Şərqdə ilk opera bəstələyən qadın- Şəfiqə Axundova vəfat edib

Şərqdə ilk opera yazan qadın kimi tanınan bəstəkar Şəfiqə Axundova cümə günü səhəri vəfat edib.

89 yaşlı Axundova 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsində xroniki qan dövranı çatışmazlığı, hipertoniya və şəkərli diabet diaqnozu ilə müalicə edilirdi.

Bəstəkarın vəziyyəti iyulun 11-də Şəkidə olarkən qəflətən pisləşib. Şəki Mərkəzi rayon Xəstəxanasının xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Axundova sonradan paytaxta gətirilib.

ANS press yazır ki, onun vəziyyəti son günlərdə yaxşılaşsa da, 26 iyul 12 radələrində dünyasını dəyişib.

Məşhur Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun tələbəsi olmuş xanım Axundova 1924-cü ildə Şəkidə doğulub.

1972-ci ildə yazdığı "Gəlin qayası" operası ilə Şərqin ilk opera yazan qadın bəstəkarı kimi tanınıb.

İndiyə qədər onun beş yüzdən çox əsər- lirik mahnı və romans, uşaq tamaşalarının musiqiləri də bəstələdiyi deyilir.

Axundova 1998-ci ildə Azərbaycan Respublikasının Xalq Artisti adını, 2004-cü ildə isə "Şöhrət" ordeni alıb.