan Süleyman Qanuninin şahlığı zamanından bəhs edən bu serialı izləyir.

Mədəniyyət Nazirliyinə əsasən, serial 76 ölkəyə ixrac olunub və ötən il 65 milyon dollar, bu il isə təxminən 90 milyon dollar gəlir gətirib. Bəziləri deyir ki, o, Türkiyənin ən effektli "yumşaq güc" alətidir.

Ötən həftə Türkiyə Baş Naziri Recep Tayyip Erdoğan serialın onun əcdadlarının görkəmli tarixini ucuz saray intriqasına və güc mübarizəsinədək alçaltdığına görə serialı "təqlid" adlandıranda serialın tək-tük azarkeşləri yox, bütün dünya buna diqqət verdi.

"Biz... öyle bir Sultan Süleyman tanımadık, onun ömrünün 30 yılı at sırtında geçti. Sarayda o gördüğünüz dizilerdeki gibi geçmedi", Erdoğan deyib.

Türkiyə öz baş nazirinin sənət və ya memarlığa dair məzəmmətlərinə öyrəncəlidir. Bir neçə il əvvəl o, Kars şəhərində Ermənistan və Türkiyə dostluğunun şərəfinə tikilən nəhəng heykəlin sökülməsinə sərəncam vermişdi.

Bu yaxınlarda isə baş nazir İstanbulun Çamlıca təpələrində məscidin tikilməsini istəyib. O istəyib ki, məscid nəhəngliyinə görə şəhərin hər tərəfindən görünsün.

Beləliklə, Erdoğan İsrail-Qəzza münaqişəsinin qızğın vaxtında, Suriya ilə gərginliyin artdığı bir zamanda Türkiyənin ən populyar serialını hədəfə alanda, bir çoxları onun sərt sözlərinə əhəmiyyət vermədi və onun gündəmi dəyişməyə çalışdığını düşündü.

Təbii olaraq, bu məsələ Türkiyənin son vaxtlara qədər "qonşularla sıfır problemli" kimi tanınan xarici siyasətindən daha çox diqqət cəlb etdi.

Ölkədə ifadə azadlığının pisləşməsindən narahat olanlar üçün isə bu, tükürpərdici bir xəbər idi. Onlar bunu Erdoğanın artan avtoritarizminin daha bir nümunəsi adlandırıb.

"Yeganə sultan"

Baş nazir teleserialın direktoruna və telekanalın sahibinə xəbərdarlıq edildiyini deyib. O, həm də məhkəmənin məsələyə müdaxilə etməsini istədiyini bildirib.

Erdoğanın siyasi rəqibləri iddia ediblər ki, o, serialın populyarlığına paxıllıq edir.

"Erdoğan yeganə sultan olmaq istəyir", Türkiyədə aparıcı müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının sədr müavini Muharrem İnce deyib.

Fotonun müəllifi AP
Image caption Simpsons cizgi filmi "Allahı ələ saldığına görə" telekanal cərimələnib.

Hakim partiyanın konstitusiyaya, Recep Tayyip Erdoğanın prezident sisteminin başçısı olmasına imkan verən dəyişiklər planına istinad edən Millətçi Hərəkət Partiyasının rəhbəri Devlet Bahçeli iddia edib ki, Erdoğan özünün sultan olacağı konstitusional monarxiya yaratmaq istəyir.

Teleserialın baş nazirin sözlərindən sonra yayımlanan epizodu həmişəkindən daha çox tamaşaçı cəlb etdi. Bəzi şərhçilər qabaqcadan demişdi ki, hakim Ədalət və İnkişaf Partiyası (AKP) bu cür müdaxilənin dəstəklənmədiyini görəndə geri çəkiləcək.

Onlar yanıldı.

AKP deputatı Oktay Saral Türkiyənin Radio və Televiziya Ali Şurasını (RTÜK) idarə edən qanuna dəyişiklik etməyi təklif edib ki, tarixi şəxsiyyətləri təhqir etmək cinayət hesab olunsun.

Yeni qanun qəbul edilsə, Muhteşem Yüzyıl kimi seriallar qadağan olunacaq.

Taraf qəzetinin redaktoru Ahmet Altan yazıb ki, hökümət Türkiyəni "19-cu əsr Rusiyasından daha geridə qalmış" dövrə götürmək istəyir.

"AKP deputatının təklif etdiyi qanun çar Rusiyası dövründə qüvvədə olsaydı, Tolstoy Hərb və Sülh romanını heç vaxt yaza bilməzdi", o deyib.

Simpsonlar

RTÜK hələ ki populyar tarixi seriala qarşı addım atmayıb, lakin bu həftə başqa bir çox izlənən şouya qarşı hökm çıxarıb. Tənzimçi qurum proqramın xüsusi Halloween buraxılışında dini dəyərləri təhqir etdiyinə görə, The Simpsons cizgi filmini yayımlayan CNBC-e telekanalını 52,951 Türk Lirası (23 min manatdan çox) məbləğində cərimələyib.

Televiziya tarixində ən uzun komediya serialı olan və 100-dən çox ölkədə yayımlanan The Simpsons Osmanlı hərəmxanası dastanından da məhşurdur.

Tənzimçi qurum deyib ki, telekanalı "Allahı ələ saldığına, gənclərin zorakılığa əl atmasını göstərdiyinə və Yeni İl gecəsi onları spirtli içki içməyə həvəsləndirdiyinə görə" cərimələyib.

Qəzet başlıqları Homer Simpsonun dililə "D'oh!" deyə-deyə qaldı...

Bu barədə daha geniş