BBC navigation

Ermənistan: prezidentliyə namizəd aclıq elan edib

Son yeniləmə: 22 yanvar, 2013 - 16:10 GMT
Andrias Ğukasyan

Prezident namizədi politoloq, “Hay FM” radiostansiyasının direktoru Andrias Ğukasyan “Ermənistanda vətəndaşların seçki hüquqları tapdalandığına görə“ yanvarın 21-də, rəsmi seçki kampaniyasının ilk günü, müddətsiz aclıq aksiyasını elan edib.

Etiraz aksiyasını keçirmək üçün Andrias Ğukasyan Ermənistan Milli Məclisi ilə üzbəüz və prezident sarayından bir qədər aralı yerləşən Ermənistan Elmlər Akademiyası binasının tinini seçib.

Namizədin yanındakı şüarların üzərinə erməni və ingilis dilində “saxta seçkilərə son qoymaq” tələbi yazılıb.

O, prezident Serj Sarkisyanın başçılıq etdiyi hakim Respublikaçılar Partiyasını hakimiyyətdən sui-istifadə etməkdə və seçkiləri saxtalaşdırmaqda ittiham edir.

Ötən həftə Andrias Ğukasyan Mərkəzi Seçki Komissiyasına müraciət edərək prezident Serj Sarksyanın namizədliyinin etibarsız tanınmasını tələb edib və tələbi qəbul olunmasa, aclıq elan edəcəyini bildirib.

Andrias Ğukasyan ötən seçkilərdən sonra Konstitusiya Məhkəməsinin hakim partiya tərəfindən seçicilərin məcbur edilməsini qeyri-qanuni tanıyan və seçkiləri mənasız hesab edən heç bir qərar çıxarmadığını qeyd edir.

Azad seçki

“Seçkilər azad şəraitdə keçmirsə, seçki deyil. Bizim ölkədə seçkilərin nəticələri həmişə mübahisə edilib, lakin bunun heç bir əhəmiyyəti olmayıb. Yəni demək olar ki, bütün hüquqi üsullar tükənib“, deyə Andrias Ğukasyan etiraz aksiyasına başlayıb.

Onun sözlərinə görə, hakim partiya xalqı öz gələcəyini seçmək imkanından məhrum edib: “Buna görə də mən aclıq vasitəsilə xalqımızın və dünya birliyinin diqqətini Ermənistandakı saxta seçkilərə cəlb etmək istəyirəm”.

Andrias soyuq havada aclığa tab gətirəcəyinədək aksiyanı davam edəcəyini bildirir.

Prezident seçkiləri fevralın 18-də keçiriləcək.

Andrias Ğukasyandan və prezident Serj Sarkisyandan başqa, seçkilərdə daha 7 namizəd iştirak edir: Milli Müqəddərat Birliyinin lideri Paruyur Hayrikyan; Jaranqutyun (İrs) Partiyası idarə heyətinin rəhbəri, sabiq Ermənistan xarici işlər naziri Raffi Hovhannisyan; Azadlıq Partiyasının lideri, Ermənistanın sabiq baş naziri Hrant Baqratyan; tanınmamış Dağlıq Qarabağ Respublikasının sabiq xarici işlər naziri, politoloq Arman Melikyan; Milli Həmrəylik Partiyasının sədri Aram Harutyunyan və inşaatçı-mühəndis Vardan Sedrakyan.

BBC © 2014 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.