Ukrayna vergiçiləri “VKontakte” sosial şəbəkəsinin serverlərini müsadirə etdilər

V kontakte

“Vkontakte” sosial şəbəkəsinin rəhbərliyi bildirir ki, Kiyevdə Ukrayna vergi orqanları şirkətə məxsus serverləri müsadirə ediblər.

Şirkətin təsisçisi Pavel Durovun sözlərinə görə, müsadirə edilmiş avadanlığın qiyməti yarım milyon dollardır.

Durov özünün şəbəkədəki səhifəsində yazır ki, “nəticədə video və audio materiallar Ukrayna istifadəçiləri üçün gec yüklənir, belə ki, indi bütün məlumat birbaşa Peterburqdan ötürülür” .

Ukrayna müstəntiqləri “Evos” şirkətinin vergiləri ödəməməsi ilə bağlı məhkəmənin qərarı əsasında hərəkət etdiklərini bildirirlər. Onlar deyirlər ki, məhkəmə “Evos”da axtarış aparılmasına sanksiya verib.

Lakin “VKontakte” şəbəkəsinin texniki direktoru Nikolay Durov iddia edir ki, sözügedən şirkətin onlara aidiyyəti yoxdur.

Bu məsələdə qəribə görünən budur ki, Kiyev ofisində axtarış aparılmış Dataix hostinq firması məşhur Yandex, Mail.ru qrupu və RuTube kimi 200-dən çox şirkətə xidmət göstərir, lakin yalnız “VKontakte” şikayət edir.

“Hansısa haqq-hesablaşma”

Sosial şəbəkənin internet saytında yerləşdirilmiş axtarış orderindən görünür ki, sənəd iyunun 25-də imzalanıb, istintaq hərəkəti isə Kiyevin Desnyanski rayonunun dövlət vergi müfəttişliyi tərəfindən başlanıb.

“Məhkəmə qərara gəlib ki, Kiyevdəki Qaydar küçəsi 50 ünvanında yerləşən və “Dataix” MMC-yə məxsus xidməti və köməkçi otaqlarda axtarış aparılsın” – deyilir sənəddə.

Qərarda bu da qeyd olunur ki, “Evos” MMC-nin təsərüffat fəaliyyətinə dair sənədlərini saxlayan server də bu ünvanda yerləşir.

İstintaqın versiyasına görə bu sənədlərin arasında maliyyəyə aid fayllar da ola bilər.

“VKontakte” şirkəti barədə sənəddə heç nə yazılmayıb. Bununla belə, texniki direktorun dediyinə görə hostinq provayderinin ofisinə orderlə gəlmiş müfəttişlər apara biləcəkləri bütün avadanlığı, o cümlədən “VKontakte”nin serverlərini də götürüblər.

Texniki direktor ehtimal edir ki, serverlərin müsadirə olunması Ukraynanın hansısa telekommunikasiya şirkətləri arasında haqq-hesablaşmanın nəticəsidir.

Şirkətin direktoru Pavel Durov isə deyir ki, serverlərdə yalnız video və audio materiallar var və orada heç bir sənəd saxlanmır.

“Ümid edirəm ki, Ukraynanın nəzarət orqanları bu səlahiyyətləri aşma hadisəsi ilə bağlı operativ tədbir görəcək, - deyir direktor, - axı, milyonlarla Ukrayna istifadəçisi əziyyət çəkir”.

Yenə də səhv?

Nədəndirsə, “VKontakte” sosial şəbəkəsinin başına son vaxtlar qəribə və xoş olmayan işlər gəlir.

2012-ci ilin iyulunda qeyri-formal antipedofil təşkilatı – “Başovlayanlar” Daxili İşlər Nazirliyinə müraciət edərək “VKontakte”nin bağlanmasını rica etmişdi. Onlar həmçinin saytda pedofiliya və pornoqrafiyaya aid materialın yayıldığını iddia edərək, direktor Durovun həbsini istəmişdilər.

2013-cü ilin aprelində şirkətin Peterburqun mərkəzindəki ofisində və Pavel Durovun mənzilində axtarış aparılmışdı.

Müstəntiqlər bildirirdilər ki, guya Durov avtomobili ilə yol polisinə hücum edib.

Eyni zamanda qəzetlər onun tezliklə ABŞ-a mühacirət edəcəyi barədə məlumatlar yayırdı.

Pavel Durov bütün bu iddiaları rədd edirdi.

Sonradan Durova qarşı cinayət işinə xitam verildi.

Rusiya mətbuatı xəbər verir ki, son hadisələr “VKontakte” şirkətinin aksiyalarının 48 faizinin investisiya fondu tərəfindən alınmasına dair sövdələşmə ilə bağlı ola bilər.

Bu fondun Rosneft şirkətinin baş menecerinə məxsus olduğu və Durovun bu sövdələşmənin əleyhinə çıxdığı xəbər verilir.