Tsarnayev qardaşları Nyu Yorkda partlayış hazırlayırmışlar

Image caption Bloomberg`in sözlərinə görə, Tsarnayevlərin növbəti hücum obyekti Nyu York ola bilərdi

Nyu York şəhərinin meri Michael Bloomberg Bostonda partlayış törətməkdə ittiham olunan Tsarnayev qardaşlarının artıq qalmış partlayıcı maddədən Times Square meydanında istifadə etmək istədiklərini bildirib.

Bloomberg, sağ qalmış Cohar Tsarnayevin Federal Təhqiqat Bürosu (FTB) agentlərinə verdiyi ifadəsinə istinadən, deyib ki, onlar Bostondan sonra Nyu Yorkda bomba qoymaq qərarına gəliblər.

Daha əvvəl polis komissarı Raymond Kelly jurnalistlərə bildirib ki, şübhəlilərdə tezbişirən qazandan düzəldilmiş bomba və daha beş partlayıcı qurğu aşkar edilmişdi.

Cümə günü isə Cohar Tsarnayev hospitaldan həbsxanaya köçürülüb, ABŞ polisi deyib.

Həbsxana

ABŞ Marşal Xidməti deyib ki, 19 yaşlı Tsarnayev Beth Israel Deaconess Tibbi Mərkəzdən Massachusetts ştatındakı Fort Devens həbsxanasına köçürülüb.

Cohar Tsarnayev bir həftə bundan əvvəl həbs olunandan xəstəxanada olub.

İstifadədən çıxarılmış ABŞ hərbi bazasında yerləşən həbsxana, xüsusi uzunmüddətli tibbi və ya ruhi diqqət tələb edən dustaqları müalicə edir, Associated Press xəbər verir.

Partlayışlarda yaralananların çoxu eynilə Beth Israel Deaconess Tibbi Mərkəzdə müalicə olunub və məlumata görə, partlayışı törətməkdə ittihamlanan şəxsin eyni xəstəxanada qalmasına qeyri-məmnun idilər.

Boston marafonunda aprelin 15-də iki partlayış nəticəsində üç nəfər ölüb, 260-dan çoxu xəsarət almışdır.

Raymond Kelly söyləyib ki, ötən həftə cuma axşamı günün axşam çağında qardaşlar avtomobil ələ keçirib, sürücünü girov götürüb və Nyu Yorka yollanmaq istəyiblər.

Lakin polis onların qabağını kəsə bilib, və Tamerlan Tsarnayev polislə silahlı qarşıdurmada öldürülüb, Cohar isə qaçıb, ancaq tezliklə tutulmuşdu.

Bu barədə daha geniş