Ermənistanda Yeni Hələb məhəlləsi salınacaq

armenian minister of diaspora hranush hakobyan
Image caption Diaspor naziri Hranuş Hakobyan 600 suriyalı erməni ailəsi üçün mənzillər tikiləcəyini bildirib

Ermənistanın Aştarak şəhərində suriyalı erməni qaçqınları üçün “Yeni Hələb” adlı məhəllə inşa ediləcək. Bu barədə Ermənistanın diaspor naziri Hranuş Hakobyan məlumat verib.

Bu məqsədlə Ermənistan hökuməti Aştarak şəhəri ərazisində 600 ailə üçün nəzərdə tutulan məhəllənin inşası üçün suriyalı ermənilərin problemləri ilə məşğul olan Koordinasiya Mərkəzinə 4,8 hektar sahə ayırmaq haqqında qərar qəbul edib.

Nazir Hakobyan tikintinin dövlət tərəfindən ayırılan və xeyriyyəçilərin vəsaitləri hesabına aparılacağını qeyd edib.

“600 ailə həmin məhəllədə mənzil almaq istədiyini və onların dəyərinin 50 faizini ödəməyə hazır olduğunu bildirib”, - nazir deyib.

Onun sözlərinə görə, hal hazırda daimi yaşamaq üçün Ermənistana təqribən 7 min suriyalı erməni köçüb.

Suriyanın erməni icması ən güclü diaspor qurumlarından biri hesab edilir və son zamanlaradək sayı 100 minə çatırdı. Ermənilər Suriyanın siyasi, sosial və mədəni həyatında əhəmiyyətli rol oynayır. Onların əksəriyyəti Hələbdə (60 min), Dəməşqdə, Lazkiyədə yaşayır.

Suriyada hərbi-siyasi vəziyyətin gərginləşməsi səbəbindən ermənilər tarixi vətənə köçməyə başlayıblar.

Suriyada hakimiyyətlə müxalifət arasında hərbi qarşıdurma 2011-ci ilin mart ayında başlanıb. BMT-nin məlumatına görə, bu müddət ərzində ölkədə təxminən 80 min adam həlak olub.