Rusiya: seçki monitorinqi təşkilatına 10 min dollarlıq cərimə

Moskva məhkəməsi QHT-lər haqqında yeni qanuna uyğun olaraq xarici agent kimi qeydiyyatdan keçməyən Qolos təşkilatına 10 min dollar ekvivalentində cərimə kəsib.

Hökümət bildirir ki, seçki monitorinqi üzrə təşkilat xaricdən maliyyələşdiyini bəyan etməyib.

Rusiyada ədalətli seçkilər üçün kampaniya aparan Qolos xaricdən pul aldığını inkar etsə də, Moskva məhkəməsi hökümətin lehinə qərar verib.

Qolos seçkilər vaxtı iddia edilən saxtakarlıq halları ilə bağlı sübutlar təqdim etmişdir.

Təşkilatın vəkili Ramil Axmetqaliyev BBC müxbirinə qərarın qanuna uyğun olmadığını deyərək şikayət edəcəyini bildirib.

Təşkilatın xaricdən maliyyələşdirildiyi barədə məlumat Federal Maliyyə Monitorinqi Xidmətindən daxil olub və ittihamlar Qolosun Andrey Saxarov adına Azadlıq Mükafatından aldığı pulla bağlıdır.

Təşkilat pulun qaytarıldığını bildirib.

Daha əvvəl təşkilatın direktor müavini BBC Rus Xidmətinə müsahibəsində “Qolos”un xaricdən maliyyələşdirilmədiyini deyərək Ədliyyə Nazirliyinin iddiasını siyasi sifariş adlandırıb.

Hüquq müdafiəçiləri hesab edirlər ki, xarici agentlər haqqında qanun, qeyri-kommersiya təşkilatlarını gözdən salmaq məqsədini daşıyır.

Bu barədə daha geniş