Tbilisidə gey yürüşü iştirakçılarına hücum edilib

Tbilisi

Gey yürüşü iştirakçılarına doğru hücuma keçən pravoslav fəallar polislə toqquşaraq mühafizə mühasirəsini yarmağa müvəffəq olublar.

Qarşıdurmaya müdaxilə edən polis yürüş iştirakçılarını avtobuslara mindirərək hadisə yerindən uzaqlaşdırıb, İmedi TV kanalı bildirir.

Televizya xəbərlərində avtobuslara minə bilməyən gey fəallarının yan küçələrlə qaçdığı nümayiş etdirilib.

On minə yaxın anti-gey fəal Tbilisinin mərkəzində gey hüquqlarının müdafiəsi üçün keçirilməsi nəzərdə tutulan yürüşə etiraz etmək üçün toplaşmışdır.

Homofobiyaya qarşı beynəlxalq günü qeyd etmək üçün bir neçə on fəalın toplaşacağı gözlənilir.

Gürcü Pravoslav Kilsəsi insanları qey yürüşünə etiraz etmək üçün küçələrə çıxmağa çağırıb.

İzdiham içərisində çoxlu gürcü keşiş var və polis nəzarəti güclüdür, BBC müxbiri Damien McGuinness Tbilisidən xəbər verir.

Gürcü Patriarxı deyib ki, homoseksuallıq xəstəlikdir və o, narkotikə alışqanlığa bənzəyir.

Patriarx hesab edir ki, gey hüquqlarının müdafiəsi üçün nümayiş keçirilməsi Gürcüstanda çoxluğun haqlarının pozulması deməkdir.

Gürcüstan hökuməti isə cinsi azlıqların hüquqlarına hörmətlə yanaşılmalı olduğunu deyib.

Kilsə rəhbərinin çağırışının ekstremistlər tərəfindən zorakı hücumlarla nəticələnmək riski olduğuna dair narahatlıqlar var.

Qərb diplomatları hakimiyyətin zorakılığın qarşısını aldığına əmin olmaq üçün yürüşdə iştirak edəcəklərini deyiblər.