BBC navigation

Binə aksiyası: saxlanılan və xəsarət alanlar var

Son yeniləmə: 19 yanvar, 2013 - 16:18 GMT
Bina aksiyası

Mağazaların icarə qiymətinin qalxması ilə yanaşı digər ödənişlərin artırılmasına etiraz edən ticarətçilərin aksiyaları zor gücü ilə dağıdılıb.

Aksiyaya bir neçə yüz adamın qatıldığı bildirilir.

Daxili İşlər Nazirliyi BBC Azərbaycancaya aksiyada "bir qrup" sahibkarın iştirak etdiyini deyib.

"Bir qrup adam, 60-70 nəfər sahibkar idi", nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov deyib.

Hadisə ilə bağlı xuliqanlıq və hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə maddələri ilə cinayət işi başlanıb.

Xəsarət alanlar var

Aksiya iştirakçıları və polis əməkdaşları arasında xəsarət alanların olduğu bildirilir.

Təhlükəsizlik qüvvələri gözyaşardıcı qaz və dəyənəklərdən istifadə ediblər.

Qaradağ rayon Polis İdarəsində APA-ya 30 nəfərin saxlanıldığını bildiriblər.

Qaradağdakı 10-cu polis şöbəsinə baş çəkən vəkillərlə fəallar isə yalnız bir mənbəyə istinadən 71 nəfərin saxlanıldığını deyiblər.

Bu məlumatı BBC Azərbaycancaya bildirən N!DA vətəndaş hərəkatı idarə heyətinin üzvü Turqut Qəmbər "içəridən yeni məlumat" gözlədiyini deyib.

"Hazırda vəkilləri içəri buraxmırlar, biz məlumat gözləyirik".

Hüquqi qiymət

“Aksiyada iştirak edən şəxslər arasında saxlanılanlar var. Onların dəqiq sayını deyə bilmərəm. Lakin onu deyə bilərəm ki, hadisəyə mütləq hüquqi qiymət veriləcək, qanunu pozan şəxslər cinayət məsuliyyətinə cəlb ediləcəklər”, APA agentliyinə Daxili İşlər Nazirliyin nümayəndəsi Səhlab Bağırov bildirib.

DİN nümayəndəsi aksiya iştirakçılarına qarşı rezin güllələrdən istifadə olunması barədə məlumatları təkzib edib.

Yol açılıb

Bakı vaxtı ilə saat 13:00 radələrində Bakı-Salyan yolu ilə hərəkət bərpa olunub.

Ticarət Mərkəzinə gedən magistral yolun Şıx qəsəbəsi ərazisindəki hissəsi polis qüvvələri tərəfindən nəzarətə götürülüb, APA xəbər verir.

Binə akiyası icazəsiz toplaşmaq üçün daha sərt cərimələrin tətbiqini nəzərdə tutan qanunun qüvvəyə minməsindən sonra sayca ikinci etirazdır.

Fevralın 12-də əsgər ölümlərinə son qoyulması tələbilə Bakıda keçən aksiya vaxtı saxlanılanlara Klikləyin qarşı cərimələr tətbiq olunub.

Reaksiya

Binədəki olaya münasibət bildirən Ümid Partiyasının sədri aksiya iştirakçılarına göstərilən zorakılığı pisləyib.

“Qafqazinfo” saytındakı videoaçıqlmada millət vəkili İqbal Ağazadə deyib ki, olay problemin "adekvat çözülmədiyinin" göstəricisidir, və hökumət öz işinin öhdəsindən gəlmədiyi təqdirdə yeni iqtidara yol açmalıdır.

"Hamının istəyi birdi, Azərbaycanda demokratik, azad, qanunlarla idarə olunan dövlət yaransın. Bu gün hakimiyyətdəsənsə bu görəvi yerinə yetirməlisən. Bu vəzifənin öhdəsindən gələ bilmirsənsə, artıq düşünməlisən və problemi həll edə bilmədiyin üçün hakimiyyətdən getmək və Azərbaycanın problemlərini həll edə biləcək yeni iqtidarın formalaşmasına şərait yaratmalısan".

Mövzuya aid

Mövzular

BBC © 2014 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.