BBC navigation

5 qəpik

Son yeniləmə: 18 yanvar, 2013 - 12:29 GMT
5 qəpik

Foto: "5 qəpik" Facebook səhifəsindən

Sosial şəbəkələrdə azərbaycanlı istifadəçiləri son bir neçə gün ərzində ən çox maraqlandıran mövzu “5 qəpik” olub.

Şənbə günü keçirilən etiraz aksiyasında saxlanılanların 300-600 manat arasında cərimələnməsi barədə məlumat yayılandan sonra, bəzi fəallar bu pulun böyük hissəsini 5 qəpiklərlə ödəməyə qərar veriblər.

Bu, sosial şəbəkələrdə yeni aksiyaya çevirilib. Son məlumata görə çərşənbə axşamı başlayan ianə vermədə 6135 AZN toplanıb, 481 nəfər iştirak edib.

Bir çox adam Twitter mikrobloq şəbəkəsinin “hashtag” vasitəsilə #5qepik və #5qəpik yazaraq ianəni necə verdikləri haqqında və ya bu aksiya barədə nə düşündüklərilə bölüşüb.

Bu mövzuda ən çox paylaşılan tweet (37 dəfə) Bəxtiyar Hacıyevə məxsus olub.

“Bakıda təhsil alan Türkiyəli bir gənc tələbə 3 ildir topladığı 5 qəpiklik kolleksiyasını #5qepik aksiyasına ianə etdi. Bir millət iki dövlət”, o yazıb.

Hərəkatın həmçinin Facebook səhifəsi açılıb və 24 saat ərzində bu səhifəni 1 mindən çox istifadəçi bəyənib. Bir çoxu “5 qəpik” adlı səhifəyə bu puldan düzəltdikləri şəkilləri və ya ianələr haqqında hekayələrini göndərir.

Səhifənin açılmasından əvvəl isə həmin şəbəkədə “"Əsgər Ölümlərinə Son!" aksiyasında cərimə olunan gənclərə dəstək!” adlı tədbir səhifəsi 7000-dən çox istifadəçi cəlb edib.

Aksiyaya həm Azərbaycandan, həm də dünyanın digər ölkələrindən dəstək gəlib.

Müsbət Dəyişiklik Gənclər Hərəkatının qərargahında başlayan ianə toplaması həmin təşkilatın ofisində baş verir. İlkin toplantıda fəallar Bəxtiyar Hacıyev, Emin Milli, Ruslan Əsəd, Nərmin Rəhimli və Zaur Əkbərin ianələrə nəzarət edəcəyinə qərar verilib.

Almaniyada yaşayan Həbib Müntəzir və Qurban Ələkbərov isə Facebookda Azərbaycandan kənarda yaşayanları pulu “Vereinigung für die Demokratie in Aserbaidschan” (Azərbaycan Demokratiya Birliyi) təşkilatının bank hesabına göndərməyə dəvət edib.

5 pens

Britaniyanın Azərbaycandakı səfirliyinin rəsmi Facebook səhifəsində yayılan 5 pens (Britaniyada istifadə olunan 5 qəpik) şəkli bir çox istifadəçinin bu aksiyanı dəstəkləməsi işarəsi kimi qəbul edilib.

Çərşənbə günü səhifəyə yerləşdirilən bu şəkilin Azərbaycanda keçirilən aksiya ilə bağlı olub-olmadığı qeyd edilməsə də, onun kampaniya zamanı paylaşılması birmənalı qarşılanmayıb.

Dəstək göstərənlər arasında Minval və Yeni Müsavat qəzetləri var. Minval xəbər saytı bu iki mətbuat orqanının ianə toplaması barədə YouTube saytına video yükləyib.

Bəziləri 5 qəpik təşəbbüsünü Apple və Samsung şirkətləri arasındakı məhkəmə işi ilə əlaqələndiriblər.

“Gənclər əsgər ölümünə qarşı 12 yanvar etiraz aksiyasında iştirak etdiklərinə görə cərimələnənlər üçün #5qepik pullar (5 avrosent) yığırlar. #Samsung və #Apple –dan ruhlanıblar”, jurnalist Xədicə İsmayıl Facebookda yazıb.

Məhkəmə Samsungun Apple-a 1 milyard dollarlıq cərimə ödəməsi haqqında qərar çıxaranda, Samsungun bu məbləği 5 sentlərlə ödəməsi haqqındatəsdiqlənməyən şaiyələr peyda olmuşdu.

Qınayanlar

Lakin sosial şəbəkələrin bəzi istifadəçiləri müxtəlif səbəblərə görə bu aksiyanı qınayır və ya ona qoşulmaq istəmirlər.

"Yaxşı, bu dəfə yığdınız verdiniz, bəs gələn dəfə? Belə çıxır ki, əsgərliyə getməməyi pulla aldığımız kimi, indi də mitinqə çıxmağı pulla alacağıq" Ülvi İsmayıl belə sual verir.

“5 qəpik askiyasının məqsədi növbəti aksiyalar üçün gəncləri ürəkləndirməkdir ki, cərimə almaqdan qorxmasınlar” fikri – ictimai sektorun ən zəif, ən cılız arqumentidir”, Niderlandda yaşayan İsa Yusibov Facebook səhifəsində deyib.

@HuseynovaTurkan isə tənqidi fikirlərə Twitterdə münasibət göstərib: “Ölkədə ikiüzlü insanlar çoxdu, ayrı vaxt bizlərə yekə-yekə “kreativ olun” məsləhərləri verənlər #5qepik etirazını bəyənmirlər, səmimiyyətsizlik”.

BBC © 2014 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.