Strasser: müzakirələr məni dəhşətə gətirdi

Fotonun müəllifi coe.int

Avropa Şurası Parlament Assambleyasının iclasında müzakirə olunan, Christoph Strasserin "Azərbaycanda siyasi məhbuslar məsələsinin ardı" hesabatı qəbul edilməyib. 79 deputat hesabatın lehinə, 125 əleyhinə səs verib.

"Mənim mandatımın bu şəkildə sona çatması Parlament Assambleyasının bütövlükdə məğlubiyyətidir", Strasser müzakirələrdən sonra mətbuat konfransında bəyan edib, BBC Azərbaycanca müxbiri Leyla Nəcəfli Strasburqdan xəbər verir.

"Debatların necə keçməsi və müzakirələrdə deyilənlər məni dəhşətə gətirdi", o deyib.

"(Səməd)Seydovun son sözləri çox şeydən xəbər verir - bu Avropa Şurası Strasserə məxsus deyil, mənə məxsusdur demişdi- bu gün yaşadıqlarımız bu sözlərin sübutudur", o deyib.

"Mən heç vaxt terrorçuları və zorlayanları siyasi məhbus siyahısına daxil etmərəm, amma o insanların da ədalətli məhkəməyə ehtiyacı var", Strasser deyib.

Müzakirələr zamanı Strasserin sənədini dəstəkləməyən fransalı deputat Mariani deyib: “Cinayət törətmək istəyən islamçılar siyasi məhbus sayıla bilməz”.

"Belə məlum oldu ki, qarşımızdakı vəzifə və müzakirə olunan məsələ ilə heş bir əlaqəsi olmayan ittifaqlar qurulub", Strasser əlavə edib.

O hesab edir ki, avropalı deputatlara təsir etmək cəhdlərinin olduğunu düşünür. "Mənim fəaliyyətimlə bağlı məktublar göndərilib, həqiqətə uyğun olmayan məlumat yayılıb. Mənsub olduğum partiyaya mənim yaxşı üzv olmadığım haqda məktublar göndərilib. Siyasətdə olduğum 40 il ərzində görmədiyim təzyiqlə üzləşdim".

"Kürü diplomatiyası" haqda iddialarla bağlı isə o deyib ki, heç bir dəlil gətirə bilməz, "lakin həmin hesabatda göstərilənlər həqiqətə uyğundursa, bu yanlış bir haldır".

"Məndə bir çox şübhələr olsa da, sübüt yoxdur. Burada bir çox “əl əli yuyar, əl də üzü” prinsipi üzrə işlər baş verir.

"Son 8 ildə mövcud olan ittifaqlar demokratiyanı sual altına alıb", o deyib.

"Dünyada baş çəkmək istədiyim bir çox gözəl ölkə var. Lakin Azərbaycan bu ölkələrdən biri deyil”, Strasser "Azərbaycana getmək istəyirsinizmi" sualına cavab olaraq deyib.

O, eyni zamanda bildirib ki, ora gedib "görüşmək istədiyim adamlarla görüşüb , danışmaq istədiyim şəxslərlə danışmaq istəyirəm".

Agramunt/Grech

Həmməruzəçilər Pedro Agramunt və Joseph Debono Grechin "Azərbaycan tərəfindən öhdəliklərin və vəzifələrin yerinə yetirilməsi" məruzəsi isə qəbul edilib.

Agramunt və Grechin məruzəsi isə 196 səs toplayıb.

Polşadan deputat Iwinski deyib ki, “problemlərə baxmayaraq, əminəm ki, Azərbaycan öhdəliklərini yerinə yetirmə səylərini davam edəcək”.

Deputat Legendre isə, Ermənistan və Türkiyə arasındakı problemlər və Azərbaycanda həbs edilmiş jurnalistlər və fəallar barədə məsələləri qeyd edib.

Schuster: “Biz Strasserin ölkəyə buraxılmamasına xoşgörülü yanaşa bilmərik. Hər iki məruzə bir-birini tamamlayır. Biz ikisini də dəstəkləyirik”.

O, həm də deyib ki, Azərbaycanda siyasi məhbuslar barədə məruzənin yazılmasını Assambleya istəyib.

Macarıstandan Gaudi Nagy, “Siyasi məhbuslar haqqında bütün məlumatı təkrar nəzərdən keçirmək lazımdır. Mən bu hesabatı dəstəkləyə bilmərəm”.

Ermənistandan Rustamyan hər iki sənədi dəstəkləyib: “Yalnız siyasi məhbusları olmayan, hökümətə dəyişiklərə şərait yaradan ölkə demokratik sayıla bilər”.

Azərbaycanlı deputat Səməd Seyidov Avropa ailəsinin dəyərlərindən danışılmasını istəyib. “Strasserin hesabatında elə adamlar var ki, mövcud deyillər”.

Rusiyadan Slutsky Azərbaycandakı vəziyyətin yaxşılaşdığını deyib: “Biz ikinci hesabatı dəstəkləyə bilmərik”

Ermənistandan digər deputat Hovhannisyan bildirib: "munaqişə - digər sahələrdə olan problemlərə haqq qazandirmir."İnsan haqlarına əhəmiyyət vermək munaqişənin həllində vacibdir".

Seçki müşahidəçisi Pourbaix Lundin isə, müğənni “Loreenin Eurovision zamanı nəyisə dəyişdirdiyini deyib.

“Şəhərdə şəkil çəkəndə 3 dəfə polis məni saxlayıb, diplomat pasportunu göstərməsəydim məni həbs edərdilər”.

Christoph Strasserə Azərbaycanda "siyasi məhbusların vəziyyətinə dair" hesabatını hazırlamaq məqsədilə Bakıya getməsi üçün viza verilməyib.

Azərbaycanlı deputat Rzayev, Agramunt və Grechin Azərbaycanın AB qarşısındakı öhdəliklərinə dair məruzəsini dəstəklədiyini deyib. Lakin o, Strasserin məruzəsinə etiraz edib.

“Biz siyasi məhbuslar məruzəsi ilə razılaşa bilmərik. Azərbaycanda rəy söyləmək cinayət deyil”.

Deputatlardan biri, Strasserin məruzəsinə qarşı olduğunu deyib. Amma deyib ki, “biz ölkəni bu məruzəyə görə qırağa qoya bilmərik, biz ona xoşgəldin etməli və geo-siyasi vəziyyəti nəzərə almalıyıq.

"Kürü yemək ziyandır"

Agramunt və Grechin məruzəsinin “elə bil Azərbaycan hakimiyyəti tərəfindən yazıldığını” deyən erməni deputat Zohrabyan qeyd edib: “çoxlu kürü yemək ziyandır”.

İtaliyadan Nessa isə radikal islamçıların Strasserin hesabatına daxil olmasını tənqid edib.

Öhdəliklər barədə hesabatı bəyənən moldovalı Ghiletchi “öhdəlikləri yerinə yetirməyə səyləri gücləndirilməsini” məsləhət görüb.

Azərbaycandan Sevinc Fətəliyeva Strasserin hesabatının “ona deyilənlərdən yarandığını” deyib.

Britaniyadan Hancock isə, bu həftə Eynulla Fətullayevlə Amnesty İnternational təşkilatının bir-birini “pisləməsini” misal çəkib.

“Amnesty-nin Fətullayev haqqında yaydığı bəyanat göstərir ki, siyasi məhbus adlananlar haqqında ehtiyatlı olmalıyıq”.

Türkiyə deputatı Dişli Azərbaycanın tərəfindən çıxış edib.

“Siyasi məhbuslar problemini həll etmək istəyiriksə, bütün dünyadakı problemi bir ölkə üzrə cəmləşdirmək düzgün deyil”.

"Ukrayna belə deyil"

Ukraynadan deputat Ariev Ukrayna və Azərbaycandakı vəziyyəti müqayisə edib.

“İlham Əliyevin əhv fərmanı göstərir ki, ölkənin inkişafını istəyir, Ukrayna belə deyil”.

Yunan deputat Bakoyyanis Strasserin hesabatının var olmasını anlamadığını deyib.

“Mən sadəcə başa düşmürəm ki, nəyə görə ikinci hesabat olmalıdır. 2-ci hesabata görə, birincinin əhəmiyyəti itir”.

Azərbaycan deputatı Hüseynov “konstruktiv tənqidlər”ə görə, ikinci məruzəni dəstəkləmir.

“Məqsədimiz demokratiya qurmaqdır. AŞ demokratiya məktəbidir və biz onun tənqidlərini, tövsiyyələrini qəbul etməliyik”.

Ukraynadan Sobolev isə Strasserin hesabatına qarşı səs verməyi yaxşı siqnal hesab etmir.

BBC Azərbaycancanın müxbiri xəbər verir ki, Parlament iclasında bir neçə deputat Magnitski qanunu haqqında söhbətləşib.

"Hamı öz işi ilə məşğul olsun"

İspan Nucla da eyni hesabatı düzgün hesab etmir: “İkinci hesabatda gələcəkdə ola bilən siyasi məhbuslar yer alıb”

Azərbaycandan deputat Hüseynli Strasseri “obyektiv, faktlar üzrə yazılan hesabat hazırlamağa çagırdığını” deyib.

Lixtenşteyndən Wohlowend bütün məruzəçilərə təşəkkür edib.

“Biz cənab Strasserə bu hesabatı hazırlamağa özümüz göstəriş vermişik”.

İrlandiyadan Leyden Strasserin hesabatında çoxlu səhvlər olduğunu qeyd edib, amma öhdəliklər barədə sənədi bəyənib.

“Monitorinq hesabatını dəstəkləməliyik, vacib sənəddir”.

Rus deputat Sidyakin hamını öz işi ilə məşğul olmağa çağırıb.

"Hakimiyyəti dəstəkləməyən kriminaldırsa, siyasi məhbusdurmu? Avropa məhkəməsinin işidir".

Strasser cavab verir

Strasser müzakirələr zamanı səslənən fikirlərə cavab verib.

"Bu hesabat konkret tədqiqatlar üzrə qurulub. "Hesabatıma yenə baxın. Şəriət qanunlarını istəyənləri siyasi məhbus adlandırmamışam".

O, bir neçə ildən sonra Azərbaycan barəsində bu məsələ ilə bağlı söhbətlərin bitməsini istədiyini deyib.

"Xodorkovski, Pussy Riot, Timoşenko adları burada tez-tez çəkilir, mənim hesabatımla az tanınan siyasi məhbuslar haqqında məlumatınız olacaq".

Həmməruzəçilər danışır

Azərbaycanın öhdəlikləri barədə həmməruzəçi Grech "xalqın və hakimiyyətin onların köməyinə ehtiyacı olduğunu" deyib.

"Hesabat qəbul olunsa, məsələ bitmiş olmayacaq. Azərbaycanın qabağında uzun yol var, amma tənqidlə məsələ həll olunmur".

Digər həmməruzəçi Agramunt: "Mən cənab Strasserin hesabatını dəstəkləyə bilmərəm, təəssüf ki".

O, Azərbaycan hökümətinin öna "əfv edilən siyasi məhbusların yenidən həbs olunmayacağına" söz verdiyini deyir.

"20 il ərzində birinci dəfədir görürəm ki, məruzəçi kolleqasına desin ki, mən hesabatınızı dəstəkləmirəm. Bu yolverilməzdir, cənab Agramunt", Almaniyadan olan deputat deyib.

Səsvermə

Hazırda AŞPA iclasında hesabatlara dair səsvermə keçirilir.

Səsvermənin nəticələrinə görə, Azərbaycan nümayəndələrinin təklif etdiyi heç bir düzəliş qəbul olunmayıb.

AŞ qarşısında öhdəliklər barədə hesabata təklif edilən 12-ci düzəliş qəbul olunub.

Bu düzəliş "Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsinə uyğun olaraq" ifadəsinin əlavəsini istəyirdi.

Agramunt və Grechin Azərbaycanın öhdəlikləri barədə monitorinq hesabatı 196 səslə qəbul edilib.

İndi isə Strasserin siyasi məhbuslar barədə hesabata səsverməyə qoyulub.

Azərbaycan nümayəndəsi Səməd Seyidov bu hesabatda bir çox düzəlişlərə qarşı çıxış edib, onların reallığı əks etdirməyini bildirib.

Strasserin hesabatı qəbul edilməyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş