Bir daha Mirzə Fətəli haqqında

Çingiz Hüseyn

Müstəqillik şəraitində Mirzə Fətəli ətrafında alovlu mübahisələr, görünür, uzun müddət sönməyəcək, bunu qırx il öncə duymuşdum, nəticədə ikidilli faciə-romanlarım yarandı: rus dilində “Fatalnı fatali” (1983, 2012), azəricə “Fətəli fəthi” (1986).

Hamıya məlum həqiqətdir: Mirzə Fətəlinin böyüklüyü onun fəaliyyətindədir, ilk dəfə xalqın dilində yazdığı altı komediya və “Aldanmış uldüzlar”in ümumbəşəri roman süjeti: təsadüfən şah seçilən demokrat ruhlu azadpərvər Yusif-sərrac camaatın xeyrinə çalışır, amma öz xeyrini düşünmək qabiliyyətindən məhrum xalqın maymaq saydığı şahı rədd edib “əsl” qaniçən zalım şahi taxtına qaytarir.

Amma Mirzə Fətəlinin dahiliyi onun dərindən dərin olan zidiyyətlərindədir. Və bu təkcə onun yox – xalgın, millətin, bizim hər birimizin zidiyyətləridir.

Yalnız bircəciyi barədə demək istəyirəm: inamla din arasında fəlsəfi münaqişə. Mirzə Fətəlinin “Kəmalüddövlə məktublarında” dinə aid iradlarını obyektiv-qərəzsiz sadalayıb sapa düzəndə görürsən ki, onun dediklərini biz çox zaman səthi izah etmişik, gah ateist kimi tərifləmiş, gah islamın düşməni kimi pisləmişik.

Onun qəbul etmədiyi inam, yəni kökü müqəddəs kitablara, həmçinin Qurana arxalanan mənəvi dəyərlər, əxlaqi-etik qayda-qanunlar yox, Quranı izahatlar və hərəkətlərilə saxlaştıran rəsmi din adamları idi.

Mirzə Fətəlidə Qurana zidd bir kəlmə də yoxdur, o, əslində yalnız dini təhrif edənləri atəşə tuturdu.

Quran savad-elm-təhsili, maarif işlərini, tərəqqini dəstəkləyir, vahid İlahinin digər dinlərini rədd, inkar etmir, demir gadınları qapalı saxla, yeniyetmə gıza evlən, daşqalaq edamının, terrorla günahsızları vurub-öldurmək cəhdlərin qəti pisləyirdi.

Mirzə Fətəli dinin mövhumatçılar tərəfindən siyasət alətinə çevrilməsinin, insanların avam vəziyyətdə saxlanılmasının əleyhinə idi. Yalnız bu baxımdan Mirzə Fətəli dinləri puç hesab edirdi.

Şəriət maddələrinin cüzi hissəsi Qurana arxalanır, əksər hallarda kökünü hədislər təşkil edir, yəni əsrlər boyu insanın dedikləri İlahinin kəlamları səviyyəsinə qaldırılıb, bu da Onun qarşısında böyük günahdır.

Əsl din, indiki dillə desək, korrupsiyaya, satqın məhkəməyə, rüşvətlərə, təzyiqlərə, həqiqəti tapdalayan yalanlara zidd olan sərbəst, müstəqil, əxlaq-ruh təmizliyi uğrunda, mənəviyyatın keşiyində duran və yalnız İlahiyə, onun dini kitablarına arxalanan inam olmalıdır.

İndi də davam edən, həllini tapa bilməyən daxili inamla rəsmi din arasındakı ziddiyyət!..