BBC navigation

Rasim Balayevin Kinematoqrafçılar İttifaqından çıxması barədə bəyanat yayılıb

Son yeniləmə: 19 yanvar, 2013 - 11:06 GMT
Rasim Balayev

AzərTAc agentliyindəki bəyanatda aktyor Kinematoqrafçılar İttifaqı rəhbəri Rüstəm İbrahimbəyovun “daha çox siyasətə” qoşulduğundan təəssüflənərək sırf yaradıcılıqla məşğul olmaq istədiyini bildirir.

Xalq artistinin imzası ilə bəyanat agentliyin internet səhifəsində cümə günü saat 22.03-də dərc olunub.

Yanvarın 16-da Rasim Balayev Kinematoqrafçılar İttifaqında vergilərdən yayınmaq ittihamı ilə bağlı istintaqa ifadə verib.

Kinematoqrafçılar İttifaqının sədri Klikləyin Rüstəm İbrahimbəyov istintaqı onun iştirakı ilə yaradılan yeni siyasi təşkilata "hakimiyyətin reaksiya"sı adlandırıb.

Təzyiq

Bizim Yol qəzetinə müsahibəsində Rüstəm İbrahimbəyov Rasim Balayevin addıma təzyiq altında getdiyini deyib.

«Bunu çox həyacanla qarşılamışam. Çünki səhər Rasim bir bəyanat vermişdi ki, iqtidar ziyalıları sındırmaq istəyir, təzyiq göstərir. Axşam, bu bəyanatdan 12 saatdan sonra tamam başqa bəyanat verdi. Rasim çox təmiz, saf adamdır. Deməli buna 12 saat nə dərəcədə təzyiq olunub ki, bu belə bəyanatla çıxış etməyə məcbur olub. Saat 6-da işdən gedəndə mən onu görməmişəm, ancaq işçilərimiz deyir həmin Rasim idi, dəyişiklik yox idi. Deməli 6-dan 10-a qədər buna nə qədər təzyiq olub».

Yayımlanan bəyanatda mediadan məsələni siyasiləşdirməmək xahişi ilə yanaşı, Azərbaycan “həqiqətlərinin dünyaya çatdırılmasında” prezident yanında olmağa çağırış əks olunub.

“Mən bir Azərbaycan ziyalısı və kino sənətinin inkişafında rolu olan şəxs kimi hesab edirəm ki, həqiqətən hər bir ziyalı lazım gəldikdə millətinin, xalqının sözünü deməyi bacarmalıdır. Lakin bu gün dünyada Azərbaycan Respublikasının uğurlarını gözü götürməyən, hər addımda Azərbaycanı özündən asılı görmək istəyən qüvvələrin kifayət qədər çox olduğu bir dövrdə hesab edirəm ki, hər bir Azərbaycan ziyalısının borcu möhtərəm cənab Prezidentin səsinə səs vermək, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında onun yanında olmaqdır. Bu vəzifə üçün isə hər kəs öz sahəsində bilik və bacarığını ölkəmizin inkişafına yönəltməlidir”.

Azərbaycan Kinematoqrafçılar İttifaqının Facebook səhifəsində istefa bəyanatı ilə bağlı məlumat verilmir.

Mövzuya aid

Mövzular

BBC © 2014 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.