ADNA-da öldürülən tələbələri anım zamanı üç gənc saxlanılıb

Azərbaycan Dövlət Neft Akademisayında (ADNA) 12 adamın ölümü ilə nəticələnən hadisənin qurbanlarını anmaq üçün institutun qarşısına toplaşmağa cəhd edən gənclər ADNA binalarının yaxınlığına buraxılmayıb, üç gənc isə saxlanılıb.

BBC Azərbaycancanın Bakıdakı müxbirinin verdiyi məlumata görə, saxlanılan şəxslər AXCP gənclər komitəsinin sədri Əbülfəz Qurbanlı və N!DA Vətəndaş Hərəkatının idarə heyətinin üzvü Turqut Qəmbər və Azad Gənclik Təşkilatından İlkin Rüstəmzadədir.

Gənclər bulvarda türk müğənnisinin bu günə planlaşdırılan konsertinin bulvarda keçiriləcəyi yerə gül düzüb.

Konsertin keçiriləcəyi əraziyə polis nəzarət edir. Müğənni Mustafa Çeçeli "Bakı" və Madridin "Atletico" komandaları arasında matçından öncə konsert verəcək.

Bu arada Türkiyə milli komandasının baş məşqçisi Abdulla Avcı və futbol veteranları Hakan Şükür və Rüştü Rəcbər mərhum prezident Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar çərşənbə günü veteran futbolçular arasında beynəlxalq yoldaşlıq oyununda iştirak etmək üçün Bakıya gəliblər.

Azərbaycanda hökumətin tənqidçiləri Heydər Əliyevin yubileyinə böyük hazırlıq işləri görüldüyü halda, ADNA hadisəsi qurbanlarının xatirəsinin yad edilməməsindən narazıdırlar.

Rəsmi məlumata görə, 2009-cu il aprelin 30-da Gürcüstan vətəndaşı Fərda Qədirov Akademiya binasına daxil olaraq, sonuncu mərtəbəyə qədər qarşısına çıxanlara atəş açıb.

Qədirov sonda özünü güllələyib.

Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi bildirib ki, Qədirov haqqında cinayət işinə xitam verilsə də, onunla əlaqəli şəxsləri müəyyən edib.

Hadisənin sifarişçisinin Gürcüstan vətəndaşı Mardun Qumaşyan olduğu iddia edilir və barəsində İnterpolla axtarış verilib.

Digər təqsirləndirilənlər - Nadir Əliyev, Cavidan Amirov və Nəcəf Süleymanova ömürlük, Ariz Qabulova isə on bir il həbs cəzası verilib.

Bu barədə daha geniş