Aeroport şossesində baş verən yol qəzasında üç adam ölüb

Bakı

Çərşənbə günü səhər saatlarında Bakıda aeroport şosesində baş verən yol qəzası nəticəsində üç adam ölüb, iki nəfər yaralanıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Xəzər rayonunda avtobus və iki minik avtomobilinin toqquşması nəticəsində bir avtomobilin sürücüsü və iki sərnişini hadisə yerində ölüb.

"1983-cü il təvəllüdlü Famil Yahya oğlu Adıgözəlov və 2 nəfər sərnişini hadisə yerində ölmüş və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmışdır", FHN-nin saytında deyilir.

APA-nın Suraxanı Rayon Polis İdarəsinə isnadən verdiyi məlumata görə, sərnişinlər - 1980-ci il təvəllüdlü Fariz Rəşid oğlu Məmmədov və 36 yaşlı Tahirə Əyyub qızı Məmmədovadır.

Məlumata görə 3 saylı Şəhər Klinik Xəstəxanası deyib ki, yaralılar İqtisad Universitetinin tələbəsi, 1995-ci il təvəllüdlü Vüqar Kərimov və 1988-ci il təvəllüdlü Elşən Kərimovdur.