Wikipediada “redaktə müharibələri”

George W. Bush
Image caption Din məsələləri qlobal miqyasda ən çox mübahisə doğuran mövzulardır.

Keçmiş ABŞ prezidenti George W. Bush və anarxizm mövzuları açıq internet ensiklopediyasının ingilisdilli nəşrinin ən çox redaktə mübahisələrinə səbəb olan mövzularıdır.

Bu faktı 10 nəşrdə səhifə redaktələrini araşdıran alimlər aşkar ediblər.

Bu da bəlli olub ki, bəzi mövzular lokal miqyasda müzakirə olunsa da, İsa peyğəmbər və Allah kimi mövzular qızğın qlobal mübahisələrə səbəb olub.

Oksford Universitetindən olan araşdırmaçılar Wikipedia səhifələrində “redaktə müharibəsinə” tez-tez girişən müəlliflərin düzəlişlərini öyrəniblər.

Bu düzəlişlər elə bir qaydada edilir ki, bir müəllifin redaktəsi dərhal başqa bir müəllif tərəfindən yenidən “düzəldilir”.

Gözləmək olardı ki, tez-tez dəyişən səhifələr, dəyişməkdə olan mövzulara aid olmalıdır.

Lakin reallıqda səhifələrin dəyişməsinə səbəb predmetin və ya hadisənin dəyişməsi yox, redaktə edənlərin hissiyatı olub.

Bu tədqiqat zamanı Wikipedianın 10 dildə nəşrlərinin milyonlarla səhifəsi öyrənilib.

Tədqiqat nəticəsində üzə çıxıb ki, ən ciddi redaktə çəkişmələrinə səbəb olan İsrail, Adolf Hitler, Holokost və Allah mövzularıdır.

Bundan əlavə müəlliflıər İsa peyğəmbər, Məhəmməd peyğəmbər, Xristianlıq mövzusunda daha çox çəkişirlər.

Səhifələrin analizi həmçinin yerli xarakterli redaktə çəkişmələrini üzə çıxarıb.

Məsələn, fransızdilli Wikipediada redaktorlar daha çox siyasətçi Segolene Royal barədə mübahisə edirlər.

Rumıniyada ən çox mübahisələrə səbəb olan mövzu Krayevo Universitetinin futbol komandası olub.