BBC navigation

İslam Partiyası 20 illik yubileyini yalnız “ehsan süfrəsi” ilə qeyd edib

Son yeniləmə: 24 dekabr, 2012 - 13:46 GMT
İslam Partiyası 20 illik yubileyini yalnız “ehsan süfrəsi” ilə qeyd edib

Partiyanın sədr müavini Akif Heydərli BBC Azərbaycancaya deyir ki, onlar hakim və müxalif partiya nümayəndələri, xarici ölkə səfirləri, ictimai xadimlər, ziyalıların da iştirak edəcəyi və partiya barədə “Keçmişdən gələcəyə” kitabının təqdim ediləcəyi tədbir keçirmək istəsə də, Yasamal Rayon Polis İdarəsi “imkan verməyib”.

“Tədbir günü Yasamalda yerləşən “Elit” restoranına gəldik. Amma restoran rəhbərliyi dedi ki, onlar YRPİ tərəfindən təhdid olunub, bu tədbiri keçirmək mümkünsüzdür”.

Partiya rəsmisi, yubileyin başlamasına 15 dəqiqə qalmış Polis İdarəsinin rəhbəri İsmayıl Əsədovun danışıqlardan sonra “yalnız yemək süfrəsi” üçün 30 dəqiqəlik icazə verdiyini deyir.

Bu səbəbdən, partiya tədbirdə dörd yüzə qədər qonağın gəldiyini, lakin onlardan 160-nın yeməkdə iştirak etdiyini bildirir: “Qonaqların çoxu restoranın həyətində bizi təbrik edib getdi”.

Heydərli, polis rəisi Əsədovun da küçədən nəzarət etdiyi tədbirin yarım saatlıq yeməyində “İslam əxlaqının nümayiş etdirildiyini və siyasi söhbət edilmədiyini” qeyd edir.

Daxili İşlər Nazirliyi partiyanın yubileyinə polis müdaxiləsini “tədbirin icra hakimiyyəti orqanları ilə razılaşdırılmaması ilə” əlaqələndirir.

“Tədbirin yalnız razılaşdırılmış hissəsinə icazə verilib”, nazirliyin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov BBC Azərbaycancaya deyib.

Onun sözlərinə görə, tədbirləri keçirmək üçün “adətən” müvafiq icra və ya şəhər icra orqanları məlumatlandırılır, polis isə tədbirlərin təhlükəsizliyini qoruyur.

“Mənim bildiyimə görə, onlar ehsan süfrəsi adı altında siyasi toplantı keçirmək istəyib, sadəcə ehsan süfrəsi açmaq istəyirlərsə, Allah qəbul eləsin, amma onlar rəsmi çıxışlarla nəzərdə tutulmayan tədbir etmək istəyib”.

Ehsan süfrəsi üçün icazənin “30 dəqiqə” üçün verilməsi barədə Zahidov deyir ki, “vaxtı polis deyil, özləri müəyyənləşdirib”.

Zahidov, islamçıların onlara edilən təklifin “anlamlı qarşıladığını” deyir, lakin “Məhərrəmlik ayında həm ehsan süfrəsinin, həm partiyanın 20 illik yubileyin, həm də mitinq keçirilməsinin eyni vaxta salındığına” təəccübləndiyini bildirir.

Onun fikrincə, partiya İmam ehsanı adı ilə “təbliğat aparır”.

İslam partiyasının adı çəkilən tədbiri dekabrın 20-ə nəzərdə tutulub.

Mövzular

BBC © 2014 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.