BBC navigation

Azərbaycanda NDI-ın fəaliyyəti dayandırıla bilər

Son yeniləmə: 15 mart, 2013 - 14:24 GMT
Ramiz Mehdiyev

Azərbaycanda ABŞ Milli Demokratiya İnstitutu (NDI) fəaliyyətini dayandıra bilər, yüksək rütbəli rəsmi bunu istisna etməyib.

"Yerli mətbuatda ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aleks Qriqoryevsin ölkəmizdə ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş fəaliyyəti haqqında məlumat yayıldı. Əgər orada göstərilən faktlar təsdiq olunsa, biz bu qurumla əməkdaşlığımızı dayandırmalı olacağıq", Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev AzərTac xəbər saytına verdiyi müsahibədə bunu istisna etməyib.

O, jurnalist Eynulla Fətullayevin Haqqın.az saytında dərc olunan məlumata işarə edərək deyib ki, NDI-ın "Bakı nümayəndəliyi və onun əməkdaşları haqqında yayılan məlumatlar ciddi yoxlanılmalıdır".

Jurnalist Eynulla Fətullayev bir neçə gün əvvəl haqqin.az saytında dərc etdiyi yazıda Amerikanın Milli Demokratiya İnstitutunu Azərbaycanda "Facebook inqilabı" planı hazırlamaqda ittiham edərək qurumun rəhbəri Aleks Qriqoryevsin belə bir "inqilabı" maliyyələşdirmək məqsədilə bank hesablarından 2 milyon dollar çəkdiyini iddia etmişdi.

Facebook

Cənab Mehdiyev həmçinin Facebook və Twitter kimi sosial şəbəkələrin cəmiyyətdəki rolunu şərh edərək deyib ki, bu şəbəkələrdə siyasi fəaliyyət göstərən gənclər və "ictimai sabitliyi pozmaq istəyən qruplar sadəcə çağırışlar etmirlər".

O, bu iddianı Milli Təhlükəsizlik Nazirliyi və Respublika Baş Prokurorluğu tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində fəalların evlərində aşkar edilən “Molotov kokteyli”, narkotik vasitələr və külli miqdarda pul vəsaiti ilə izah edib.

Yerli televiziya kanallarında N!DA Vətəndaş Hərəkatının suçlanan üzvlərinin Klikləyin etiraf görüntüləri yayılsa da, Hərəkatın İdarə Heyəti həbsləri siyasi sifariş adlandırıb.

İstintaqa təsir edə biləcək şərh vermək istəmədiyini bildirsə də, cənab Mehdiyevi maraqlandıran - "heç bir yerdə işləməyən gənclərdə bu qədər narkotik vasitənin, pulun haradan olması"dır.

Sosial şəbəkələrə münasibət bildirən cənab Mehdiyev Klikləyin 2011-ci ildə İngiltərədə baş verən iğtişaşlardan nümunə gətirib.

"...Əsasən gənclərdən ibarət kütlələr sosial narazılıq zəminində Böyük Britaniyada iğtişaşlar törətdilər. Hakimiyyət, hüquq mühafizə orqanları repressiv metodlardan istifadə etməklə 2000-ə yaxın adamı saxladı, iğtişaşların təşkilatçıları olan gənclər məhkum edildi, internetə çıxış, Facebook, Twitter kimi sosial şəbəkələrə giriş məhdudlaşdırıldı", Prezident Administrasiyasının rəhbəri deyib.

Britaniyada baş verən iğtişaşlardan sonra Facebook-dan istifadə edərək iğtişaşlara çağırış edən bəzi gənclərə dörd ilədək həbs cəzası kəsilsə də, sosial şəbəkələrə və ya internetə çıxışın məhdudlaşdırılması halları müşahidə edilməyib.

QHT-lər

Beynəlxalq QHT-lərin Azərbaycandakı fəaliyyətinə münasibət bildirərkən isə Ramiz Mehdiyev onların mandatlarına zidd olan fəaliyyətlə məşğul olduqlarını deyib.

"Onlar rəsmi olaraq müəyyən qrant layihəsi elan edir, lakin reallıqda tamamilə başqa, bir çox hallarda dağıdıcı məqsədlər üçün vəsait ayırırlar", Ramiz Mehdiyev iddia edib.

Həmin şəbəkələrdən Azərbaycanda istifadə edənlər haqqında isə o deyib ki, ölkədə baş vermiş "ayrı-ayrı hadisələrə dair təxribat xarakterli çağırış edənlərin mövqeyi ictimai rəyi əks etdirmir" və ayrı-ayrı gənclərin "emosiyalarının məhsulu"dur.

Onun fikrincə sosial şəbəkələrdə "gənclərin dünyagörüşü radikallaşdırılır, onlar təşkilatlandırılır, pul hesabına qanunsuz tədbirlərdə iştiraka stimullaşdırılırlar".

Müsahibə ərzində cənab Mehdiyev həm müxalifəti, həm "saxta" QHT-ləri demokratiya və söz azadlığı kimi şüarlardan istifadə edərək "dağıdıcı fəaliyyətini ... pərdələməyə" çalışmaqda suçlayıb.

"Azərbaycanın milli təhlükəsizliyinə təhdidlər yarananda, hökumət hansısa addımlar atanda onların maliyyələşdirdiyi yerli müdafiəçilər, beynəlxalq havadarları dərhal hay-küy salır, birləşmək, söz azadlığının pozulduğunu iddia etməyə başlayırlar. Bəzən həmin saxta QHT-lər diplomatik müdafiədən də istifadə etməkdən çəkinmirlər."

Ayın əvvəlində ailə səbəblərinə görə Azərbaycana köçən insan haqları fəalı, Britaniya və ABŞ vətəndaşı Rebecca Vincent ölkəyə buraxılmaması haqqında açıqlama verib.

"Demokratiya naminə incəsənət" kampaniyasında gördüyü işinə görə ölkədən "faktiki olaraq" qovulduğunu bildirən xanım Vincent açıqlamasında deyib ki, ABŞ səfirliyi Azərbaycan hakimiyyəti ilə "danışıqlar aparmağa çalışırdı".

Mövzular

BBC © 2014 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.