BBC navigation

Cərimələnən gənclər Apellyasiya Məhkəməsinə müraciət edəcək

Son yeniləmə: 18 yanvar, 2013 - 17:07 GMT
Bakıda etirazlar

Yanvarın 12-də Bakının mərkəzində keçirilən əsgər ölümlərinə qarşı razılaşdırılmamış aksiyada iştiraka görə cərimələnən gənclər Apellyasiya məhkəməsinə müraciət etməyə hazırlaşır.

Cərimələnən gənclərdən biri, Nida Vətəndaş Hərəkatı idarə heyətinin üzvü Turqut Qəmbər BBC Azərbaycancaya məhkəmənin qərarından şikayət hazırlandığını deyib.

"Amma biz Apellyasiya məhkəməsinin müsbət qərar çıxaracağını gözləmirik. Ona görə də növbəti mərhələdə Avropa Məhkəməsinə şikayət ərizəsilə müraciət edəcəyik".

Gənclərə kəsilən cərimələrin toplanması məqsədilə keçirilən "5 qəpik" aksiyasında 6 min manatdan çox yığıldığını deyən Qəmbər heç bir halda cəriməni ödəməyəcəyini bildirir.

"Bizə dəstək olan gənclərə təşəkkürümüzü bildiririk. Ancaq şəxsən mənim cəriməm üçün yığılan pul şəhid ailələrinə ödəniləcək. Biz cərimə ödəməyəcəyimiz halda olacaqları göz önünə almışıq", o deyib.

"Bu kampaniyanın məqsədi həm gənclərin həmrəy olduğunu göstərmək, həm də məhkəmələrimizdə ədalətin 5 qəpikdən artıq dəyərləndirilmədiyini göstərmək idi", Qəmbər əlavə edir.

Media Forum saytı gənclərin vəkili Əsəbəli Mustafayevə istinadən xəbər yayıb ki, aksiyada həbs olunmuş və cərimələnən 22 nəfərin işindən apellyasiya şikayəti hazırlanıb.

“Apellyasiya şikayətində dövlətin həmin 22 nəfərin hər birinə 2000 manat, yəni ümumilikdə 44 min manat təzminat ödəməsi tələbi qoyulub. Çünki aksiya iştirakçılarının həbs olunub polis bölmələrinə aparılması qanun pozuntusudur və polis aksiya iştirakçılarını həbs etməklə onların ifadə azadlığını pozub".

Mustafayev hakimiyyətin gəncləri "planlı şəkildə" cərimələdiyini və aksiyanın digər iştirakçılarından ayırdığını deyib.

"Qanuna görə, təsadüfi toplantı üçün əvvəlcədən kiməsə məlumat vermək, xəbərdarlıq etmək, icazə almaq tələb olunmur. Ona görə də əsgər ölümünə görə keçirilən aksiyada hər hansı qanun pozuntusu yoxdur".

Xatırladaq ki, 12 yanvar aksiyasına görə məhkəmə 22 gənci ümumilikdə 10 min 500 manat dəyərində cərimələyib.

Gənclər 19 yaşlı əsgər Ceyhun Qubadovun hərbi hissədə öldürülməsinə dair xəbərlər yayıldıqdan sonra orduda ölüm hallarına son qoymaq tələbilə aksiya keçiriblər.

Mövzular

BBC © 2014 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.