BBC navigation

İsa Qəmbər: "Heydər Əliyevin Turqut Özalı öldürməsi iddiaları əsassızdır"

Son yeniləmə: 11 fevral, 2013 - 10:49 GMT
Turqut Özal

Türkiyənin 8-ci prezidenti Turqut Özalı Heydər Əliyevin zəhərləməsinə dair Türkiyədə səslənən iddiaları Azərbaycanın həm hakimiyyət, həm də müxalfət təmsilçiləri rədd edib.

Turqut Özalın 1993-cü ildə Azərbaycana səfər etdiyi dönəmdə Azərbaycan parlamentinin rəhbəri olmuş Müsavat Partiyasının başqanı İsa Qəmbər bu iddiaları "əsassız" adlandırıb.

Türkiyənin "Ülke TV" kanalında ötən şənbə gecəsi yayınlanmış "Sıradışı" verilişində Şərq-Qərb Araşdırmaları Mərkəzinin rəhbəri Ömər Özkaya iddia edib ki, "Türkiyənin keçmiş prezidenti Turgut Özalı Bakıda Heydər Əliyev bolqar xüsusi xidmət orqanlarının əli ilə zəhərləyib".

Azərbaycanın İstanbuldaki baş konsulu Həsən Zeynalov BBC Azərbaycanaya müsahibəsində bununla bağlı ittihamları "çox qeyri-ciddi iddia" və "sayıqlama" kimi dəyərləndirib.

Səfər zamanı Heydər Əliyev "ümumiyyətlə Bakıda olmayib", 1993-cü ildə Naxçıvanın Bakidakı daimi nümayəndəsi olmuş hazırkı konsul deyir.

"Sayıqlama"

Əbülfəz Elçibəy və Turqut Özal

BBC Azərbaycancaya müsahibəsində iddia müəllifi Ömər Özkaya deyib ki, "Heydər Əliyev Turqut Özala "xüsusi mövzu" ilə bağlı onunla görüşmək xahişi ilə" müraciət edib.

"Heydər Əliyevin görüş xahişi Turqut Özala, gecə istirahət etdiyi saatlarda çatdırılıb. Təkid olduğu üçün Turqut Özal Heydər Əliyevlə görüşməyə razı olur. Məhz bu görüş zamanı limonad içmək təklif edilib. Limonadın Özala kim tərəfindən təqdim olunduğunu bilmirəm, amma zəhərlənmənin Heydər Əliyev tərəfindən təskil olunduğu dəqiqdir" - Ömər Özkaya iddia edir.

"Bu iddia populyarlıq qazanmaq məqsədi ilə edilmiş sayıqlamadır", - Naxçıvanın Bakıdakı keçmiş təmsilçisi, hazırda Azərbaycanın İstanbul baş konsulu Həsən Zeynalov deyib.

İsa Qəmbər "əsassız söhbətlərdə münasibət bildirmək istəmədiyi üçün" məlumata geniş şərh verməkdən imtina edib.

O bununla bağlı yayılmış videogörüntünü BBC Azərbaycancaya belə şərh edib: "Özünüz görmürsünüz ki, bu, inandırıcı informasiya deyil?"

"Zəhərli limonad Özala Əliyevlə görüşü əsnasında verilib. Gecə gec saatlarda Özalla görüşmək istəyən Heydər Əliyevdir, ancaq o, zəhərli limonad verilməsindən xəbərsiz ola bilər. Yəni bu görüşün təşkilində Əliyevdən istifadə oluna bilər", Ömər Özkaya belə bir fikir də yürüdür.

İddia

İddia müəllifi məlumatının hər hansı araşdırmaya deyil, şifahi aldğı məlumata əsaslandığını etiraf edib. Onun sözlərinə əsasən, bununla bağlı məlumatı Turqut Özalın yaxın çevrəsində olan köməkçilərindən birindən öyrənib. "Mənbəmə güvəndiyim üçün bu baradə rahat danışıram" - deyir Ömər Özkaya.

Şərq-Qərb Araşdırmaları Mərkəzinin rəhbərinin fikrincə, "Əbülfəz Elçibəyin hakimiyyətdən devrilməsi ilə Özalın ölumü bir arada dəyərləndiriıdiyi zaman zəhərləndirilmənin səbəblərini görmək olar".

"1993-cü ilin aprelindən əvvəl imzalanacaq sənədlə İngiltərə Azərbaycan neftini dünya bazarlarına çıxaracaqdı. Azərbaycan Dövlət Neft Şirkətinin rəhbəri Sabit Bağırov sənədi imzalamaq üçün Londona gedir.

Bu arada Elçibəy ona daxil olmuş bir məlumatdan sonra dərhal Sabit Bağırovu arayıb sənədlərə imza atmadan təcili Bakıya qayıtmağı tapşırır. Bu qərar o qədər ani olur ki, Sabit Bağırovu otelin arxa qapısından qaçırmalı olurlar.

Əbülfəz Elçibəy Kələkidə olarkən öz komandasından olan Kamil Vəli Nərimanoğluna demişdi ki, bu hadisələr başımıza neft müqaviləsinə imza atmadığımıza görə gəldi.

Turqut Özal ölümündən əvvəl türk cumhuriyyətlərinə səfəri zamanı ortaq pul vahdinə keçilməsi, gömrük birliyi, viza sərbəstliyi və turizmin inkişafı məsələrini müzakirə etmişdi.

Bundan başqa, Turqut Özal hələ Bakıda ikən Türkiyə parlamenti Azərbaycanla Turkiyə arasında müdafiə sahəsində əməkdaşlıq haqda anlasmanı da müzkirə etdi. Bu sənəd xarici hərbi müdaxilə zamanı Azərbaycan və Türkiyənin bir-birinə dəstək verməsini nəzərdə tuturdu" - Şərq-Qərb araşdırmaları mərkəzinin rəhbəri Ömər Özkaya təhlilini bölüşür.

"Heydər Əliyev Bakıda ola bilməzdi"

Heydər Əliyev

Ramiz Yunus 1993-cü ilin aprelində Milli Məsclisin işlər idarəsinin müdürü kimi Turqut Özalın Azərbaycana səfərinin təşkilati məsələləri ilə yaxından məşğul olub.

BBC Azərbaycancaya müsahibəsində Ramiz Yunus Turqut Özalın Bakı səfəri zamanı Heydər Əliyevlə görüşün kecirilə bilmə ehtimalını "böhtan və boş söhbət" adlandırıb.

"Turqut Özalın Bakıya səfərinin təşkilati tərəfləri ilə məşğul olan şəxs kimi onun hava limanında qarşılanma mərasimində də, keçirdiyi da, bütün görüşlərində də iştirak eləmişəm. Heydər Əliyev Turqut Özalla bağlı tədbirlərin heç birində olmamşdı" - deyir Ramiz Yunus.

O, Heydər Əliyevin o vaxtkı statusunu da xatırladaraq deyib ki, "Naxçıvan Ali Məclisinin sədri vəsifəsinə görə həm də Azərbaycan Milli Məclis sədrinin müavini hesab olunduğundan, o, Bakıya ya ölkə rəhbərliyinin göstərişi ilə, ya da icazə ilə gələ bilərdi.

"Belə bir göstəriş və icazə isə olmamışdı. Heydər Əliyevin Naxçıvandan Bakıya bütün gəlişləri dövlət protokolunun tələbləri çərçivəsində olmuşdu" - Ramiz Yunus xatırlayır.

Səmra Özalın şübhələri

Turqut Özal 1989-93-cü illərdə Türkiyənin prezidenti olub.

1993-cü il aprelin 17-də Ankarada qəflətən vəfat edib.

Vəfatından bir neçə gün əvvəl - 4-15 aprel tarixləri arasında Orta Asiya respublikaları və Azərbaycana səfəri olub.

Azərbaycan səfəri 13-15 apreldə baş tutub.

Onun vəfatından sonra qəfil ölümünün müəmmalı olduğu barədə fikirlər yer almaqdadır.

İlkin rəsmi məlumatlarda onun ürək xəstəliyindən vəfat etdiyi bildirilmişdi.

Mərhum prezidentin ailəsi onun "zəhərlənərək öldürüldüyünü" hesab edir.

Hələ 2006-cı ildə Turqut Özalın xanımı Səmra Özal iddia etdiyi cinayətdə "Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin ətrafındakılarının əli olduğunu" deyib.

Xanım Özalın fikrincə, "Türkiyə hökuməti bilərəkdən şübhələri ört-basdır edərək məsələni araşdırmaq istəmir".

Turqut Özal əvvəlcə baş nazir, sonra isə prezident olduğu zamanlarda xanımı, demək olar ki, hər gün ölkə mətbuatının səhifələrində görünürdü - bəzən ziddiyyət doğuran şərhlərinə, bəzən isə davranışına görə mətbuat ona diqqət ayırırdı.

Ötən ilin noyabrında Türkiyə hökuməti Özalın məzarının açılaraq nəşinin təhlilinin keçirilməsi barədə qərar verib.

Outopsinin nəticələrinə əsasən, Özalın bədənində zəhərli kimyəvi maddələr aşkarlanıb.

Lakin mütəxəssislər bu zəhərin bədənə yemək-içməyinə qatılaraq ötürüldüyü, yoxsa ürəyindən əməliyyat keçirmiş mərhumun qəbul etdiyi dərmanların təsirindən toplandığına cavab tapa bilməyiblər.

Mövzuya aid

Mövzular

BBC © 2014 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.