Vladimir Jirinovskinin bəyanatı Tacikistan parlamentini qəzəbləndirib

Tacikistan parlamenti Rusiya Dumasına Rusiya Liberal Demokratlar Partiyasının (RLDP) lideri Vladimir Jirinovski və baş nazirin müavini Dmitri Roqozinin dediklərinə qəti etirazını bildirən xüsusi müraciət göndərib.

Deputatların xüsusi sayıqlığına səbəb - cənab Jirinovskinin aprelin 18-də, "Poyedinok" televiziya verilişində etdiyi bəyanat idi. RLDP sədri çıxışında demişdi ki, Tacikistan Rusiya hərbi bazalarının icarə haqqını şişirdir və Rusiya bu ölkənin miqrant işçilərinə girişi yasaqlasa, əfqan islamçıları "Tacikistanı tapdalayacaqlar" və ölkə başçısı Emomali Rahmonu asacaqlar.

Müraciətdə deyilir ki, cənab Jirinovskinin bəyanatı - Tacikistan prezidentinə və xalqına təhqirdir.

"Son vaxtlar Rusiya KİV-lərində Tacikistana dair birtərəfli, nüfuzdan salan, iki dost ölkənin münasibətlərinə müvafiq olmayan fikirlər söylənilir", tacik deputların rusiyalı həmkarlarına ünvanlanan müraciətində deyilir.

Cənab Roqozin daha əvvəl bəyan etmişdi ki, Rusiyaya dəmir yolu ilə gedən Tacikistan vətəndaşları daxili pasportları ilə sərhədi keçirlər. Tacikistan Xarici İşlər Nazirliyi cavab olaraq qeyd edib ki, vətəndaşlar Rusiyaya biletlərini yalnız xarici pasportları ilə alırlar.