Avropa Məhkəməsi: Yuliya Timoşenkonun həbsi qeyri-qanunidir

Avropa İnsan Haqları Məhkəməsinin qərarına əsasən Ukrayna məhkəməsi keçmiş Baş nazir Yuliya Timoşenkonu qeyri-qanuni olaraq həbs edib.

Çərşənbə axşamı verilən qərarda deyilir ki, məhkəmə Avropa insan haqları konvensiyasının 5-ci maddəsinin 1-ci, 4-cü və 5-ci bəndlərinin və 18-ci maddənin pozulduğunu yekdil şəkildə qəbul edib.

Xanım Timoşenkonun həbsdə olarkən onunla pis rəftar olunması barədə məhkəmə işi isə əksəriyyətlə rədd edilib.

"Məhkəmə hesab edib ki, həbs başdan əsassız və qeyri-qanuni olub", Strasburq məhkəməsi deyib.

Ukrayna məhkəməsi Yuliya Timoşenkonu 11 oktyabr 2011-ci ildə, Rusiya ilə imzaladığı qaz sazişində səlahiyyətlərindən sui-istifadə etməkdə günahkar hesab edərək, haqqında yeddi il həbs cəzası hökmü çıxarmışdı.

AP xəbər agentliyinin məlumatına görə, qərar verilən kimi Ukrayna hökümətinin rəsmisi məhkəmə otağını tərk edib.