BBC navigation

Azərbaycanın peyki barədə suallar

Son yeniləmə: 8 fevral, 2013 - 11:38 GMT
Ariane-5 raketi

Azərbaycan 8 fevral gecəsi kosmosa Azerspace-1/Afrikasat-1a adlı ilk süni peykini buraxıb.

Fransız Qvianasında Kuru kosmodromundan reallaşdırılan ucuş gecə saat 01.36 və 02.20 arasında baş verib.

Peykin adının Azerspace-1/Africasat-1a olmasının səbəbi, onun əhatə dairəsinə Orta Asiya, Avropa və Afrika regionunun da daxil olmasıdır.

Azerspace-1/Africasat-1a peykinin Azərbaycana və Qafqaz regionuna faydası nədir?

Telekommunikasiya peyki olan Azerspace-1-dən səs, məlumat bazası, internet, TV və radio yayım xidmətləri məqsədilə istifadə edilə bilər.

Peykin verəcəyi bir neçə qiqabitlik İnternet alternativ kimi fors-major situasiyalarda faydalı ola bilər.

Ümumilikdə isə, İnformasiya Kommunikasiyaları Texnologiyaları sektorunda texniki tərəqqiyə səbəb ola bilər.

Ekspertlərin fikrincə, Azərbaycanın kosmik resursların bölüşdürülməsində iştirak etməsi ölkənin imici baxımından önəmlidir.

Statistikaya görə, peykin orbitə çıxarılması infrastrukturuna 10 ölkə malikdir.

40-50 ölkənin özəl peyki var.

Azerspace-1 telekommunikasiya peykinin çatışmayan cəhətləri nədir?

“Peyk üzərinə biznes qurmaq, peyk resurslarının icarəyə verilməsi, çəkilən xərcə görə gəlir, peykin İnternet sürətinə təsiri və digər amilləri ekspertlər risklər və problemlər kimi qeyd edir.

Bu cür peyklər üçün gəlirli biznes qurmaq indiki dövrdə “olduqca problemlidir”. “Digər kosmik dövlətlər və şirkətlər tərəfindən Peyk bazarı çoxdan zəbt olunub”, informasiya texnologiyaları üzrə ekspert Osman Gündüz Facebook sosial şəbəkəsində fikirlərini bölüşüb.

Gündüzün sözlərinə görə, peyk resurslarının icarəyə verilməsi ilə bağlı hələki konkret müqavilə haqqında məlumat açıqlanmayıb.

Peykin cəmi 15 il ömrü olduğundan sərfəli müştəri tapmaq çətinləşə bilər.

İnformasiya Texnologiyaları naziri Əli Abbasov isə yerli mediaya deyib ki, peykin imkanlarının 20 faizi Azərbaycanın tələbatını ödəmək üçün, qalan 80 faizi isə kommersiya məqsədilə istifadə ediləcək.

Nazirin sözlərinə görə, peykin resurslarının 40 faizinin istifadəsi artıq müvafiq müqavilələrlə razılaşdırılıb.

Peyklə 1296 rəqəmsal TV kanalı yayımlana bilər. Bu o deməkdir ki, peykin 36 transponderi var, bir transporderin illik qiyməti bir milyon dollardır. Transponder siqnalların alınması və göndərilməsini həyata keçirən peyk qurğusudur.

Osman Gündüz deyir ki, peyk cəmi bir neçə qiqabit sürət verə bilər, bu səbəbdən ölkədə İnternetin inkişafına “ciddi” təsir edəcəyi məlum deyil.

Hazırda ölkədə 60 gigabit sürətli İnternet mövcuddur.

Peyk Azərbaycana neçəyə başa gəlib?

Peykin ərsəyə gəlməsi üçün 230 milyon manat xərc çəkildiyi deyilir.

Bu məbləğin 15 faizi dövlət büdcəsindən, qalanı kreditlərlə ödənilib.

Fransanın “COFACE” İxrac Kredit Agentliyindən 98 milyon ABŞ dolları və ABŞ İxrac-İdxal (US Em-İm) Bankının zəmanəti ilə BNP Paribas bankından 116.6 milyon ABŞ dolları məbləğində kreditlər götürülüb. Kreditlər müddəti on ildir.

Peykə nəzarət necə həyata keçirilir?

Rabitə peykinə nəzarət hüququ 2010-cu ilin mayında yaradılan və səhmləri dövlətdə olan “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinə məxsusdur.

Bu milli operator Cənubi Qafqazda ilk peyk operatoru olmaqla Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyindədir.

“Azərkosmos”un əsas Yerüstü Peyk İdarəetmə Mərkəzi Abşeronda, Bakı-Şamaxı şossesinin 38-ci km-də yerləşir.

Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzi isə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Nəhəcir adlanan ərazisində yerləşir.

Mövzuya aid

BBC © 2014 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.