Kadırov: İnstagramı tərk edirəm

Ramzan Kadırov

Ramzan Kadırov onun şəkillərinə verilən şərhləri başa düşmədiyi üçün İnstagram saytındakı hesabını bağlayacağını deyib.

“Siz bəzən korrupsiya ilə mübarizə aparıb rüşvətxorların cəzalandırılmasının tələb olunduğunu deyirsiz, lakin buna doğru real addımlar görəndə məmurun qanunsuz əməllərinin üstünü açan adamı qınamağa və müzakirə etməyə başlayırsız”, - Çeçenistan lideri saytdakı şərhlərdən bəhs edərək deyib.

O, şəkillərinə dair daxil olan rəylərdə konstruktiv tənqid və təkliflərin olmadığını bildirib.

“Boşboğazlıqdan savayı şərhlərinizin arxasında heç nə durmur. Buna görə də mən yəgin ki, İnstaqramdan çıxaraq bu və yaxud da digər məsələdə rəylərinizlə maraqlanmadan işləsəm daha yaxşı olar”.

Çeçenistan liderinin qərarı birmənalı qarşılanmayıb.

Bəzi müşahidəçilərə görə Kadırovun “inciməsinin” arxasında 2010-cu ildə futbol həvəskarı Yuri Volkovun qətlə yetirilməsində əli olan Bekxan İbraqimovla bağlı insident durur.

Çərşənbə günü sosial şəbəkə istifadəçilərinin diqqətini Kadirovun 5 il müddətinə məhkum olunmuş Bekxan İbraqimov və daha bir nəfərlə çəkdirdiyi şəkil cəlb edib.

Çeçenistan prezidentinin mətbuat katibi Alvi Karimov şəkildə şərti azadlığa buraxılmış İbraqimovun olduğunu təsdiqləyib.

Fotonu müşaiyət edən yazıda Ramzan Kadırov pasport almaqla bağlı problemlə üzləşən İbraqimovdan rüşvət tələb edildiyini bildirib.

İbraqimovdan rüşvət almaq istəyən şəxs vəzifəsindən azad olunub, Çeçenistan liderinin mətbuat katibi deyib.

Çeçenistan liderinin İnstagram hesabı fevral ayında açılıb və o vaxtdan bu yana onun izləyicilərinin sayı 135 minə çatıb.