BBC navigation

Heydər Əliyevin heykəli "bu həftə" Mexiko meydanından götürüləcək

Son yeniləmə: 23 yanvar, 2013 - 09:04 GMT

Azərbaycanın mərhum liderinin Mexiko şəhərindəki bürünc heykəlinin fəalların “diktator belə şərəfə layiq deyil” kimi şikayətlərindən sonra götürülməsi planlaşdırılır.

Meksika paytaxtının yeni meri Miguel Angel Mancera çərşənbə günü Heydər Əliyevin heykəlinin “Reforma" prospektindən bu həftə ərzində götürüləcəyini deyib.

"Biz heykəli bu həftə qaldıracağıq”, Mancera Formula radiosuna bildirib.

Ötən avqustda Azərbaycan səfirliyi iki parkın salınması və bu heykəlin yerləşdirilməsinə görə 5 milyon dollar ödəyib.

Lakin heykəlin varlığı, “bu abidənin Mahatma Gandhi və Martin Luther King kimi şəxslərin yanında yeri yoxdur” deyən fəalların qəzəbinə səbəb olub.

Əliyevi dəstəkləyənlər onu “Azərbaycanın Sovet Birliyindən müstəqilliyinin atası” kimi xatırlasalar da, tənqidçilər onu, 1993-2003-cü illərdə “müxalifəti əzən, rəqiblərini həbs etdirən və medianı diz çökdürən diktator” adlandırır, AP yazır.

Mancera qərarını “heykəl başqa yerə yerləşdirilməlidir” deyən xarici siyasət mütəxəssislərinin məsləhəti ilə verib.

Mer şəhər rəhbərliyinin yeni yeri razılaşdırmaq üçün Azərbaycan səfirliyi ilə danışıqları davam etdirəcəyini deyib. Heykəl sabiq mer Marcelo Ebrardın zamanında qoyulub.

Səfirliyin sözçüsü Azərbaycan diplomatlarının hələlik “heç bir qərar vermədiyini” desə də, danışıqların davam etdiyini təsdiqləyib.

Daha öncə BBC-ə müsahibəsində Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov Heydər Əliyevin "diktator" adlandırılmasına münasibət bildirərkən demişdi ki, "biz Heydər Əliyevə qarşı hər hansı təhqiri Azərbaycan xalqına qarşı yönəlmiş təhqir hesab edirik".

Bu qərar Meksika-Azərbaycan münasibətlərinə zərər vura bilər, belə ki, Azərbaycan Meksikaya yatırdığı sərmayələrə son qoyacağını deyib, BBC müxbiri xəbər verir.

Səfirliyin məlumatına görə, Azərbaycanın Meksikaya yatırdığı sərmayələrin məbləği 4 milyard dollara bərabərdir.

Meksikanın cronica saytında bir müddət əvvəl yayılmış məlumatda deyilirdi ki, Azərbaycanın Meksikadakı səfirliyi heykəlin gələcəyilə bağlı hökumətlə danışıqlar aparmağa nail ola bilməməsindən məyusdur.

Səfirlik həmçinin Meksika Xarici İşlər koordinatorunun "şəhərimizdə diktatorun heykəlinə yer yoxdur" sözlərinə etirazını bildirmişdi.

Azərbaycan səfirliyi heykəlin parkdan götürülməsilə bağlı hər hansı qərarın qarşısını almaq üçün heykəlin qaldırılmasını qadağan edən qərar çıxarması xahişilə məhkəməyə müraciət etmişdi.

Mövzuya aid

Mövzular

BBC © 2014 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.