BBC navigation

Ermənistan Şahmat Federasiyasının fəxri vitse-prezidenti "Bakıya gedəcək"

Son yeniləmə: 21 yanvar, 2013 - 10:21 GMT
Ermənistan şahmat federasiyası

FIDE Prezident Şurasının Birinci İclası Ermənistanın Tsaxkadzor şəhərində keçirilib.

Ermənistan nümayəndəsi, Ermənistan Şahmat Federasiyasının fəxri vitse-prezidenti Vanik Zaxaryan fevralda “müfəttiş səfəri ilə” Bakıya gedəcək.

Bu barədə Ermənistanın Tsaxkadzor şəhərində mətbuat konfransı zamanı Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov deyib.

Onun sözlərinə görə, Vanik Zaxaryan 2016-cı ildə Azərbaycan paytaxtında keçiriləcək Şahmat Olimpiadası Təşkilat Komitəsinin rəhbər üzvlərindən biridir.

Kirsan İlyumjinov Ermənistan nümayəndələrinin Şahmat Olimpiadasının Azərbaycanda keçirilməsinə qarşı çıxış etdiklərini xatırladaraq səsvermə zamanı olimpiadanın Bakıda keçirilməsi qərarının az qala yekdilliklə qəbul olunduğunu bildirib.

“Biz Beynəlxalq Olimpiya Komitəsi tərəfindən 1999-cu ildə tanınmış bir təşkilatıq və Olimpiya Xartiyası bizə də şamil olunur. Azərbaycan FİDE-nin tamhüquqlu üzvüdür. Olimpiadanın hansı ölkədə keçiriləcəyi məsələsi müzakirə ediləndə həmin ölkədə iqtisadi və siyasi vəziyyəti nəzərə almırıq. Əksinə, biz bir ailəyik və FIDE keçirdiyi tədbirlərin müəyyən siyasi, iqtisadi və başqa məsələlərin həlli yollarının tapılmasına kömək etməsinə çalışır”, İlyumjinov deyib.

FIDE Prezident Şurasının üzvləri Ermənistanı Bakı Şahmat Olimpiadasında iştirak etməkdən çəkinməməyə çağırıblar.

İlyumjinov hesab edir ki, Ermənistanın şahmatda uğurları onu Olimpiadada iştiraka daha da həvəsləndirməldiir.

Onun sözlərinə görə, “kiçik Ermənistan şahmat üzrə böyük nailiyyətlərə çatıb” - son 4 Şahmat Olimpiadasından üçünün qalibi Ermənistan komandası olub.

Ermənistan məktəblərində şahmat dərslərinin tədris edilməsi haqqında qanun qəbul olunub. Şahmatın tədris və təbliğ edilməsi isə FIDE-nin əsas vəzifələrindəndir.

FIDE Prezident Şurası Ermənistanda Beynəlxalq Şahmat Akademiyası tikmək məsələsini də müzakirə edib və bu məqsədlə FIDE tərəfindən Ermənistana 100 milyon dollar ayrılacağı bildirilib.

FIDE Prezident Şurasının Birinci İclası Ermənistanın Tsaxkadzor kurort şəhərində yanvarın 19-dan 21-dək davam edib. İclasda Beynəlxalq Şahmat Federasiyasının 23 üzvü və 20 ölkə şahmat federasiyalarının nümayəndələri iştirak edib.

İclasın açılışında Ermənistan prezidenti, Ermənistan Şahmat Federasiyasının prezidenti Serj Sarkisyan nıtqlə çıxış edib və qonaqları salamlayıb.

BBC © 2014 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.