Şəxsiyyət kultu: Gül bayramı, Heydəristan və digərləri

Gül bayramı
Image caption Hər il Gül Bayramı üçün xaricdən güllərin ayrılmasına milyonlarla dollar xərcləndiyi bildirilir.

1993-cü ildə hakimiyyətə gələndən sonra və hətta 2003-cü ildə ölümündən sonra, Heydər Əliyev Azərbaycanda pərəstiş, hörmət və nifrət obyekti olub.

Ölkəni dəmir əllə idarə edən KQB generalı bir çox ad qazanıb: "ulu öndər", "dahi siyasətçi", "Azərbaycanın Günəşi" və sairə. Amma rəsmi olaraq o, Azərbaycanın Ümumilli Lideridir.

Hökumətin tənqidçiləri deyirlər ki, onun şəxsiyyət kultu oğlunun hakimiyyətinə etimad yaratmaq üçündür.

Bu il cənab Əliyevin dünyaya gəlməsinin 90 ili tamam olur. İlin əvvəlində İlham Əliyev bu hadisənin Azərbaycanda "dövlət səviyyəsində geniş" qeyd olunması haqqında sərəncam imzalayıb.

Gül bayramı

İlham Əliyevin on ildən bəridir davam edən hakimiyyəti ərzində sabiq liderə mədhlərin sayı artıb, növləri isə genişlənib.

Onlardan biri olan və artıq ənənəvi olaraq hər il mayın 10-da keçirilən "Gül bayramı" cümə günü qeyd olacaq. Bəzi məlumatlara görə, bayram üçün xaricdən idxal olunan güllərə milyonlarla manat xərclənir və bu rəqəm hər il artmaqdadır.

Paytaxtın meri Hacıbala Abutalıbovun fikrincə, Əliyev bu təntənəyə layiqdir, çünki o, "xalqımızın və dövlətimizin xilaskarıdır".

"Heydər Əliyevimizin qiyməti qiymətsizdir. Ona görə də heç maliyyə haqında düşünmürük. Amma bu dəfə keçən ilə nisbətən iki dəfə yarım çox gül gələcək", cənab Abutalıbov AzadlıqRadiosuna deyib.

Uzun müddət Azərbaycanda fəaliyyət göstərən amerikalı jurnalist və yazıçı Thomas Goltz deyir ki, Heydər Əliyevi 1991-ci ildən tanıyırdı və onun Ümumilli Lider statusuna haqq qazandırır.

"SSRİ-nin dağılmasından dərhal sonra, Azərbaycan 'uğursuz dövlət'in əsl nümunəsi idi. (Çox vaxtı qəddar) qətiliyilə, Heydər Əliyev bu vəziyyəti dəyişdirə bildi və onun bu əməyi qiymətləndirilməlidir", o BBC Azərbaycancaya deyib.

"Qəddar qətilik"

Amma politoloq Ərəstun Oruclunun fikrincə, bu cür bayramların səbəbi, "mövcud iqtidarın ideoloji bazasının olmamasıdır".

Fotonun müəllifi Andres Lajous
Image caption Meksikada ucaldılan heykəl etirazlarla qarşılandı və açılışından bir neçə ay sonra yığışdırıldı.

"Hakimiyyət Heydər Əliyev amilini istismar edərək, öz fikrində guya ciddi piar həyata keçirir. Bu həm də Əliyevlər ailəsinin hakimiyyətinin davamlılığını təmin eləmək üçün ictimai rəyə Azərbaycan xalqının buna ehtiyacının olmasını yeritmək cəhdidir", cənab Oruclu BBC Azərbaycancaya deyib.

Amma Heydər Əliyev bayramları Azərbaycan sərhədlərinin kənarlarına, çox uzaqlara da sızıblar.

Serbiyada konsert keçirilir, Ukrayna paytaxtı Kiyevdə park açılıb. Ötən il Meksikada, Mahatma Gandhi və Martin Luther King kimi liderlərin yanında ucaldılan heykəl bir çox etirazlara səbəb oldu və bir neçə aydan sonra, gecənin yarısında yığışdırıldı.

Heydəristan

Bu qalmaqaldan sonra, Bakıda müxtəlif proyektlər üzrə işləyən fotojurnalist Amanda Rivkin onda olan şəkillərdən foto-esse hazırlamağa qərar verdi. Essenin adı - "Heydəristan"dır.

"Məndə olan şəkilləri - Heydər Əliyevin hər yerdə mövcud olan oxşarlığı, heykəli və ya xalçası olan şəkilləri bir yerə toplayıb belə bir albom yaratmağa qərar verdim", o BBC-ə deyib.

Əliyevin kultu, yaxın tarixin digər şəxsiyyət kultlarından bir qədər fərqlidir. Geosiyasi baxımdan Azərbaycana yaxın olanlardan, SSRİ-də İosif Stalin və "Türkmənbaşı" Saparmurat Niyazov adətən özünütəbliğdə və bu kultları özləri yaratmaqda suçlanırlar.

Azərbaycanda isə görünür ki, Əliyevin şəxsiyyət kultunu oğlu İlham Əliyev gücləndirir.

"Təəccüblü idi ki, (gördüklərim) prezidentin özünün deyil, atasının (şəkilləri) idi", Amanda Rivkin deyib və əlavə edib ki, regionda "avtoritar hakimiyyətin güclü ənənəsi" bu günə qədər davam edir.

Azərbaycanın Atatürkü?

Xaricdən gələnlərin çoxu gördüklərini Türkmənbaşı kultu ilə müqayisə edir. Amma ola bilsin Əliyevin Azərbaycan daxilində Türkmənbaşıya deyil, daha çox Mustafa Kamal Atatürkə - Türkiyə respublikasının banisi və birinci prezidentinə oxşadılması təəccüb doğurmur.

Atatürklə Əliyev müqayisəsini şərh edən Rivkin deyir ki, bu, "alma ilə portağal" müqayisəsinə bənzəyir.

"Digər tərəfdən isə demək olar ki, Atatürkün Osmanlı İmperiyasından az sonra milli xadim, xalqı birləşdirən biri kimi peyda olması, Heydər Əliyevin post-Sovet sferasında yüksəlməsinə bir qədər oxşardır. Amma önəmli fərqlər var: Heydər Əliyev Sovet sahəsində kök salmışdı, Atatürk isə Osmanlı keçmişinin bir hissəsi deyildi."

Ərəstun Oruclu inanır ki, bu cür bayramlar hökümətin davamlılığına zərərlidir: "Bu əhalidə əlavə qıcıq yaradır və hakimiyyətə etimadsızlığı artırır."

Ölkədə Əliyev ailəsi və əksər hallarda Heydər Əliyev haqqında mahnılar, yeni bir şey deyil: "El atası", "Xalq Heydər deyəcək", "Heydər ata" - onların bir qismidir.

Amma Thomas Goltz bütün bunların nəzərdə tutulan məqsədi yerinə yetirməyəcəyindən narahatdır. "Mən Heydər Əliyevə çox hörmət edirdim və edirəm, məncə onun irsi məsxərəyə çevrilsə, təəssüflənərəm", o deyir.

Bu barədə daha geniş